Xalq və iqtidar arasında daim güclənməkdə olan sarsılmaz birlik

 

Ölkə hakimiyyətinin həyata keçirdiyi siyasətə cəmiyyət tərəfindən verilən dəstək Azərbaycanı daha qüdrətli dövlətə çevirir

 

Sosial-iqtisadi inkişaf tempinə görə son altı ildə dünya lideri statusunu daşıyan Azərbaycan üçün xarakterik cəhətlərdən biri də sürətli demokratik tərəqqi, bu sahədə ən qabaqcıl dəyərlərin ölkəmizdə bərqərar olmasıdır. Siyasi, iqtisadi, sosial, mədəni və digər aparıcı sahələrdə paralel gedən tərəqqi həm də Azərbaycana Avratlantik məkana inteqrasiya prosesini daha böyük templərlə həyata keçirməyə imkan verməkdədir. Bununla yanaşı, ölkə hakimiyyəti tərəfindən həyata keçirilən islahatlar, insan haqlarının daim ön planda tutulması, vətəndaşların maraqlarının həm siyasi, həm maddi mənada təminatı üçün atılan konkret addımlar bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalqın mütləq əksəriyyəti tərəfindən tam dəstəklənməsinə gətirib çıxarıb.

 

Maddi rifah halı daim yüksələn xətt üzrə inkişaf edən Azərbaycan insanı öz hüquqlarını reallaşıdırmaqda, sərbəst seçimini etməkdə, söz və fikir azadlığından faydalanmaqda hər hansı problem yaşamır. Belə vəziyyət isə təbii olaraq hakimiyyət və xalq arasında yaşanan birliyi daha da möhkəmləndirir, onu hər hansı qüvvənin istənilən formada cəhdində belə sarsılmayacaq özüllər üzərində qurur. Çünki xalq öz iradəsi ilə formalaşdırdığı hakimiyyətin yalnız ona xidmət etdiyini, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu hər keçən gün daha da möhkəmləndirdiyini, dünyanın hətta ən aparcı ölkələrinin hesablaşdığı dövlət olduğunu aydın görür. Bunun nəticəsidir ki, xalqla hakimiyyət arasında sarsılmaz birliyin formalaşdığı Azərbaycanın inkişaf istiqəməti ilə bağlı ölkəmizdə fikir ayrılığına rast gəlinmir. Qeyd edilənlərlə bağlı Prezident İlham Əliyev Cəlilabadda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdir: "Maddi imkanlarımız artır, güc, siyasi iradə, xalqla iqtidar arasında birlik vardır. Ölkənin inkişafı, ölkə hansı istiqamətdə inkişaf etməlidir məsələsi ilə əlaqədar cəmiyyətdə fikir ayrılığı yoxdur. Biz müstəqilliyimizi gücləndirməliyik, müstəqil həyatımızı təmin etməliyik. Elə etməliyik ki, bütün dövrlərdə - bu gün, 10 ildən, 50 ildən sonra Azərbaycan xalqı Azərbaycan dövlətinin taleyini müəyyən etsin. Bunu etmək üçün biz güclü olmalıyıq. Güclü olmaq üçün biz ciddi çalışmalıyıq. Hər bir bölgədə, hər bir yerdə hər bir vətəndaş elə etməlidir ki, ölkəmizi öz zəhməti ilə gücləndirsin".

Real həqiqətdir ki, ölkə iqtisadiyyatının günü-gündən güclənməsinin gətirib çıxardığı əsas nəticələrdən biri də Azərbaycan insanının həm maddi rifah halının yüksəlməsi, həm də öz imkanlarını reallaşdıra bilməsi üçün lazımi şəraitlə təmin edilməsidir. Yəni, sürətli iqtisadi inkişaf nəticəsində ölkəmizdə insanların işlə təminatı kifayət qədər yüksək səviyyədədir, eyni zamanda, vətəndaşlar qanunvericilik səviyyəsində müəyyən olunmuş iqtisadi azadlıqlardan tam faydalanmaq imkanına malikdirlər. Burada vacib məqamlardan biri də ondan ibarətdir ki, vətəndaşların sərbəst iqtisadi fəaliyyəti üçün dövlət tərəfindən çox mühüm addımlar atılır. Məsələn, sahibkarlara güzəştli şərtlərlə böyük məbləğdə kreditlər verilir, fermerlərə subsidiyalar ayrılır, mineral gübrələri, yanacaq-sürtkü materialları onlara güzəştli şərtlərlə satılır və digər kömək göstərilir. Sənaye, kənd təsərrüfatı və digər iqtisadi sahələrdə məşğulluq səviyyəsinin yüksəlməsi üçün dövlət tərəfindən konkret proqramlar qəbul edilərək uğurla icra olunur.

