Azərbaycan beynəlxalq turizmin inkişafına öz töhfəsini verir

 

 XIX əsrin ikinci yarısında Avropada ayrı-ayrı həvəskarların təmsil olunduğu turizm müəyyən təşkilati forma almaq üçün, sözün əsl mənasında, "dağdan-dərədən", "eniş-yoxuşdan" keçib. 1857-ci ildə Londonda, dünyada ilk dəfə olaraq, həvəskarların Dağ Səyahət Birliyi (İngiltərə Alp Klubu) formalaşanda onun bugünkü səviyyəyə çatacağı barədə proqnoz vermək bəlkə də mümkün deyildi. Əsasən İsveçrə ərazisindəki Alp dağlarının öyrənilməsi məqsədi ilə yaradılan bu birlik İngiltərə alpinistlərinin Alpın zirvələrinə dəfələrlə qalxmalarına, Avstriya, İtaliya, Almaniya, Fransa kimi Avropa ölkələrində turizmin inkişafına təkan vermiş oldu. Bunun ardınca 1862-ci ildə Avstriya klubları da təşkil edildi ki, onların da əksəriyyəti dağlara səyahətin və bununla bağlı jurnallar nəşr etməklə, gələcəyin turizm sənayesinin əsasını qoymuş oldular. 1863-cü ildə Londonda nəşr edilən "Alpine journal" kimi turizmə həsr olunmuş çap məhsullarının sayı həmin əsrin sonlarında 30, klubların üzvlərinin sayı isə 120 min nəfərə çatdı. Avropa klublarının hamısı dağ rayonlarına səyahət edənlərə yardım etməklə yanaşı, həmin coğrafi məkanların relyefi, fiziki-iqtisadi göstəricilərini də öyrənmək, təbii sərvətlərinin tədqiqi, onlardan istifadə vəziyyətini araşdırmaq kimi mühüm məsəlləri də diqqət mərkəzində saxlayırdılar. Çünki XIX əsrin ortalarına qədər bu sahə, demək olar ki, diqqətdən kənarda qalmışdı. Bu da ondan irəli gəlirdi ki, o zaman uca dağlar, təbiətin əlçatmaz zirvələri haqqında məlumat olduqca az idi.

 Yeri gəlmişkən onu da qeyd edək ki, Qafqazda ilk belə klub ("Alp-Qafqaz klubu və təbiətşünaslıq həvəskarları cəmiyyəti") 1878-ci ildə Odessada yaranıb. Onun Bakı bölməsinin yaranmasının isə bu il mayın 29-da 102-ci ili tamam olacaq.

 

Turizmin yaranmasının və formalaşmasının tarixi keçmişinə qısa ekskursiya etməkdə məqsədimiz Bakıda aprelin 28-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində öz işinə başlayan "Aitf-2010" IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin əhəmiyyətindən və daşıdığı mahiyyətdən söz açmaqdır.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi "Sərgini ziyarət et, dünyanı kəşf et" devizi ilə üç gün ərzində keçirilən bu beynəlxalq tədbirin mahiyyəti olduqca böyükdür. Dünyanın 24 ölkəsindən 120 beynəlxalq dövlət və özəl sektoru təmsil edən şirkətlərin qatıldığı, 33 adda xidmətin təklif olunduğu sərgidə Azərbaycanın regional turizm sektorunun da geniş şəkildə təqdimatı bir daha ölkəmizdə turizm sənayesinin inkişafında mühüm irəliləyişlərin əldə edildiyini təsdiqləyir. Bütöv bir pavilyonun ölkəmizin istirahət zonalarının, sanatoriya və mehmanxanalarının ekspozisiyasına həsr edilməsi təsadüfi deyil. Diqqətçəkən məqamlardan biri də odur ki, sərgidə hər bir regionun özünəməxsusluğu duyulur, bölgələrimizin müxtəlif zəngin folkloru, mətbəxi və milli adət-ənənələri ilə yaxından tanışlıq imkanı əldə edilir.

Ərazisi ötən ilkindən 20 faiz artmış sərgiyə gələnlər Azərbaycan, Türkiyə, Gürcüstan, Malayziya, Yunanıstan, Özbəkistan, Çexiya kimi daimi iştirakçılarla yanaşı, bu ilin debütantları olan Hindistan, Mavriki adaları, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Misir, İtaliyanın da turizm imkanları və istirahət guşələri ilə tanış olur, əməkdaşlıq barəsində müzakirələr üçün seminarlarda iştirakdan məmnunluq ifadə edirlər.

