Heydər Əliyev və Azərbaycanın sahibkarlıq strategiyası

 

Müstəqilliyimizin ilk illərində, kənar qüvvələrin və təcavüzkar güclərin bütün həmlələrinə baxmayaraq gənc dövlətçiliyimiz ayaq üstə duruş gətirə bildi. Çörəklə sinağa çəkilən millətimiz bütün ehtiyacların fonunda ən müqəddəs dəyərini - azadlığını qoruyub saxladı. Amma qara qüvvələr bəd niyyətlərini həyata keçirməkdə israrlı idilər və 1993-cü ildə ölkənin vətəndaş müharibəsi həddinə gətirilməsi məhz bu məkrdən qaynaqlanırdı. Həmin dövrdə xalqın istək və tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi Azərbaycanı ziddiyətlər burulğanından xilas etdi. Dünyada gedən siyasi proseslərə peşəkar təsir imkanları olan Heydər Əliyev Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu. Ölkədə qarşıdurmadan sülhə, böhrandan tərəqqiyə, ətalətdən dinamik fəaliyyətə istiqamətlənən həyat tərzi başlandı. Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən əsrin müqaviləsinin imzalanması həm də ölkə daxilində yeni-yeni istehsal sahələrinin artmasına, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına şərait yaratdı.

 

Müasir Azərbaycan tarixində qazanılmış ən böyük uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev milli varlığımızı bütövləşdirmiş, yaxın və uzaq gələcəkdə uğur qazanmağın, Azərbaycanı inkişaf etdirməyin aydın yollarını göstərmiş, ən dəqiq taktika və strategiyanı müəyyən etmişdir. Heydər Əliyev ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirməyin əsaslarını yaratmış dahi şəxsiyyətdir.

Onun rəhbərliyi altında iqtisadı və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir.

Müstəqil Azərbaycanın memarı olan ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Bu da onu deməyə əsas verir ki, həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət gayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.

İqtisadiyatın ümumi inkişafı ilə yanaşı ölkənin aqrar sahəsinin də inkişafı daim ulu öndərin diqqət mərkəzində olmuşdur. Hələ 1994-cü il dekabırın 10-da keçirilmiş "Aqrar islatat: problemlər və onların həllin yolları" mövzusunda beynəlxalq konfrasda çıxış edən ümummilli lider demişdir: "... Biz islahatçı qüvvələrə yol açmalı, islahatları cəsarələ həyata keçirməliyik. Ən əsas prinsiplərdən biri odur ki, gərək xalqımıza, xususən kasıb təbəqəyə, kəndlilərə, daim torpagla bağlı adamlara zərər vurulmasın, əksinə xeyir gətirilsin. İslahatlar yeni sahibkarlar yaradacaq, ancaq aqrar bölmə ilə bağlı hər bir adam öz payını almalıdır. Bu islahatlar xalqımızın ümumi rifahinın qaldırılması üçün həyata keçirilməlidir". Belə də oldu. Ölkədə aparılan məqsədyönlü aqrar islahatlar nəticəsində 4270 kənddə yaşayan 850 mindən çox ailə torpaq mülkiyyətçisinə çevrildi, bu torpaqlardan səmərəli istifadə olunması üçün onlar dövlət qayğısı ilə əhatə olundular.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət etmişdir.

Sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilmişdir.

Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində vacib işlər görülmüş, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradılmışdır.

1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir. Xarici investisiyanın ölkəmizə cəlb olunması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olmuşdur. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılmışdır. Xarici investisiyaların cəlb olunması və qorunması istiqamətində atılan addımlar Azərbaycanla müxtəliv ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq edilməsi ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin bilavasitə tağşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanmışdır. Bu layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında dəfələrlə müzakirə edilmiş, vergitutmanın sadələşdirilməsi, bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi barədə dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına kömək etmişdir.

Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin həyatında tarixi hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım oldu və bu, hər şeydən əvvəl müdrik siyasətçi Heydər Əliyevin uğurlu iqtisadi siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olmuşdur. Məlum olduğu kimi iqtisadi canlanmanın vüsət aldığı dövrdə nəzarət işləri ilə məşğul olan dövlət orqanlarının fəaliyyəti ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni maneçilik törədirdi. Buna görə də bu problem müdrik siyasətçi Heydər Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş və qısa müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdı. Ilk addım kimi ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərman imzalanmışdır. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın imzalanmasından bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azalmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər keçirilmişdir.

Bütün bunlarla yanaşı hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılması və iqtisadiyyatın inkişafı üçün dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən su istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ölkə prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalanmışdır.

Ötən müddət ərzində dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm həlqələrindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş vermişdir. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük vermişdir ki, bunlardan da biri səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sisteminin tətbiqi olmuşdur. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olunmuş və burada mövcud boşluqların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutmuşdur.

Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla mütəmadi görüşlər keçirmiş və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırmışdır. Belə görüşlərə nümunə kimi 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi avqust-sentyabr aylarında imzalanmış çox mühum fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirilmişdir. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirilmiş, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyaların müddəti uzadılmışdır.

