15. Azərbaycan beynəlxalq iqtisadi təşkilatlarda

 

"Biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq. Böhran onu göstərdi ki, bu, düzgün seçimdir, düzgün yoldur və əminəm ki, biz növbəti illərdə də bu yolla gedəcəyik."

İlham ƏLİYEV

 

Ötən əsrin ikinci yarısından etibarən, özünü daha qabarıq şəkildə büruzə verən qloballaşma prosesi dünyanın iqtisadi həyatına da təsirsiz ötüşməyərək bu sahəyə də ciddi nüfuz etməyə başlayıb. Bununla dünya dövlətləri arasında iqtisadi sferada yaranan münasibətlər daha intensiv inkişaf mərhələsinə qədəm qoyub. Sözügedən prosesi xeyli dərəcədə sürətləndirən başlıca amillərdən biri regional və dünya xarakterli iqtisadi təşkilatların yaranması, həmçinin mövcud digər beynəlxalq təşkilatların öz nəzdində iqtisadi strukturlar formalaşdırması olub. Beləliklə, beynəlxalq iqtisadi münasibətlər sistemi keyfiyyətcə yeni xarakter alaraq dünya dövlətləri arasında bağlılığı daha da gücləndirib, qloballaşma prosesində xüsusi çəkisini əhəmiyyətli dərəcədə artırıb. Yeni yüzillikdə bu proses artıq elə mərhələyə qədəm qoyub ki, bəzi hallarda bir sıra dünya dövlətlərinin iqtisadi həyatını, gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas amillərdən biri kimi çıxış etməyə başlayıb. Yalnız güclü iqtisadi potensialı olan, bundan səmərəli istifadə edən, qloballaşan dünyaya öz maraqlarının təmin edilməsi ilə qoşulan dövlətlər bu prosesdə qaliblər cərgəsində yer alır. Sevindirici haldır ki, Azərbaycan da məhz belə dövlətlər kateqoriyasında yer alır, eyni zamanda qloballaşma prosesinə də öz töhfəsini verir.

 

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə qurulan əməkdaşlıq

 

Ötən əsrin son onilliyində SSRİ-nin süqutu ilə postsovet məkanında siyasi və iqtisadi münasibətlər sistemində tamamilə yeni dövr başlandı ki, bütün bunlar Azərbaycandan da yan keçmədi. Ölkənin enerji ehtiyatları ilə zəngin olması, əlverişli coğrafi mövqedə yerləşməsi və bu qəbildən olan digər amillər dünya siyasətinin müəyyən edilməsində aparıcı söz sahibləri kimi çıxış edən dövlətlərin Azərbaycana diqqətini daha da artırırdı. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin təcrübəsizliyi nəticəsində Azərbaycan geosiyasi çəkişmə poliqonuna çevrildi, ölkəyə kənar təzyiqlər artan xətt üzrə inkişaf etməyə başladı. Belə vəziyyətdə hakimiyyət başında olan qüvvələrin Rusiya və İran kimi tarixi qonşularla münasibətləri gərgin məcraya istiqamətləndirməsi Azərbaycanın üzləşdiyi problemlərin miqyasını daha da genişləndirirdi. Bütün bunlara xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyan ümummilli lider Heydər Əliyev Azərbaycanın dünyaya inteqrasiyasında da tamamilə yeni mərhələnin təməlini yaratdı. Milli maraqların qorunması və təmini ön plana çəkildi, Azərbaycan beynəlxalq hüququn həqiqi müstəqil subyektinə çevrildi, qonşu və digər ölkələrlə əlaqələr qarşılıqlı hörmət prinsipi üzərində quruldu.

Ölkə daxilində yaradılan sabitlik Azərbaycanın iqtisadi həyatında da dönüş mərhələsinin yaşanmasına səbəb olmaqla bərabər, dünyanın nüfuzlu təşkilatlarının, maliyyə institutlarının ölkəmizə baxışının dəyişməsinə gətirib çıxardı. Elə bunun nəticəsində Azərbaycan maliyyə çətinliklərinin həll edilməsi məqsədilə beynəlxalq təşkilatlardan daha asan şəkildə kredit cəlb edilməsinə nail oldu. Sonrakı dövr ərzində Azərbaycanın iqtisadi qüdrətinin artması nəticəsində bir çox hallarda beynəlxalq maliyyə qurumları özləri ölkəmizə kreditlər təklif etməyə başladı. Əslində, bu kimi hallar indi də özünü göstərməkdədir və Azərbaycan yalnız lazım bildiyi, irəli sürdüyü şərtlərin qəbul olunduğu təqdirdə kreditlər götürməyə razılıq verir.

