Heydər Əliyev və Azərbaycanın elektrik enerjisi sistemi

 

Digər sahələr kimi, elektroenergetikanın da inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür

 

Ölkə iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, elektrik enerjisi sistemi ilə də bağlıdır. Hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir və bunun əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur.

Belə ki, Azərbaycanda elektrik enerjisi istehsalı hələ XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlansa da, uzun illər ərzində bu sahədə inkişaf ləng getmişdir.

1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində İran-Azərbaycan "Araz" SES adı altında gücü 22 MVt olan stansiyanın inşası, 1972-ci ildə "2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi"nin gücünün 220 MVt-ya çatdırılması, 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyniadlı su elektrik stansiyasının istifadəyə verilməsi məhz ümummilli liderin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Bu illərdə həmçinin gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası istismara buraxılmışdır. Ötən əsrin 80-ci illərində və elə bu gün də Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət, kritik parametrdən də yüksək parametrlərdə işləmək imkanına malik "Azərbaycan" İES istismara buraxılmışdır.

"Azərbaycan" İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. 80-ci illərin əvvəllərində inşasını hətta SSRİ miqyasında ümumxalq tikintisi səviyyəsinə qaldırmağa müyəssər olduğu bu əzəmətli tikili bu gün də ümummilli liderin bütün qurub yaratdıqları kimi onun nurlu şəxsiyyətinin möhtəşəm abidəsi kimi ucalır. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası prosesinin ümumittifaq səviyyəsində aparılması tikinti prosesinə ən peşəkar mütəxəssislərin cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdır.

Stansiyanın birinci enerji blokunun işə salınması Azərbaycanda fərəh dolu əlamətdar hadisəyə çevrildi. Ulu öndərimizin bu münasibətlə 1981-ci ilin 20 oktyabrında Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi bu tarixi təqvimdə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən, həmin gün "Energetik günü" kimi qeyd edilir.

Ölkə elektrik enerjisi sisteminin sütununu təşkil edən bu stansiya indi də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Bu stansiyanın istismara verilməsi ilə elektrik enerjisi sistemində başlanan inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız sonralar özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir. Ümumilikdə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin elektrik enerjisi ilə təminatı problemi öz həllini tapmışdır. Bu illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, o cümlədən hər bir evə elektrik xətti çəkilmişdir. Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə artıq elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdir.

Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistematik inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. O illərdə 330 kV-luq Əli Bayramlı İES - Ağdam - Gəncə - Ağstafa, Əli Bayramlı - Yaşma-Dərbənd, 5-ci Mingəçevir, 500 kV-luq 1-ci və 2-ci Abşeron, Muxranis - Vəli və digər elektrik verilişi xətləri, 330/110/20 kV-luq Yaşma, Gəncə, Ağstafa, 330/110/10 kV-luq İmişli, 500/330/220 kV-luq Abşeron, 220/110/10 kV-luq Hövsan, Nizami, Müşfiq, Səngəçal, Masallı, Ağsu, Babək və başqa qovşaq yarımstansiyaları istismara verildi. Bununla da elektrik enerjisi sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu.

Sonralar həmin şərəfli günləri xatırlayan müdrik rəhbər deyirdi: "Biz o illər bütün bu imkanlardan istifadə edərək eyni zamanda düşünürdük ki, hər respublikanın özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr yaradılmalıdır. Ona görə də o illər Moskvanın etirazına, bu işimizə maneçilik törədən qüvvələrin çox güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq".

Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində baş vermiş hadisələr, Sovet İttifaqının süqutu elektrik energetikası sisteminə də təsirsiz ötüşmədi. Yaranmış siyasi və iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyuk problemlər yarandı. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində vaxtilə tikilib istifadəyə verilmiş "Azərbaycan" İES olmasaydı, respublikanın, o cümlədən paytaxt Bakının enerji təchizatında ciddi problemlər yaşana bilərdi. Beləliklə, Azərbaycanı o illərdə qurub yaradan, respublikanı bütün sahələr üzrə kənar asılılıqlardan çıxararaq dövlət müstəqilliyi üçün zəruri əsasları formalaşdıran ulu öndərin enerji sektoruna diqqət və qayğısının əsl səbəbləri Azərbaycan müstəqilliyə qovuşduqdan sonra daha aydın, dolğun şəkildə duyuldu.