On bir iqlim qurşağının doqquzunun qovuşduğu Azərbaycan hələ dünya üçün "açılmamış kitab, oxunmamış əsər"dir. Onun yeraltı və yerüstü təbii sərvətlərinin zənginliyi maraq doğurduğu qədər də vacib, əhəmiyyətli, iqtisadi inkişafın mühüm amillərindəndir. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Lerik, Masallı, Qarabağ, Şamaxı, Quba, Qusar, Xaçmaz, Qəbələ, Zaqatala, Qazax, Qax bölgələrinin turizm imkanlarının əks olunduğu pavilyonlarda sərginin əcnəbi qonaqlarının daha çox olması Azərbaycana, onun təkcə ecazkar təbiətinə deyil, həmçinin milli sərvətlərinə, tarixinə, milli-mədəniyyət abidələrinə maraqdan irəli gəlirdi.

Xüsusi ekspozisiya ilə təqdim olunan, Azərbaycanın ürəyi sayılan qədim Qarabağın dağlıq hissəsindəki ərazilərə məxsus maddi-mədəniyyət abidələrinin Ermənistanın işğalçı qüvvələrinin nəzarəti altında qalması və bu səbəbdən həmin ərazilərin vəziyyətinin acınacaqlı dərəcədə olması barədə əcnəbi iştirakçılara məlumatların elə onların öz dillərində çatdırılması ilk növbədə, haqq səsimizin daha başqa bir formada yayılması baxımından olduqca vacib və əhəmiyyətlidir.

 Turizmin Azərbaycan üçün vacib seçim olması barədə fikirlərini sərgi iştirakçılarına ünvanladığı təbrik vasitəsilə bölüşən BMT-nin Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Soltan Somoqiyin fikrincə, öz zəngin mədəni-tarixi irsi, canlı ənənələri, təbii gözəllikləri və millətinin qonaqpərvərliyinə görə, Azərbaycanı sözün əsl mənasında, beynəlxalq turizm üçün ən perspektivli və dinamik inkişaf edən, böyük potensiala malik mədəniyyət və turizm mərkəzi hesab etmək olar.

Tədbirdə təmsil olunan iştirakçılar bu sərgini yerli turizm biznesinin mövqeyinin möhkəmləndirilməsi üçün də qiymətli töhfə hesab edirlər. Adı çəkilən sərgi ilə əvvəlkilərini birləşdirən məqsədlərlə yanaşı, fərqli cəhətlər də diqqətdən yayınmır. Belə ki, əvvəlkilərdən fərqli olaraq, sərgi ərazisində quraşdırılmış informasiya köşklərində təqdim olunan çap məhsullarından və göstərilən rolik-çarxlardan istənilən məlumatları almaq mümkündür. Daha maraqlı olanı isə sərgini tərk etmədən Azərbaycanın paytaxtı, Avropanın inkişaf etmiş ölkələrinin mərkəzi şəhərlərindən seçilməyən, gözəlliyi ilə göz oxşayan qədim və müasir Bakı ilə tanış olmaq imkanlarının verilməsidir.

Qardaş Türkiyə Respublikasının "Aitf-2010" IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində ilk dəfə tərəfdaş ölkə qismində iştirakını təsadüfi hesab etmək olmaz. Çünki öz turizm imkanları ilə dünyada məşhur olan Türkiyə şirkətlərinin beynəlxalq sərgidə fəal təmsilçiliyi birbaşa vətənimizin turizm bazarına marağının ifadəsi kimi qiymətləndirilir.

Mütəxəssislər arasında işgüzar əlaqələri genişləndirəcək, respublikamızın regionlarında turizm xidmətlərinin keyfiyyətini artıracaq, Azərbaycanda bu sahənin bazasının inkişafına və möhkəmləndirilməsinə öz töhfəsini verəcək beynəlxalq sərgidən ancaq xoş təəssüratla ayrılmaq mümkündür. Çünki bu təəssürat həm də ölkəmizdə ilk dəfə olan sərgi iştirakçılarının nəzər-diqqətlərində, baxışlarında Vətənimizdən uzaqlara yol açacaq, onun haqqında, nəhayət, əsl həqiqətlər dilə gələcəyini düşünənlər var.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.-  2 may.- S.  6.