Müasir geosiyasi şəraitdə Azərbaycanın diplomatik uğurları

 

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirib möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Dağlıq Qarabağda başlayan erməni separatizmi, eləcə də hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi.

 

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi.

1993-cü ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasət məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Özünün zəngin təcrübəsinə əsaslanaraq dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyev bu yeniləşmiş xarici siyasət xəttində ilk növbədə bir sıra mühüm, təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya qoydu.

Həmin vəzifələrdən biri Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni xarici siyasət xətti üçün hər şeydən əvvəl müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.

Digər mühüm vəzifələrdən biri də bəzi dövlətlərlə münasibətlərdə əsassız yaradılmış gərginliyi aradan qaldırmaq, dövlətlərlə münasibətlərdə tarazlaşdırılmış xarici siyasət xəttini təmin etmək, region dövlətlərlə münasibətlərə daha çox diqqət yetirməklə qarşılıqlı əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin qorunmasına nail olmaq idi. Qarşıda duran ən mühüm vəzifələrdən biri də münaqişənin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi şərti ilə ədalətli şəkildə həll olunması üçün böyük dövlətlərin, eləcə də beynəlxalq təşkilatların səylərini gücləndirməyə nail olmaqdan idarət idi.

Ümummilli lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu cətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsinə və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. "Əsrin müqaviləsi" və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.

1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi "Böyük İpək Yolu"nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə də böyük diqqət yetirilmişdir. Beynəlxalq təşkilatlara üzv olmaq, onların işlərində iştirak etmək, onlarla səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Respublikasının 1994-cü ilin may ayından başlayaraq NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində fəaliyyəti dünyanın aparıcı ölkələri ilə əlaqələrin genişləndirilməsinə zəmin yaratmış və bu faydalı əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizliyin qorunması Şimali Atlantika Alyansı ilə respublikamızın maraqlarının üst-üstə düşdüyünü bir daha təsdiq edir. Ümummilli lider Heydər Əliyevin çoxtərəfli və gərgin fəaliyyəti sayəsində cəmiyyətin bütün sahələrində həyata keçirilən islahatların nəticəsi olaraq Azərbaycan Respublikası 2001-ci il yanvarın 25-də Avropa Şurasına bərabərhüquqlu üzv qəbul edilərək Ümumavropa ailəsinə qovuşdu və bu mötəbər təşkilatda öz layiqli yerini tutdu.

Qazanılan bu uğurlarla yanaşı, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına nail olmaq ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq ulu öndər Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü məsələlərini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.

Bu məqsədlə ulu öndər Heydər Əliyev ən yüksək səviyyələrdə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində, ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə danışıqlarda göstərdiyi səylər ümummilli liderin apardığı məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir.

Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində məhz ulu öndər Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. Daha sonra 1994-cü ildə Budapeştdə keçirilən Zirvə toplantısında Azərbaycanın milli mənafeyini nəzərə alan qərar, eləcə də 1996-cı ildə Lissabon Zirvə toplantısında qəbul edilən və münaqişənin nizamlanmasının beynəlxalq hüquqi bazasını təşkil edən sənəd ümummilli liderin siyasi iradəsi və diplomatik fəaliyyəti sayəsində mümkün oldu.

Ümumiyyətlə, ATƏT çərçivəsində aparılan danışıqlar və bu təşkilatla qarşılıqlı əməkdaşlıq ümummilli liderin gərgin səyləri ilə Azərbaycanın xarici siyasət kursunun əsas tərkib hissələrindən birinə çevrilmişdir. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində ulu öndər Heydər Əliyev ATƏT rəhbərliyi və Minsk qrupunun həmsədrləri ilə 140-dan çox görüş keçirmişdir. Azərbaycan Prezidenti bu dövrdə 80-dək ölkənin dövlət başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatların ən yüksək səviyyəli nümayəndələri ilə, NATO-nun, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, MDB-nin, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur.

Əsası ümummilli lider tərəfindən qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə girir.

Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkə daixilində gedən demokratik proseslərlə və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəltmiş və bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaratmışdır.