1993-cü ilin iyununda xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər iqtisadiyyatın bütün sahələrinə, o cümlədən elektrik enerjisi sisteminə də xüsusi diqqət göstərdi. Həmin dövrdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetika sistemində də böyük böhran vəziyyəti yaranmış və sistemin ahəngdar işi pozulmuşdu. Ümummilli lider elektrik enerjisi sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektrik enerjisi sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hal-hazırda da məqsədyönlü şəkildə istifadə olunur.

Tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılması ilə enerji sistemində yeni inkişaf mərhələsinin başlanğıcı qoyulmuşdur. Xatırladaq ki, maliyyə çatışmazlığı ilə əlaqədar tikintisi uzun illər mümkün olmayan Yenikənd su hövzəsində işlərin başa çatdırılması üçün lazımi vəsaitin əldə edilməsi problemini ulu öndər 1995-ci ilin dekabrında Böyük Britaniyaya işgüzar səfəri zamanı gündəmə gətirərək həllinə nail olmuşdur. Avropa Yenidənqurma və İnkişaf Bankı Yenikənd Su Elektrik Stansiyasının inşası məqsədilə 53,24 milyon ABŞ dolları məbləğində kredit ayırmış, respublika energetiklərinin və inşaatçıların gərgin işi nəticəsində 2000-ci ilin dekabr ayında stansiya istifadəyə verilmiş, burada elektrik enerjisi istehsalına başlanmışdır.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində işğal altında qalan "Ağdam" yarımstansiyası və 330 kV-luq Azərbaycan İES-Ağdam-İmişli EVX əvəzinə 330 kV-luq Ağcabədi, 110 kV-luq Bərdə yarımstansiyalarının və 330 kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası zərurəti yaranmışdı. Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankından ayrılmış kredit hesabına Mingəçevir SES-in yenidənqurulması, 330 kV-luq Ağcabədi, 110 kV-luq Bərdə yarımstansiyalarının və 330 kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası həyata keçirildi.

"Şimal" ES-in yenidən qurulması da ulu öndərin adı ilə bağlıdır. 1998-ci ilin fevral ayında Yaponiyaya rəsmi səfəri zamanı ümummilli lider bu stansiyada 400 MVt gücündə buxar-qaz qurğusunun inşası layihəsinin maliyyələşdirilməsi üçün həmin ölkənin rəhbərliyinə müraciət etmiş və rəsmi Tokionun 210 milyon ABŞ dolları məbləğində uzunmüddətli, güzəştli kredit ayırmasına nail olmuşdur. 2000-ci ilin 19 dekabrında isə ümummilli lider tərəfindən qurğunun təməli qoyulmuş və obyekt 24 aydan sonra istismara verilmişdir.

1999-cu ilin iyun ayında 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzində yenidənqurma işlərinin başlanması, ümummilli lider Heydər Əliyevin bu mərasimdə iştirakı, qaz-turbin qurğusunun təməl daşını qoyması da Azərbaycan energetika tarixinin ən əlamətdar hadisələrindəndir. Yenidənqurmanın ilk mərhələsi 2000-ci ilin noyabr ayında, ikinci növbəsi 2001-ci ilin iyulunda başa çatdırılmış və hər birinin gücü 53,5 MVt olan iki qaz turbini, aqreqat və qaz turbinindən çıxan qazların istiliyindən istifadə hesabına saatda 250 ton buxar istehsalı imkanına malik iki buxar generatoru istifadəyə verilmişdir.

Ulu öndərin şah əsəri olan "Əsrin müqaviləsi", Xəzərin zəngin neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası Abşeron yarımadasının elektrik enerji təminatına yenidən baxılması zərurətini yaratdı. Burada yeni generasiya güclərinin işə salınması ilə yanaşı, yüksək gərginlikli elektrik şəbəkələrinin sistematik inkişaf etdirilməsi ön plana çəkildi.

