Azərbaycan-Türkiyə dostluq münasibətləri hüquqi sahədə də yüksələn xətlə inkişaf edir

 

Türkiyənin tanınmış hüquqşünas alimləri və qardaş ölkənin Ədliyyə Nazirliyinin məsul əməkdaşları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətində olmuşlar.

Görüş ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Hüquq elminin müasir problemləri" mövzusunda II Beynəlxalq konfrans çərçivəsində baş tutmuşdur.

Türkiyəli qonaqları səmimi salamlayan ədliyyə nazirinin müavini Toğrul Musayev təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu ədliyyə və məhkəmə islahatları barədə ətraflı məlumat vermişdir. T.Musayev ədliyyə sisteminin inkişafına böyük əhəmiyyət verən dövlətimizin başçısının Əhalinin Dövlət Reyestri Xidmətinin müasir üslubda inşa edilmiş inzibati binasının açılışında iştirakını vurğulamışdır.

Görüşdə Azərbaycan və Türkiyə arasında zəngin müqavilə-hüquq bazasının mövcud olduğu, hüquqi sahədə əməkdaşlığın yüksələn xətlə inkişafı qeyd edilmişdir.

Azərbaycanda ədliyyə və məhkəmə sahəsində aparılan islahatları böyük maraqla qarşılayan qonaqlar ən yeni elektron sistemlərin, iş metodlarının tətbiq olunduğu Xidmətin inzibati binasında qabaqcıl informasiya-kommunikasiya texnologiyaları və arxiv avadanlığı ilə yaxından tanış olduqlarını bildirmişlər. Qonaqlar bu tanışlığın onlarda yüksək təəssürat yaratdığını söyləmiş, əldə olunmuş nailiyyətləri təqdir etmişlər.

Sonra nazirliyin tarixi və müasir fəaliyyətindən, əhalinin dövlət reyestrinin formalaşdırılmasından bəhs edən filmlər nümayiş etdirilmiş, xatirə şəkli çəkdirilmiş, qonaqlara ədliyyə fəaliyyətinə dair xüsusi hazırlanmış bukletlər təqdim olunmuşdur.

Türkiyəli qonaqlarla Ədliyyə Nazirliyinin aparatında da görüş keçirilmişdir. Görüşdə ədliyyə və məhkəmə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ölkələrimizin müvafiq qurumları arasında elektron sənəd dövriyyəsinin həyata keçirilməsi, məhkəmə qərarlarının tanınması və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  4 may.- S.  5.