Ölkəmizin müstəqillik dövründə beynəlxalq iqtisadi təşkilatlarla münasibətlərinin qurulması tarixinə diqqət yetirdikdə isə ilk növbədə dünyanın ən böyük maliyyə qurumlarından biri kimi xarakterizə olunan Dünya Bankı ilə əlaqələrə nəzər salmaq lazım gəlir. Azərbaycanın Dünya Bankının tərkibində yer alan qurumlara üzvlük tarixi fərqli dövrlərə təsadüf edir. Belə ki, Azərbaycan Dünya Bankına daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına, Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyinə, Beynəlxalq İnvestisiya Mübahisələrinin Tənzimlənməsi Mərkəzinə 1992-ci ildə üzv qəbul olunub.

Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasına üzvlük tarixi 1995-ci ilin 31 martına, Beynəlxalq Maliyyə Korporasiyasına qəbul edilmə prosesinin başa çatması isə 1995-ci ilin 11 oktyabr tarixinə təsadüf edir.

Qısaca olaraq qeyd edək ki, Dünya Bankının əsas məqsədi ölkənin keçid dövründə onun iqtisadi-sosial inkişafı siyasətilə əlaqədar, həm investisiya axını, həm də dövlət büdcəsinin maliyyələşdirilməsi üzrə tövsiyələr vermək və bu cür yardımın koordinasiyasını aparmaqdan ibarət olub. Xüsusilə Dünya Bankının neft ehtiyatlarını idarə etmək üçün, dövlətin təşkilatı bacarığını gücləndirmək və siyasi xətdəki dəyişiklikləri, qısa və dürüst ifadə etməklə islahatı tezləşdirmək məqsədilə hökumətlə sıx işbirliyinin əsasını qoyub və bu sahədə əməkdaşlıq indi də davam etdirilməkdədir.

Dünya Bankı tərəfindən 1997-ci ildə Azərbaycana Birinci Struktur İslahatlar Krediti (SAC 1) təsdiq edilərək ayrılıb. SAC 1 özündə ticarətin liberallaşması, özəlləşdirmə, qanunvericilik və bank işi islahatlarını ehtiva edib. İqtisadi islahat proqramında struktur islahatlarının tezləşdirilməsinə yardım məqsədilə İkinci Struktur İslahatlar Krediti (SAC 2) 12 mart 2002-ci ildə təsdiq edilib və bunun üçün 60 milyon ABŞ dolları ayrılıb. SAC 2-də dövlətin maliyyə durumunun yaxşılaşdırılması, yoxsulluğun azaldılması, iqtisadi inkişafın tezləşdirilməsi üçün dövlətin sərf etdiyi xərclərin səmərəli istifadə olunması, müəssisələr və xarici investisiya üçün şəraitin yaxşılaşdırılması, faydalı islahatlar sektorunda davamlı elektrikləşmənin, buxarla isitmə sisteminin və təmiz suyun əhali üçün təmin olunması əsas məqsədlər kimi qarşıya qoyulub.

1999-cu ilin sentyabr ayından etibarən Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondu (BVF) bütün güzəştli kreditlərin verilməsində Azərbaycan hökumətinə məxsus yoxsulluğun azaldılması strategiyalarından bir baza kimi istifadə edir. Bu strategiyalar Yoxsulluğun Azaldılması Strategiyası Sənədlərində öz əksini tapır - bu sənədlər aşağı gəlirli ölkələr tərəfindən milli tərəflərin, habelə Dünya Bankı və BVF də daxil olmaqla xarici inkişaf agentlərinin iştirakı ilə hazırlanır. Yoxsulluğun Azaldılması Strategiyası Sənədlərində (YASS) ölkənin iqtisadi artıma və yoxsulluğun azaldılmasına xidmət edən makroiqtisadi, struktur və sosial siyasətləri və proqramları, habelə əlaqədar xarici maliyyələşdirmə ehtiyacları təsvir edilir.

