"Azərbaycan dünyası" beynəlxalq jurnalının xüsusi buraxılışının təqdimatı olmuşdur

 

Mayın 5-də "Azərbaycan dünyası" beynəlxalq jurnalının xüsusi buraxılışının təqdimatı olmuşdur.

Xüsusi buraxılış Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 65-ci ildönümünə və bu qələbənin qazanılmasında Azərbaycanın oynadığı böyük rola, xalqımızın göstərdiyi rəşadətə həsr olunmuşdur.

Təqdimatda jurnalın naşiri və baş redaktoru Eldar İsmayılov bildirmişdir ki, Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında həmin dövrdəki ədalətsiz ideoloji yanaşma səbəbindən "Qəhrəman şəhər" statusunu almayan, lakin fədakarlığı ilə daha üstün dəyərə layiq olan Bakının və onun ali sərvəti olan neftin əvəzsiz rolu olmuşdur. Məşhur sərkərdə, marşal Jukov bunu öz çıxışlarında dəfələrlə bildirmişdir. O deyirdi ki, Bakı neftçiləri cəbhəni, vətəni qorumaq və düşmən üzərində qələbə çalmaq üçün lazım olan həcmdə yanacaq istehsal edirdilər.Yeri gəlmişkən, jurnalın üz qabığında marşalın portretini məhz bu cümlə müşayiət edir. Danılmaz həqiqətdir ki, Bakı nefti olmadan müharibədə qalib gəlmək mümkün deyildi. Həmvətənlərimizin gərgin əməyinin tarixlərə yazılması və bu mövzunun müntəzəm olaraq diqqət mərkəzində saxlanılması qarşımızda duran ali məqsədlərdən biridir.

Jurnal ümummilli lider Heydər Əliyevin qələbənin qazanılmasında Azərbaycanın roluna dair dediyi sözlərlə açılır. "Biz qələbənin varisləriyik", - deyən ulu öndər vurğulayır ki, SSRİ-nin Hitler Almaniyası üzərində qələbəsində Azərbaycanın başlıca rol oynamasını müasirlərimiz bilirlər, gələcək nəsillərimizə isə olduğu kimi çatdırılmalıdır. Bir daha təkrar edirəm. Azərbaycanlıların döyüş meydanlarında göstərdikləri şücaət və rəşadət, hücum xarakterli hərəkətverici enerji - yanacaq hasil və emal edən, sovet ordusunu bu yanacaqla təmin edən Bakı neftçilərinin sonsuz qəhrəmanlığı, bütün sahələrdə çalışan və əsgərlər üçün həyati vacib məhsullar istehsal edib göndərən fəhlə və kolxozçuların fədakarlığı çox böyük tarixi əhəmiyyətə malikdir.

Jurnalın ilk səhifəsində Milli Aviasiya Akademiyasının rektoru, "Azərbaycan dünyası" beynəlxalq jurnalı Ali Şurasının sədri, akademik Arif Paşayev fikirlərini oxucularla bölüşür. Akademik yazır ki, Azərbaycan xalqı böyük qürur və fəxr hissi ilə həmin illəri xatırlayır. Niyyətinə nail ola bilməyən faşizmə ən böyük zərbəni də məhz Bakının qəhrəman neftçiləri vurmuşlar. Şahidlərin bildirdiklərindən belə qənaətə gəlmək olar ki, Bakı nefti bu savaşda düşmənə qarşı müqavimət göstərmək üçün əsas zərurətlərdən biri olaraq tarixi prosesə ciddi təsir göstərmişdir. Lakin dəyərsizlik nəticəsində paytaxtımız öz layiqli adını - "Qəhrəman şəhər" statusunu almamışdır. Bu, tarixi ədalətsizlikdir və gec də olsa aradan qaldırılmalıdır.

A.Paşayev vurğulayır ki, Azərbaycan alimləri tərəfindən həmin dövrdə yüksək oktanlı aviasiya yanacağının hazırlanması vacib amildir. Çünki Sovet aviasiyası məhz sözügedən kəşfdən sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq olmuşdur. Bu məqsədlə xalqımızın qəhrəman övladlarının, alimlərinin və döyüş zamanı hər 10 texnikadan 8-ni hərəkətə gətirən "qara qızıl"ımızın oynadığı rolu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq zəruridir. Hazırda ildönümünü qeyd etdiyimiz Qələbə ədalətin qələbəsidir. Bundan çıxış edərək bəşərin diqqətinə çatdırırıq ki, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində davam edən ədalətsiz müharibə də bizim qələbəmizlə nəticələnəcəkdir.

Xüsusi buraxılışda Azərbaycan neftçilərinin, silahqayıranlarının, təyyarəçilərinin, dənizçilərinin, dəmiryolçularının, rabitəçilərinin qələbəyə töhfəsindən bəhs edən materiallar, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov, Timofey Qritsutenko haqqında oçerklər, Sovet İttifaqı Qəhrəmanı adı almış həmvətənlərimizin şəkilləri verilmişdir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı A.Səfərovun, Leninqrad blokadası iştirakçıları ictimai birliyinin sədri, Bakı Slavyan Universitetinin dosenti İ.Qədimovanın, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü N.Cəfərovun, Şirvan şəhər, Yasamal rayon icra hakimiyyətlərinin başçıları Y.Camalovun və İ.Mehdiyevin və başqalarının materialları da oxucuların marağına səbəb olacaqdır.

Qeyd edək ki, 1998-ci ildə yaradılmış "Azərbaycan dünyası" beynəlxalq jurnalı çoxtirajlıdır və 3 dildə (Azərbaycan, rus və ingilis) çıxır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 6 may.- S.  6.