Kollektivimiz sevinc içindədir

 

Dövlət başçısına minnətdarlıq

 

Ulu öndər Heydər Əliyev həmişə mədəniyyət xadimlərinə, incəsənət və teatr işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşardı. Ümummilli lider çalışardı ki, yaradıcılıq sahəsinin fədakarları problemlər ilə üzləşməsinlər. Daha yaxşı əsərlərin yaradılması üçün teatr işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılardı. Bu ənənəni müntəzəm davam etdirən Prezident İlham Əliyev mədəniyyət xadimlərinin müxtəlif yönlərdən mükafatlandırılmasını, təqaüdə, orden və medallara layiq görülməsini ildə bir neçə dəfə öz sərəncamı ilə təsdiqləyir.

Bu günlərdə kollektivimiz növbəti bir sevincini yaşadı. Dövlət başçısı İlham Əliyevin "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" sərəncamı mədəniyyət xadimlərinin böyük sevincinə səbəb oldu. Yüksək mükafata layiq görülmüşlər arasında kollektivimizin 16 üzvünün adı var. Bəzi aktyor və rejissorlarımız ilk dəfədir ki, belə bir mükafata layiq görülürlər. Rejissor Əsgər Əsgərov, aktyorlardan Abbas Qəhrəmanov, Əli Nuruzadə (Əli Nur), Elşən Cəbrayılov, Cəfər Əhmədov ilk dəfədir ki, Prezident mükafatı alacaqlar. Siyahıda olan aktyorlarımız arasında üçüncü, dördüncü dəfə bu yüksək mükafata layiq görülənlər də var. Çox sevindik ki, mədəniyyətimizin inkişafında özünəməxsus yeri olan Akademik Milli Dram Teatrının kollektivi heç zaman unudulmur, onların layiqli üzvlərinə həmişə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bir məsələni də qeyd edək ki, teatrın işçiləri arasında təkcə mükafat deyil, Prezident təqaüdü alan azman sənətkarlar da var. Mükafata layiq görülən incəsənət xadimlərinin siyahısında başqa sənət ocaqları ilə müqayisədə bizim teatr liderlik edir. Bu diqqət və qayğıya, unudulmaz xoş münasibətə görə yaradıcı kollektivimiz adından ölkə başçısına dərin minnətdarlığımızı bildiririk. Bu cür qayğıdan sonra bizim gözəl əsərlər tamaşaya qoymaqdan başqa nə işimiz ola bilər?! Çalışacağıq ki, bizə göstərilən etimadı yaradıcı əməyimizlə daim doğruldaq.

 

 

Maqbet BÜNYATOV,

Azərbaycan Dövlət

Akademik Milli Dram

Teatrının direktoru

 

Azərbaycan.- 2010.- 7 may.- S.  2.