Müasir dövrdə Azərbaycanın hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səyləri gücləndirməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Belə ki, keçən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq sənədlərə imza atmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.

Bu gün dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli artırmışdır. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına davam etdirən cənab İlham Əliyev yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir. Nəticədə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlər Azərbaycanın mövqeyi ilə hesablaşırlar.

Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avratlantik strukturlara inteqrasiya və digər məsələlərə yönəldilmişdir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz" .

Azərbaycan müasir dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş şəkildə qarşısının alınması, eləcə də aradan qaldırılması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək məqsədilə qlobal və regional təşkilatların işində fəal iştirak edir. Ölkəmiz sülhün və təhlükəsizliyin təmin olunmasında universal beynəlxalq təşkilat kimi BMT-nin mərkəzi rolunun daha da artırılması istiqamətində göstərilən səyləri dəstəkləməklə təşkilatın müxtəlif təsisatlarında və ixtisaslaşdırılmış qurumlarında təmsilçiliyini daha da artırmışdır.

Avratlantik strukturlara inteqrasiya istiqamətində Azərbaycan çoxtərəfli Trans-Atlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirir, Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir. Belə ki, ölkəmiz 1994-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulan ilk dövlətlərdən olmuş və bu təşkilatın əksər qurumlarının işində fəal iştirak edərək NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir. Azərbaycan NATO-nun "Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının" (İPAP) birinci mərhələsini uğurla başa vurmuş və ikinci mərhələnin icrasına başlamışdır.

Ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan "Avropa Qonşuluq Siyasətinə" qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzalamış, 2008-ci ildə isə İttifaqın "Şərq tərəfdaşlığı" proqramına qoşulmaqla bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycanın neft sektorunun inkişafı artıq ölkəmizin iqtisadi yüksəlişinə töhfə vermiş, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaratmışdır. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur regionun əhəmiyyətini artırmış. Avropa üçün yeni və həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Yalnız enerji istehsalçısı və ixracatçısı kimi Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli faktor olaraq imkanları getdikcə artmışdır.

Cənubi Qafqaz regionu üzərindən beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafının vacib elementidir. Bu mənada Azərbaycan "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" (TRASEKA) layihəsinin, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinə fəal cəlb olunmuşdur. Bununla yanaşı, Azərbaycan Türkiyə və Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi istiqamətində əməkdaşlıq edir.

Qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişafına gəldikdə isə Azərbaycanın strateji tərəfdaşı olan ABŞ ilə qlobal problemlərə və təhlükələrə qarşı mübarizə aparmaq məqsədilə uğurlu əməkdaşlığını davam etdirərək, Birləşmiş Ştatların rəhbərlik etdiyi antiterror koalisiyasının üzvü kimi beynəlxalq birliyin terrorizmə qarşı mübarizəsini hərtərəfli şəkildə dəstəkləyir və bu istiqamətdə fəal iştirak etməklə bir sıra əhəmiyyətli addımlar atır.

Azərbaycanın regional əlaqələri Rusiya ilə münasibətlər kontekstində dinamik şəkildə inkişaf edir və son illərdə bu əməkdaşlıq daha da genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ölkəmiz qonşu İranla münasibətlərdə çox proqressiv və gələcəyə istiqamətlənmiş dialoq apararaq xalqlarımızın mənafeyinə cavab verən mehriban qonşuluq, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın prinsipləri əsasında ikitərəfli münasibətlərdə uğurlu nəticələr əldə etmişdir.

Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əməkdaşlıq uğurla davam edir. Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdaşı kimi çıxış edir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi səyləri daim dəstəkləyir. Ölkələrimiz özünün iqtisadi-enerji imkanlarından və geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişləndirilməsi naminə səmərəli şəkildə istifadə edir. Artıq iki dövlət arasında mövcud olan strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq regionda sülhün və təhlükəsizliyin göstəricisinə çevrilmişdir.

