Qələbəni Berlində qarşıladı

 

 Böyük Vətən müharibəsindən bizi 65 illik zaman kəsiyi ayırır. Azərbaycan da bu savaşdan qalib çıxmaq üçün çox böyük töhfələri vermişdir. İstər canlı insan qüvvəsi ilə, istərsə də təbii sərvətləri ilə Qələbənin qazanılmasında müstəsna rolu olan respublikamız döyüş meydanlarında, arxa cəbhədə qəhrəmanlıqlar göstərmişdir. Bu müharibəyə gedənlərdən biri də Mirzəbala Mərdanovdur.

Qubanın Susay kəndində 1919-cu ildə anadan olan Mirzəbala atası Becanın dayağı idi. 12 nəfərlik ailənin çörəyini atası ilə birlikdə qazanan Mirzəbalaya yaşıdları da çox hörmət edərdilər. 14-15 yaşları olanda kəndlərindəki dostlarını bir yerə yığar, qaçdı-qovdu oynayarlarmış. Həmişə də bu oyunlarda qalib gələrdi.

Yuxarı sinifdə oxuyanda rus dilini yaxşı bildiyi üçün öz kəndlərindəki məktəbə müəllim təyin edirlər. 4-cü - 6-cı siniflərə dərs deyən Mirzəbala rus dilini onlara öyrətməyə başlayır.

- O dövrdə kəndimizdə savadsızların sayı çox idi, - Mirzəbala dayı deyir, - adamlar bəzən öz savadsızlıqları ucbatından bəlaya düşürdülər. Onlara gətirilən kağız-kuğuza bilmədən qol çəkir, sonra onun əzabını görürdülər. Qonşu kənddə sədr savadsız bir adama kolxozun taxılını oğurlaması barədə qol çəkdirmişdi. İki gün sonra həmin kəndlini tutub aparanda qol çəkdiyi kağıza görə onu həbs edib Sibirə göndərdilər.

1938-ci ildə Mirzəbala hərbi xidmətə çağırılır. Əvvəlcə onu Tiflisə apardılar. Bir qədər hərbi dərs keçdikdən sonra Türkiyə ilə sərhədə göndərdilər. Orada aparılan təlimlərdə iştirak etdi. Bir neçə aydan sonra Gəncəyə yolladılar.

- Axşam rotanın növbətçisi idim, - Mirzəbala dayı söhbətinə davam edir. - Komandir qəflətən içəri girib mənə "Mərdanov, rotanı qaldır" - əmrini verdi. Rota sıraya düzüləndən sonra o bildirdi ki, müharibə başlayıb. Həmin gecə bizi qatarlara doldurub Həştərxana gətirdilər. Artilleriya məktəbində toplardan istifadə qaydalarını öyrətdilər.

1942-ci ilin əvvəllərinə qədər burada qalan Mirzəbalanı sonra cəbhəyə göndərdilər. Kiçik leytenant rütbəsi alan Mirzəbala I Belarus cəbhəsinin tabeliyinə verilir. Batareya komandiri kimi onlarca döyüşdə iştirak edir, hünər göstərir. Qanlı-qadalı günləri Mirzəbala dayı belə xatırlayır:

- Oder çayının bir tərəfində faşistlər, digər tərəfdə isə bizimkilər mövqe tutmuşdu. Tərəflərin hər birində 300 minə yaxın adamın iştirak etdiyi bu döyüşdə bir neçə gün göyün üzü az qala tüstüdən görünmədi. Atılan topların səsindən qulaq tutulur, ölənlərin sayı anbaan artırdı. Mənim batareyamda 4 top, bir o qədər də maşın vardı. Döyüşün sonuna yaxın bizim ordu çayı keçib düşmən əsgərlərinin arasına girdi. Əlbəyaxa döyüş başladı.

Üstümə gələn bir alman əsgəri mənə çatanda dayanıb rus dilində sakitcə "dur", - dedi. Silahımı qaldırıb onu vurmaq istəyəndə yenə "dur", - dedi. Sonra aşağı oturub dua etməyə başladı. Alman əsgərinin rus dilində: "İnsanları öldürmək günahdır", - deməsi məni tamam çaşdırdı.

Partlayan bombadan huşumu itirdim. Gözlərimi açanda dörd tərəfimdə üst-üstə yığılan insan cəsədlərini görüb dəhşətə gəldim.

Mirzəbalanı bir qədər sonra tapıb meyitlərin arasından çıxarırlar. Özünə gələndə döyüşçü yoldaşları ona deyirlər ki, səni bir alman əsgəri sürüyə-sürüyə dartıb döyüş yerindən çıxardıb. "Həmin gecə babamı yuxuda gördüm, - Mirzəbala dayı bildirir. - Yuxuda mənə dedi ki, qorxma, sənə ölüm yoxdu. Əgər o almanı vursaydın, az sonra öləcəkdin. Bu günədək oradan necə sağ çıxdığıma inana bilmirəm. Yəqin bu da bir qismət imiş".

Mirzəbala Qələbə gününü Berlində qarşıladı. Üç gün Reyxstaqın pilləkənlərində gecələyən Mirzəbala və dostları özünün dediyi kimi, müharibənin qurtardığına inana bilmirdilər.

Müharibədən sonra o, Qubaya - kəndlərinə qayıdır. Bir qədər rus dili müəllimi işlədikdən sonra onu yenidən Stalinqrada aparırlar. On ilə yaxın bir dövrdə orada işləyən Mirzəbala 1956-cı ildə yenidən Qubaya dönür. Elə həmin il Əzimə xanımla ailə quran Mirzəbala kənd məktəbində müəllim kimi fəaliyyətini davam etdirir.

41 il Susay kənd orta məktəbində müəllim işləyən, 8 övlad böyüdüb boya-başa çatdıran M.Mərdanovun sinəsini neçə-neçə orden və medal bəzəyir.

- Dövlət başçısı biz veteranlara həmişə qayğı ilə yanaşır, bizi unutmur, - M.Mərdanov bildirir.

"1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş, sonradan vəfat etmiş, döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" Prezident İlham Əliyevin sərəncamı onun ailə üzvlərini də çox sevindirib.

Ömrünün 91-ci baharını yaşayan Mirzəbala dayının bir arzusu var: işğal altında olan torpaqlarımızı azad görmək.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2010.- 6 may.- S.  7.