YASS-a daxil edilən inkişaf strategiyaları yoxsulluğun azaldılmasına hərtərəfli və ölkənin xüsusiyyətlərini nəzərə alan yanaşmanın tətbiqi ilə nəticələnir - bu zaman məqsəd BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün milli səviyyədə dövlət tədbirləri, donor dəstəyi və inkişaf məqsədləri arasında həlledici əhəmiyyətli əlaqələndirməni təmin etməkdir.

Dünya Bankının ölkəmizdə həyata keçirdiyi digər layihələr isə əsas etibarı ilə aşağıdakıları əhatə edib və etməkdədir: milli su təchizatı və kanalizasiya xidmətləri, magistral yolların çəkilişi, kənd investisiyaları kreditləşdirilməsi, suvarma-paylayıcı sistemi və idarəedilməsinin təkmilləşdirilməsi, elektrik ötürücü sistemi, maliyyə xidmətlərinin inkişafı, korporativ və büdcə sektoru üçün hesabatlılıq, təhsil sektorunun inkişafı, pensiya və sosial təminat, ədliyyə sisteminin müasirləşdirilməsi, səhiyyə sektorunda islahatlar, daşınmaz əmlakın qeydiyyatı.

Ötən müddət ərzində Dünya Bankı Azərbaycana 2,7 milyard dollar məbləğində maliyyə yardımı göstərib. Hazırda Dünya Bankı Azərbaycanda icra olunan "Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi", "Dəmir yolu və ticarətin dəstəklənməsi", "Korporativ və dövlət sektorlarında mühasibatlıq", "Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması", "Azərbaycan maliyyə sisteminin modernləşməsi", "Milli su təchizatı və kanalizasiya xidmətləri" və bir sıra digər layihələri maliyyələşdirir.

Dünyanın aparıcı maliyyə qurumlarından olan Beynəlxalq Valyuta Fondu isə ötən il Azərbaycandakı daimi nümayəndəliyini bağlamaq barəsində qərar qəbul edib. Qeyd edək ki, Azərbaycan BVF-yə 1992-ci ilin sentyabrında daxil olub. Əməkdaşlıq müddətində fonddan 363 milyon dollar vəsait, o cümlədən 248 milyon dollar güzəştli kredit alınıb. Kredit tranş yolu ilə, iqtisadi islahatlar aparılması öhdəliyi ilə müxtəlif proqramlar çərçivəsində verilib. Onlardan sonuncusunun verilməsi 2005-ci ildə yekunlaşıb. Həmin vaxtdan fondun təkidinə baxmayaraq, Azərbaycan maliyyə cəhətdən möhkəmləndiyini vurğulayaraq kreditdən imtina edib, yalnız fondun texniki yardımını qəbul edib.

Hazırda Azərbaycanın BVF qarşısında öhdəlikləri 40 milyon dollara qədərdir. Bu vəsaiti 2014-cü ilədək tam ödəmək nəzərdə tutulur.

 

Azərbaycan ÜTT və

BMSİT-də

 

Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərindən bəhs edərkən BMT-nin nəzdində olan Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (BMSİT) ilə də münasibətlərin inkişafına ayrıca nəzər yetirmək lazım gəlir. Ölkəmiz 1993-cü ildə BMSİT-yə üzv qəbul edilib. 1995-ci ildən Azərbaycan Respublikasının Avstriyadakı səfirliyi BMSİT nəzdində Daimi Nümayəndəlik funksiyalarını da həyata keçirir. BMSİT-in Azərbaycanda fəaliyyəti ilk növbədə 1995-1997-ci illərdə ölkəmizdə təşkilat tərəfindən Sumqayıtda xüsusi iqtisadi zona yaradılması layihəsinin həyata keçirilməsi ilə bağlıdır. Hələ 1993-cü ildə Azərbaycan Respublikasının hökuməti Sumqayıt regionunun sənaye dirçəlişi və iqtisadi inkişafı üçün müvafiq strategiyanın işlənib-hazırlanmasından ötrü BMT-nin Azərbaycandakı İnkişaf Proqramının (BMİP) nümayəndəliyinə müraciət edib. Bu müraciətin əsasında 1995-ci ilin payızında BMİP-in maliyyə yardımı ilə "Azərbaycanda Sumqayıt regionunun sənaye bərpası üzrə proqramı"n BMSİT tərəfindən həyata keçirilməsi başlanıb.