Belə obyektlərdən biri də Bakı şəhəri və onun ətraf rayonlarının elektrik enerjisi təchizatında müstəsna əhəmiyyət kəsb edən "Müşfiq" yarımstansiyası oldu. Ulu öndər bu yarımstansiyanın gücünün artırılması, eyni zamanda enerjisistemin dayanıqlığının və təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı bu yarımstansiya üçün maliyyə yardımının ayrılmasına nail oldu.

"Müşfiq" yarımstansiyasının genişləndirilməsi və 220 kV-luq Abşeron-Müşfiq yüksək gərginlikli elektrik verilişi xəttinin çəkilməsi" layihəsinin həyata keçirilməsi üçün Avropa İttifaqının Azərbaycana Fövqəladə Yardım Proqramı çərçıvəsində maliyyə vəsaiti ayrılmışdır.

Ümumiyyətlə, ulu öndərin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına 3500 MVt-ya yaxın generasiya gücü işə salınmışdır. Elektrik enerjisi istehsalı isə təxminən 12 milyard kilovat-saatdan 22 milyard kilovat-saatadək, yəni 1,8 dəfədən çox artmışdır. İqtisadiyyatın sürətli inkişafı, əhalinin həyat tərzinin yaxşılaşması sayəsində istehlak 11,3 milyard kilovat-saatdan 23 milyard kilovat-saatacan, yəni 2 dəfədən çox artmışdır.

Ulu öndərin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına elektrik enerjisi sistemi respublikanın bütün ərazisini əhatə etməklə bərabər, Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Naxçıvan Muxtar Respublikası tərəfindən Türkiyə enerji sistemləri ilə sıx əlaqəni təmin etmişdir. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.

Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmizin elektrik enerjisi sistemində qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. "Energetika haqqında", "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Elektrik və istilik stansiyaları haqqında" qanunların qəbulunun məhz həmin dövrə təsadüf etməsi buna sübutdur.

Ümummilli lider Heydər Əliyevin bu sahədə özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi və hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirmişdir. Ölkə iqtisadiyyatının inkişaf sürətini nəzərə alan dövlət başçısı "Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı"nı təsdiq etmişdir. Ötən dövr ərzində dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın elektrik enerjisi sistemində generasiya gücünün artımı 2000 MVt-dan çox olmuşdur. Elektrik enerjisinin ötürülməsi sistemində isə ümumi gücü 2000 meqavoltamperə yaxın 500-dən artıq yeni transformator quraşdırılmış və ümumi uzunluğu 30 min kilometrdən artıq elektrik verilişi xətləri istifadəyə verilmişdir.

Hazırda iqtisadiyyatı gündən-günə inkişaf edən, elektrik enerjisi sisteminin dayanıqlığı təmin olunmuş Azərbaycanda yeni generasiya güclərinin tikilib istifadəyə verilməsi nəticəsində respublikamız qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində də mühüm rol oynayır.

Bu gün respublikanın elektrik enerjisi sisteminin tərkibinə 13 istilik elektrik stansiyası (Azərbaycan İES, Şirvan İES, Sumqayıt ES, "Şimal" İES, Səngəçal ES, Bakı İEM, Bakı ES, Sahdağ ES, Astara ES, Xaçmaz ES, Şəki ES, Naxçıvan ES və Naxçıvan İES) və 6 su elektrik stansiyası (Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Araz, Vayxır SES) fəaliyyət göstərir. Enerji sisteminin tərkibinə gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 200-dən artıq yarımstansiya daxildir. Bu yarımstansiyalarda mövcud olan transformatorların ümumi gücü 20000 meqavoltamperdən artıqdır. Gərginliyi 110 kV və ondan artıq olan 300-dən artıq elektrik verilişi xəttinin ümumi uzunluğu 8000 kilometrdən çoxdur. Gərginliyi 35, 10, 6 və 0,4 kilovolt olan paylayıcı xətlər də daxil olmaqla elektrik verilişi xətlərinin ümumi uzunluğu 100000 kilometrdən artıqdır.

Ölkə energetikləri həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə və ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışacaq, onun layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək, qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacaqlar.

 

 

Etibar PİRVERDİYEV,

"Azərenerji" ASC-nin prezidenti

 

Azərbaycan.- 2010.- 7 may.- S.  4.