Qeyd olunanlar ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasında azad sahibkarlığın və bazar iqtisadiyyatı prinsipləri əsasında rəqabət mühitinin formalaşdırılması sahəsində gördüyü işlərin çox cüzi hissəsini təşkil edir. Bu tədbirlər öz müsbət təsirini göstərmiş və özəl sektorun həm ümumi daxili məhsulda, həm də büdcə gəlirlərində xüsusi payı artmışdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni iqtisadi siyasət, bazar iqtisadiyyatına keçid, iqtisadi və sosial islahatlar onun layiqli davamcısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə ardıcıl həyata keçirilən islahatlar nəticəsində respublika həyatında bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmişdir. Ölkədə sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış və bu da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaratmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin azaldılması və sosial yönümlü müxtəlif problemlərin aradan qaldırılması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olmuşdur.

Azərbaycan Respublikası regionlarının 2009-2013-cu illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılması, əhalinin sosial problemlərinin həlli məsələləri nəzərdə tutulmuşdur.

II Dövlət Proqramının icrasının birinci ilinin yekunları bir daha təsdiq etdi ki, ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi inkişaf strategiyası düzgündür və Azərbaycanın daha böyük uğurlar qazanmasına imkan yaradacaqdır.

Proqramın icrasına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq keçirilən zona müşavirələrinin iştirakcısı kimi bir daha şahid olduq ki, istər dövlət qurumları, istər yerli icra orqanları, istərsə də sahibkarlar proqramın icrasına əzmkarlıqla yanaşır və proqramda dəyişiklik və əlavələr barədə yerlərdən xeyli təklif və təşəbbüslər vardır.

Respublikada həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olmasına, sosial-iqtisadi inkişaf meyillərinin möhkəmlənməsinə imkan yaratmışdır. Ictimai həyatın bütün sahələrində dönüş yaranmış, əhalinin maddi rifah halının yaxşılaşmasında nəzərəçarpacaq uğurlar qazanılmışdır. 2004-2009-cu illər ərzində ümumi daxili məhsul (ÜDM) 2.8 dəfə, Dövlət büdcəsinin gəlirləri 4.8 dəfə, orta aylıq əmək haqqı 3 dəfə, minimum pensiyanın məbləği 3.8 dəfə, minimum əmək haqqı 6.3 dəfə artmış, 33 mindən artıq yeni müəssisə, 840 mindən artıq yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 4.1 dəfə azalaraq 11 faizə enmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də bu işdə sahibkarlara kömək göstərilməsi məqsədilə ayrıca tədbirlər planı işlənib hazırlanmışdır və hazırda onun həyata keçirilməsi sahəsində iş aparılır.

Aprelin 14-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası göstərdi ki, 2010-cu ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirir.

Qlobal maliyyə böhranı şəraitində belə Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amillərindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır. Qeyri-neft sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaldır. Ötən il qeyri-neft sektorunda 3.2 faizlik artımın baş verməsi də ilk növbədə regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Hazırda ümumi daxili məhsulun 85 faizi özəl sektorda istehsal olunur. Bu uğurların qazanılmasında Azərbaycan sahibkarlarının, eyni zamanda ASK-nın da öz tövhəsi olmuşdur.

Vaxtilə ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ictimai təşkilat kimi ölkədə sahibkarlığın inkişafına kömək sahəsində güclü dövlət siyasətinin gerçəkləşdirilməsində, iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində, sahibkarların və iş adamlarının hüquq və qanuni mənafelərinin qorunmasında, ölkədə əhalinin hüquq mədəniyyətinin formalaşdırılmasında və işgüzar fəaliyyətinin gücləndirilməsində fəal rol oynayır".

Bu gün bir daha bildirmək istəyirəm ki, konfederasiyanın üzvləri daim ölkə sahibkarlarına, o cümlədən Konfederasiyaya ulu öndər tərəfindən verilən yüksək qiymətə layiq olmağa calışır.

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 1999-cu ildə təsis edilib, ölkədə iş adamlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O özündə 4000-dən çox sahibkarlıq subyektini, o cümlədən 50-yə qədər assosiasiya və birlikləri birləşdirir.

Səmərəli idarəolunmanı təşkil etmək məqsədilə Konfederasiyanın yanında yaradılmış 10 daimi komissiya sahələr üzrə, respublikanın bütün bölgələrini əhatə edən 10 regional nümayəndəlik isə regional idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılması və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.

2001 - ci ildən etibarən Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial - iqtisadi siyasəti və sosial - əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır. Konfederasiya öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, Milli Məclis, Məhkəmə orqanları, mətbuat və beynəlxalq təşkilatlarla əlaqəli şəkildə quraraq ölkədə sosial tərəfdaş kimi üzərinə düşən vəzifəlləri layiqincə yerinə yetirmiş, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, Beynəlxalq İşəgötürənlər Təşkilatının, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin, Dünya Qeyri Hökümət Təşkilatları İttifaqının üzvlüyündə təmsilçiliyi davam etdirərək ölkədə sahibkarlığın inkişafına dəstək vermişdir. 2010-2011-ci illər üçün də Baş Kollektiv Saziş imzalanmışdır.