Proqramın əsas məqsədlərindən biri Sumqayıt regionuna sərmayələrin cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması idi. 1995-1998-ci illər ərzində layihə üzrə nəzərdə tutulmuş iki mərhələ həyata keçirilib. Bu məqsədlər üçün BMİP tərəfindən 500 min ABŞ dolları məbləğində vəsait ayrılıb. BMSİT BMİP ilə birlikdə 1997-ci ilin aprel ayında Bakıda həmin layihəyə həsr olunmuş iqtisadi forum keçirib.

Layihənin həyata keçirilməsi regionun iqtisadi inkişafına və xarici şirkətlərin Sumqayıt müəssisələrinə marağının artırılmasına əhəmiyyətli təsir göstərib. Ümumiyyətlə isə, BMSİT-nin əsas məqsədi aşağıdakılardan ibarətdir:

inkişaf etməkdə olan və iqtisadiyyatları keçid dövründə olan ölkələrdə sənayenin inkişafını dəstəkləmək; rəqabətə davamlı sənaye istehsalını inkişaf etdirmək, beynəlxalq sənaye tərəfdaşlığın yaradılmasına yardım etmək, ictimai cəhətdən ədalətli və ekologiyaya zərər vurmayan sənaye inkişafını gücləndirmək; inkişaf etməkdə olan ölkələrin sənaye inkişafına yardım etmək; qloballaşma şəraitində inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının dünya iqtisadiyyatına inteqrasiyasını təşviq etmək.

Beynəlxalq iqtisadi sferada əlaqələrin genişlənməsinə daim diqqət yetirən Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul edilməsi üçün 23 iyun 1997-ci ildə ərizə ilə müraciət edib. Bundan sonra ÜTT Katibliyində Azərbaycan üzrə İşçi Qrupunun yaradılması barədə qərar qəbul olunub. Ölkəmizin sözügedən təşkilata üzv olmaqda əsas məqsədləri aşağıdakılardan ibarətdir: Dünya iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirmək; ÜTT-yə üzv olan ölkələrin bir-birinə verdikləri güzəştlərdən faydalanmaq; Dünyanın əksər ölkələri ilə ÜTT tərəfindən qəbul edilmiş ümumi qaydalar əsasında ticarət əməliyyatları həyata keçirmək; Ölkədə aparılan iqtisadi islahatlara beynəlxalq təşkilatlar və eləcə də ölkələr tərəfindən yardımın artırılmasına nail olmaq; ÜTT qaydalarını tətbiq etdikdən sonra daha çox həcmdə birbaşa xarici investisiyaları cəlb etmək; ÜTT-nin mübahisələrin həlli mexanizmindən istifadə etmək imkanını əldə etmək.

Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan ölkə (İEOÖ) statusu ilə daxil olmaq istəyir ki, bunun da bir sıra mühüm üstünlükləri vardır. Ümumiyyətlə, ÜTT üzvlərinin təxminən üçdə ikisini İEOÖ-lər təşkil edir ki, bu statusa malik olmaq həmin ölkələr üçün xüsusi hüquqların verilməsini nəzərdə tutur. Belə ki, ÜTT-nin əksər sazişlərində İEOÖ-lərə dair xüsusi yanaşmanı əsaslandıran müddəalar var. İEOÖ-lərlə bağlı üstünlüklərə isə misal olaraq aşağıdakıları qeyd etmək olar: ÜTT sazişlərinin tələblərinə cavab vermək və üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üçün İEOÖ-lərə daha uzun müddət və əlavə vaxt verilməsi (əksər ÜTT sazişlərində); ÜTT çərçivəsində müəyyən qərarlar (antidempinq, ticarətdə texniki maneələr və s. üzrə) qəbul edilərkən İEOÖ-lərə xüsusi yanaşmanın həyata keçirilməsi; Kənd təsərrüfatının subsidiyalaşdırılması üzrə məhdudiyyət limitini müəyyən edən de minimis göstəricisinin İEOÖ-lər üçün 10% müəyyən olunması (İEOÖ-lər üçün 5 %); ÜTT-nin TBT və SPS sazişlərində müvafiq olaraq texniki qaydalar, standartlar, keyfiyyətin qiymətləndirilməsi prosedurları və sanitar və fitosanitar tədbirlərin hazırlanması və həyata keçirilməsi zamanı İEOÖ-lərin xüsusi ehtiyaclarının nəzərə alınmasının vacibliyinin nəzərə alınması və s.