Azərbaycan Xəzər dənizi ilə Avropa regionu arasında körpü yaratmaq məqsədilə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini inkişaf etdirir. Dünyanın ən böyük dövlətlərindən biri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan və nəhəng intellektual potensiala malik Çin, eləcə də Koreya artıq Azərbaycanın iqtisadi və siyasi tərəfdaşına çevrilmişlər ki, bu da dövlətimizin xarici siyasətinin uğurlarından biridir.

Qlobal və regional məsələlərin həllində Azərbaycan İslam Konfransı Təşkilatı ilə sıx əməkdaşlığını inkişaf etdirərək, təşkilatın struktur və funksiyalarının daha da genişləndirilməsi, Avropa təşkilatları ilə əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində səylər göstərməklə qurumun siyasi rolunun artırılması və beynəlxalq problemlərin həllində təsiri imkanlarının gücləndirilməsi istiqamətində fəal siyasətini davam etdirir.

Azərbaycanın İKT ilə apardığı səmərəli və faydalı əməkdaşlığı bütövlükdə İslam aləmində qazandığı nüfuzun mühüm göstəricisidir. Ölkəmiz bu yüksək etimadı doğrultmağa çalışaraq, mədəniyyətlər və dinlərarası dialoqun təşviqi, müxtəlif millətlər və dinlər arasında dözümlüyün və qarşılıqlı anlaşmanın, eləcə də tolerantlığın inkişafına xidmət edən səmərəli meyarların hazırlanması, beynəlxalq ictimaiyyətdə, ilk növbədə Avropada İslamın, onun mədəniyyət, dəyər və fəlsəfəsinin düzgün dərk edilməsi məqsədilə fəal səylər göstərmiş, genişmiqyaslı bir sıra beynəlxalq təşəbbüslər həyata keçirmişdir.

Azərbaycanla İKT-nin müxtəlif strukturları arasında münasibətlərin inkişaf edib möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair üç möhtəşəm tədbirin keçirilməsi, eləcə də Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı qərar da, İKT ilə əməkdaşlığın bəhrəsi və Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.

Göründüyü kimi, müstəqil dövlətimiz bütün sahələr üzrə inkişafını davam etdirir, beynəlxalq aləmdə müqavilələrini daha da möhkəmləndirir, xarici siyasət sahəsindəki uğurlarını intensivləşdirir. Məhz bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin mövqeyi dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur.

Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmasıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin dinc vasitələrlə nizamlanması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəldilmişdir.

Aparılan danışıqlar prosesində Ermənistanın münaqişənin nizama salınması istiqamətində "Praqa prosesi", yəni "mərhələli həll" variantı ilə razılaşmaq məcburiyyətində qalması Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nailiyyətlərindəndir. Dövlət başçısı cənab İlham Əliyevin dəfələrlə və birmənalı olaraq "Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz" fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha da artırmışdır.

Ona görə də Prezident İlham Əliyevin münaqişənin nizama salınmasına çalışması, hücum taktikasına üstünlük verməsi və bu istiqamətdə ardıcıl, qətiyyətli diplomatik addımların atılması problemlərin Azərbaycanın milli maraqları təmin olunmaqla aradan qaldırılması və uğurlu nəticələlərin əldə edilməsi üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycan dövləti münaqişənin nizama salınmasında, ilk növbədə sülh variantına üstünlük verir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, münaqişənin aradan qaldırılması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından, bu ərazilərdə ölkəmizin pozulmuş suveren hüquqlarının bərpasından, məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasından, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində kommunikasiyaların bərpasından, Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində muxtariyyətini təmin edəcək statusun müəyyənləşdirilməsindən ibarətdir.

Eyni zamanda, dövlət başçısı cənab İlham Əliyev bəyan etmişdir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Azərbaycan xalqının iradəsinə, gücünə arxalanan dövlət başçısı iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin vacibliyini bildirməklə yanaşı, qeyd etmişdir ki, "Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq".

 

Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, bu gün Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu davamı perspektivdə müstəqil dövlətimizin dünya birliyində mövqelərinin yüksələcəyinə olan ümidləri daha da artıracaqdır.

 

 

Bahar MURADOVA,

Milli Məclis Sədrinin müavini,

YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.-2010.-5 may.- S.2.