Qeyd edim ki, Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edirik.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandaki və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları, digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

Konfederasiya Azərbaycan Respublikasını Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasında müvəffəqiyyətlə təmsil edir.

Bakı şəhərində həmin təşkilatın Biznes Şurasında Konfederasiyanın sədrliyi ilə Direktorlar Şurasının iclası və "Zeytun ağacı və zeytun yağı" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Hazırda QDİƏT ilə səmərəli əməkdaşlıq davam etdirilir.

Dünya Bankı ilə Azərbaycanda ixraca dəstək və bu işdə sahibkarların maarifləndirilməsi tədbirləri üzərində iş aparılır. Beynəlxalq Maliyyə Korporasiyası ilə biznes mühitinin araşdırılması və onun nəticələrinin sahibkarlara çatdırılması, habelə sahibkarların maarifləndirilməsi sahəsindəki birgə iş də səmərəli olmuşdur. Bu iş davam etdirilməklə yanaşı Korporasiya ilə birlikdə kiçik və orta biznesə kömək üçün internet portalın yaradılması təklifi üzərində iş aparılır.

Konfederasiya ölkədə və xaricdə təşkil olunan sərgi və biznes forumlarda sahibkarların iştirakina önəm verərək onların bu vasitələrdən yararlanmasına kömək göstərir.

Sahibkarlar üçün Avropa profili Yunanıstan Şirkətinin "Milli Konfederasiya Bürosuna və TƏS-in icrasına dəstək layihəsi" ilə birlikdə rəqabətə davamlılıq və iş yerlərinin təhlükəsizliyi mövzularında seminarlar təşkil olunmuşdur.

Sahibkarların maarifləndirilməsinin təşkili məqsədilə konfederasiya tərəfindən "ABŞ texnikasının və texnologiyasının Azərbaycanın kənd təsərrüfatında tətbiqi" mövzusunda da seminar keçirilmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Almaniyanın Meklenburq - Vorpemmern Texniki Peşə Təhsil İnstitutu ilə birlikdə "Sosial Dialoq Sahəsində Əməkdaşlıq" mövzusunda layihənin həyata keçirilməsinə başlamışdır.

Layihənin məqsədi Azərbaycanda sosial dialoqun inkişaf etdiriılməsi, hökumət, işəgötürənlər və həmkarlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, üzvlərə göstərilən xidmətlərin və lobbiçilik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir.

Layihə çərçivəsində Əmək qanunvericiliyi, əməyin mühafizəsi, assosiasiyaların təşkili və digər mövzular üzrə həm baş ofisdə, həm də regionlarda sahibkarlarla 6 seminar keçirilmişdir.

Bu ilin aprel ayının 12-də Avropa İttifaqı Texniki Yardım Layihəsi çərçivəsində "Əməyin Mühafizəsi və iş yerlərində təhlükəsizliyə dair" seminarda ASK-nın iştirakı olduqca əhəmiyyətli olmuşdur.

Bu ilin yanvar ayından etibarən ASK BƏT - in "Böhrandan uyğun və təhlükəsiz işə" adlı layihə sənədinə qoşulmuşdur. Layihə 2013-cü ilin dekabr ayına qədər nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində işlə bağlı davamlı regional inkişaf və sosial ədalət, milli peşəkar təhlükəsizliyin və səhiyyə sisteminin modernləşdirilməsi, sosial müdafiə və sosial təhlükəsizliyin təmin olunmasıdır.

Ölkə iqtisadiyyatının bütün digər sahələrində əldə olunan yüksək nəticələr və davamlı sürətli inkişafa hesablanan sosial-iqtisadi layihələrin reallaşdırılması əminliklə deməyə əsas verir ki, iqtisadi potensialımız 2010-cu və növbəti illərdə daha da güclənəcək.

Sahibkarlar Konfederasiyasının fəaliyətini yüksək qiymətləndirən ölkə Prezidenti İlham Əliyev demişdir: "Bu gün Azərbaycan Respublikası Sahibkarlar (isəqötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarlıq subyektlərinin maraq və mənafelərinə uyğun olaraq milli səviyyədə sosial-iqtisadi siyasəti həyata keçirən müvafiq mərkəzi İcra hakimiyyəti orqanı ilə əməkdaşlıq əlaqələrini genişləndirir, sahibkarların sahə və regional içtimai təşkilatlarının yaradılmasına, onların fəaliyətinin əlaqələndirilməsinə, sosial tərəfdaşlıq və əməkdaşlıq praktikasının gücləndirilməsinə köməklik edir".

Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız bu işdə səy və biliklərini əsirgəməyəcək, ölkəmizin çiçəklənməsi naminə daha böyük əzmkarlıq göstərəcəklər.

 

 

Məmməd Musayev,

Azərbaycan Respublikası

Sahibkarlar (işəgötürənlər)

Təşkilatları Milli

Konfederasiyasının Prezidenti

 

Azərbaycan.- 2010.- 7 may.- S.  5.