 

Azərbaycan Avropa İttifaqı və QDİƏT-nin diqqət mərkəzində

 

Azərbaycanın iqtisadi sferada sıx əməkdaşlıq etdiyi qurumlar sırasında yer alanlardan biri də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır (QDİƏT). Ölkəmiz 1992-ci ildən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Respublikamızın QDİƏT-də iştirakının əsas məqsədləri təşkilatın əhatə etdiyi Qara dəniz regionunda xüsusi rola malik olduğunu sübut etmək və bu rolu möhkəmləndirmək, regiona proqressiv qurucu münasibət bəslədiyini göstərmək, Avropaya inteqrasiya siyasətini bütün ölçülərdə həyata keçirmək, Qara dəniz bölgəsindən nəqli ehtiva edən Qərb yönümlü neft strategiyasının davamlılığını təmin etmək, Azərbaycanın tranzit potensialını gücləndirmək, regionun aparıcı dövlətləri ilə (Türkiyə, Yunanıstan, Ukrayna, Rumıniya, Rusiya və s.) çoxtərəfli tərəfdaşlıq mexanizmi qurmaq və bununla da strateji maraqlarımızı qoruyub inkişaf etdirməkdir.

Qara dəniz regionunun özəlliyinin bilavasitə Azərbaycanın coğrafi yerləşməsi və karbohidrogen ehtiyatları ilə əlaqədar olduğunu nəzərə alaraq və bölgənin strateji üstünlüyünün həm Azərbaycan, həm də ümumregion maraqları naminə inkişaf etdirmək məqsədilə respublikamız QDİƏT-nin Nəqliyyat və Enerji üzrə İşçi qruplarında əlaqələndiriciliyi müəyyən dövrlərdə öz üzərinə götürmüşdür.

Qara dəniz regionu ümumilikdə və xüsusi olaraq Azərbaycanda turizmin bütün sahələri ücün böyük imkanlara malikdir.

Siyasi və iqtisadi sferada Azərbaycanın sıx əməkdaşlıq etdiyi təşkilatlar sırasında öz xüsusi çəkisi ilə seçilən təşkilatlardan biri də Avropa İttifaqıdır. İttifaq və ona üzv olan ölkələr Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ildən etibarən tanımağa başlayıb və bu zamandan etibarən Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin qurulmasının təməli qoyulub. Hər iki tərəf 1996-cı ildə bu əlaqələrin hüquqi bünövrəsini müzakirə etdikdən sonra geniş səpkidə məsələləri əhatə edən (yalnız müdafiə məsələləri istisna olmaqla) Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) imzalayıb və bu saziş 1999-cu ildə qüvvəyə minib.

Ümumilikdə Azərbaycanda demokratiyanın bərqərar olmasını, iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və bazar iqtisadiyyatına keçidin tamamlanmasını, qanunvericiliyin Avropa standartları ilə uyğunlaşdırılmasını, insan hüquqlarının qorunmasını və mədəni əlaqələrin inkişafını, həmçinin sərmayə qoyuluşlarının artırılmasını məqsəd seçən bu saziş 10 illik müddət üçün razılaşdırılaraq hər il yenilənmə şərti ilə hazırlanıb.

TƏS-in həyata keçirilməsi sahəsində Avropa İttifaqının MDB ölkələrinə, o cümlədən Azərbaycana da ayırdığı texniki yardım proqramı olan TACİS çərçivəsində ayrı-ayrı proqram və layihələrə maliyyə və texniki dəstək göstərib. Bundan əlavə, sözügedən maliyyə yardımı, həmçinin Yoxsulluğun Azaldılması üzrə Dövlət Proqramının həyata keçirilməsində də istifadə olunub. Bu sahədə ölkəmiz idarəetmə, iqtisadi inkişaf, investisiya mühitinin yaradılması, ətraf mühitin qorunması sahəsində bir sıra qanun islahatları aparıb. Əsas məqsədlərdən sayılan yoxsulluğun azaldılmasına dair, orta müddətli iqtisadi inkişaf, maliyyə siyasətindəki yeni addımlar TACİS qarşısında həyata keçirilən öhdəliklərdən olub. 2004-2006-cı illər üçün TACİS proqramı çərçivəsində Azərbaycana 30 milyon avro məbləğində yardım edilib.