Bunların məntiqi nəticəsidir ki, Azərbaycan nəinki MDB, eləcə də daha böyük sahəni əhatə edən coğrafi məkanda həyat səviyyəsinə görə liderlər cərgəsində yer alan dövlətlərdən biri kimi çıxış edir. Qeyd edilən fakt dünya miqyasında da dəfələrlə etiraf olunub. Məsələn, dünyanın nüfuzlu nəşrlərindən hesab edilən "İnternational Living" jurnalının ötən il üçün dünya dövlətlərinin kateqoriyalar üzrə reytinq göstəricilərinə dair hesabatında Azərbaycan MDB və region ölkələri arasında ən güclü iqtisadiyyata malik ölkə kimi xarakterizə edilib. Qeyd edək ki, jurnal həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələrini əhatə edib. Jurnalın açıqladığı reytinq göstəricisində Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə MDB və region ölkələri arasında ən yüksək nəticə əldə edib. Elə bu da bir daha ölkəmizdə yaşayış səviyyəsinin yüksək olduğunu faktiki olaraq təsdiq edir. Bu konteksdə qeyd edilməsi vacib olan mühüm məqamlardan biri də ölkəmizdə yoxsulluq səviyyəsinin azaldılmasıdır. Son beş ildə aparılan məqsədyönlü siyasət nəticəsində yoxsulluq səviyyəsinin 49 faizdən 11 faizə düşməsi də Azərbaycan iqtisadiyyatının inkişafının insanların həyat səviyyəsində necə əks olunduğunu əyani göstərir. Lakin dövlətin qarşısında duran əsas məqsəd ümumiyyətlə ölkəmizdə yoxsulluğun birdəfəlik ləğv olunmasıdır. Prezident İlham Əliyev Salyanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bununla bağlı bildirmişdir: "Mən istəyirəm ki, ümumiyyətlə, Azərbaycanda yoxsul və işsiz olmasın. İndi biz işsizliyin böyük hissəsini böyük şəhərlərdə həll etmişik. Xaricdən böyük şəhərlərə iş dalınca gəlirlər. Ancaq bölgələrdə hələ ki, işsizlik problemləri vardır. Əvvəlki illərdə bölgələrdən başqa ölkələrə işləmək üçün gedirdilər, bu gün Bakıya gəlirlər. Bu, əlbəttə ki, böyük addımdır. Amma elə etməliyik ki, ölkədə kifayət qədər iş yerləri olsun, insanlar bölgələrdə işləsinlər".

Dövlətin insanlara sosial qayğısının miqyası təkcə işsizlik, yoxsulluq problemlərinin həlli ilə məhdudlaşmayaraq daha geniş xarakter daşıyır. Məsələn, paytaxt Bakı da daxil olmaqla regionlarda yeni inşa olunan, yaxud əsaslı təmir edilən müxtəlif səhiyyə, təhsil, idman, mədəniyyət və digər obyektlərin istifadəyə verilməsi bugunkü Azərbaycan reallığını əks etdirən mühüm göstəricilərdən biridir. Özü də belə obyektlərdən əhalinin bütün təbəqələrinin istifadə edə bilməsi üçün onlar vətəndaşlara təmənnasız xidmət göstərir. Məsələn, açılışında Prezident İlham Əliyevin iştirak etdiyi və ən müasir standartlara cavab verən Cəlilabad diaqnostika mərkəzində bütün xidmətlər - müayinə, müalicə, bir sözlə, bütün əməliyyatlar pulsuz olacaq. Bu, Azərbaycanın başqa müxtəlif bölgələrində inşa edilmiş analoji mərkəzlərə, digər təhsil, idman və başqa sahələr üzrə fəaliyyət göstərən bir çox obyektlərə də şamil olunur. Qeyd edilənlər öz növbəsində bir daha Azərbaycan dövlətinin Azərbaycan insanına göstərdiyi qayğı və diqqətin nə dərəcədə yüksək olmasını bariz şəkildə nümayiş etdirir.

Ölkəmizdə insanların söz, fikir, sərbəst toplaşmaq azadlığından, sərbəst seçim imkanından, digər demokratik dəyərlərdən faydalanması üçün bütün imkanlar yaradılıb. Siyasi plüralizmin bərqərar olduğu bir şəraitdə medianın, vətəndaş cəmiyyətinin əsas atributlarından olan qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətində də hər hansı problem yaşanmır, əksinə, KİV-in, QHT-lərin daha da güclənməsi üçün dövlət tərəfindən müxtəlif yardımlar edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması və onların uğurlu fəaliyyəti də qeyd edilənlərin əyani sübutudur.

Bütün bunlar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən tam dəstəklənməsində mühüm rol oynamaqdadır. Həm də bu səbəbdəndir ki, ölkəmizdə xalqla hakimiyyət arasında sarsılmaz bir birlik formalaşıb. Xatırladaq ki, bundan əvvəl ABŞ-da yerləşən və dünya üzrə insan təbiətini və davranışlarını öyrənən "Gallup" təşkilatının ötən il elan etdiyi sorğunun nəticələrindən də məlum olmuşdu ki, postsovet məkanında Azərbaycan xalq tərəfindən hakimiyyətin siyasətinin dəstəklənməsinə görə lider mövqedən çıxış edir.

Beləliklə, qeyd edilənlər bir daha göstərir ki, Azərbaycanda ölkə rəhbərliyinə xalqın etimadı yüksəkdir və bu etimad daim yüksələn xətt üzrə inkişaf edir. Məhz bu amil də Azərbaycanın daha güclü, sürətlə inkişaf etməkdə olan sabit bir dövlətə çevrilməsində mühüm rol oynayan əsas məqamlardan biridir.

 

 

Azərbaycan.- 2010.- 5 may.-  S.1.