Araşdırmalar göstərir ki, Avropa İttifaqı tərəfindən ölkəmizə aşağıdakı sahələrdə 2004-cü ilə qədər 430 milyon avro məbləğində maliyyə yardımı edilib: Qaçqın və məcburi köçkünlərə ərzaq yardımı; Enerji layihələri, nəqliyyat, nüvə və ərzaq təhlükəsizliyi, infrastruktur islahatları; Müharibə nəticəsində ziyan çəkmiş bəzi ərazilərin bərpa olunması (Füzuli rayonundakı dəmir yol stansiyası, elektrik ötürücülərinin yenidən qurulması, içməli su və suvarma sisteminin bərpası, məktəblərin təmiri).

İttifaqla həyata keçirilən "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində isə iştirakçı dövlətlərə, o cümlədən Azərbaycana 2010-2013-cü illərdə 350 milyon avro vəsait ayrılmalı, 2020-ci ilə qədər isə bu məbləğ 1,5 milyard avroya çatdırılmalıdır. 2009-cu ilin fevralında isə Avropa Komissiyası "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində əlavə olaraq 350 milyon avro ayırmaq niyyətində olduğunu bildirib. Düzdür, Azərbaycanın hər hansı xarici maliyyə yardımlarına ehtiyacı yoxdur. Lakin o da faktdır ki, "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Avropa İttifaqından alınan maliyyə yardımları elə bu proqramın icrasında sərf oluna bilər və bu, Azərbaycanın əlavə maliyyə vəsaiti ayırmasının qarşısını alır. Deməli, Avropa İttifaqının ayıracağı maliyyə vəsaitlərinin ölkəyə daxil olması Azərbaycanın iqtisadi qüdrətindən asılı olmayaraq olduqca sərfəlidir. Qeyd edildiyi kimi isə perspektivdə "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Avropa İttifaqı iştirakçı dövlətlərə kifayət qədər böyük məbləğdə maliyyə vəsaiti ayırmağı düşünür.

Bununla yanaşı, daxili firavanlıq, təhlükəsizliyin bərqərar olması və buna təsir edə biləcək xarici faktorlar - ikitərəfli, regionlararası və ümumilikdə qlobal xarakter daşıyan yaxşı əlaqələrin qurulmasına diqqət yetirən Avropa İttifaqının xarici siyasəti çərçivəsində Avropa Qonşuluq Siyasəti (AQS) konsepsiyası həyata keçirilir. Ölkəmizin AQS-yə qəbulu Avropa İttifaqı Komissiyasının 2004-cü il 17-18 iyun tarixli qərarı ilə həyata keçib.

AQS çərçivəsində qonşu ölkələrlə siyasi dialoqun aparılması, demokratik inkişaf, ticari və iqtisadi əlaqələrin genişləndirilməsi, mədəniyyət, ədliyyə və daxili işlər, enerji, nəqliyyat, informasiya cəmiyyəti, ətraf mühit və tədqiqatlar və innovasiyalar kimi sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Regional əməkdaşlıq layihələrində isə, məsələn, TRACECA, İNOGATE, Avropa Regional İnkişaf Fondu maliyyə vasitəsi kimi istifadə olunur.

Azərbaycanın əməkdaşlıq etdiyi digər nüfuzlu beynəlxalq maliyyə qurumları sırasında 1992-ci il sentyabrın 25-dən üzvü olduğu Avropa Yenidənqurma və İnkişaf Bankının, 1999-cu ilin 29 oktyabr tarixində üzv qəbul edildiyi Asiya İnkişaf Bankının və digərlərinin də adları qeyd oluna bilər. Asiya İnkişaf Bankı isə Azərbaycana yatırdığı sərmayələrini daim artırır və perspektivdə ölkəmizə daha böyük həcmdə investisiya qoymaq niyyətindədir. Avropa Yenidənqurma və İnkişaf Bankı üçün də Azərbaycan potensial investisiya ölkəsi olaraq qalır. Bütün bunlar Azərbaycan iqtisadiyyatının daha da sürətli inkişafını təmin edir. Əlbəttə, ölkəmizin təmsil olunduğu beynəlxalq iqtisadi təşkilatların siyahısını bir qədər də artırmaq mümkündür. Lakin istənilən halda belə təşkilatlarla əməkdaşlıq ona gətirib çıxarır ki, qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün daha etibarlı zəmin yaradılır. Digər tərəfdən bu, Azərbaycanın iqtisadi inkişafının daha da sürətlənməsində özünəməxsus rol oynayır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.-  5 may.- S.  9.