İqtisadi tərəqqinin memarı

 

Ümummilli lider Heydər Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti sayəsində Azərbaycan iqtisadi tənəzzüldən tərəqqi yoluna çıxdı, sabit, demokratik ölkə, etibarlı tərəfdaş imici qazandı və bu mövqeyini illər keçdikcə daha da möhkəmləndirdi. "Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tutacaqdır." Ulu öndər Heydər Əliyevin çağırış xarakterli bu fikri harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının bir amal, məqsəd uğrunda birliyinin, həmrəyliyinin əsasını qoydu.

Ümummilli lider problemlərin həlli üçün öncə atəşkəsə nail olmağın vacibliyini bəyan etdi. 1994-cü il mayın 12-də atəşkəs əldə olundu və bütün sahələrdə inkişaf üçün əsas yaradıldı.

Müstəqilliyi təmin etmək üçün düzgün xarici siyasət aparmaq çox vacibdir. Axı müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi xarici siyasətdəki uğursuzluqlar da ölkəmiz üçün bir sıra əlavə problemlər yaratmışdı. Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə qol-qanad vermişdi. Erməni diasporunun, ermənipərəst qüvvələrin gücü sayəsində azərbaycanlılar barədə beynəlxalq ictimaiyyətə mənfi rəy formalaşdırılırdı. Onların apardığı təbliğata görə işğala məruz qalan Azərbaycan yox, Ermənistan idi. Ermənilərin məqsədi Azərbaycanı nə yolla olursa-olsun, iqtisadi cəhətdən asılı vəziyyətə salmaq idi. Lakin Azərbaycan nəinki iqtisadi cəhətdən zəiflədi, əksinə, inkişaf edərək qısa zamanda iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi tanındı.

1994-cü ildə tarixə "Əsrin müqaviləsi" kimi düşmüş neft müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycanda yaradılan sabitlik dünyanın ölkəmizə marağının artmasında mühüm amilə çevrildi. Ölkəmizin gələcəyinə böyük inamla baxan dövlətlər, beynəlxalq şirkətlər ikitərəfli əlaqələrin qurulması istiqamətində səylər göstərdilər. Azərbaycan beynəlxalq əməkdaşlıq məkanına çevrildi.

Ulu öndərin hakimiyyətə qayıdışından sonra əsas diqqət yetirdiyi məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq idi. Hər bir ölkəyə səfərində Azərbaycan həqiqətləri barədə dolğun məlumat verir, dünya ictimaiyyətini erməni yalanlarına uymamağa, hadisələri olduğu kimi qəbul edib, düzgün qiymətləndirməyə çağırırdı. Azərbaycan dünyanın nüfuzlu təşkilatlarına üzv qəbul olunur, həqiqətləri beynəlxalq aləmə çatdırmaq üçün növbəti tribunalar qazanırdı.

Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra ilk görüşü ölkə ziyalıları ilə oldu. Tariximizi əks etdirən kitabların nəşri, onların müxtəlif dillərə tərcümə olunaraq, beynəlxalq ictimaiyyətə çatdırılması ümdə vəzifə kimi qarşıya qoyuldu.

Bu gün Azərbaycanın 160-a qədər ölkə ilə diplomatik, 140 ölkə ilə ticari əlaqələri mövcuddur. 40-dan artıq beynəlxalq təşkilatda təmsil olunur. 50-dən çox ölkədə səfirliyimiz, eyni zamanda beynəlxalq təşkilatların yanında nümayəndəliklərimiz fəaliyyət göstərir. Təbii ki, bu kimi addımlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün olduqca əhəmiyyətlidir.

Dövlətimiz öz siyasətini milli maraqlarımıza uyğun müəyyənləşdirir və həyata keçirir. 1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə qazanılan uğurlar göz qabağındadır. Ümummilli liderin hər bir xarici ölkəyə səfəri münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycan dünya birliyində özünə layiqli yer tutmaqla söz sahibinə çevrildi. Bu uğurlarda dövlətimizin müstəqil siyasəti də böyük rol oynayır. Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi tanınır. "Əsrin müqaviləsi"nin imzalanması zamanı bütün təzyiqlərə baxmayaraq, ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan marşrutunu irəli sürərək bu qərarın dəyişməz olduğunu bildirməklə Azərbaycanın siyasətində müstəqil olduğunu bir daha dünya dövlətlərinə bəyan etdi.

Ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də ölkəmizin müstəqil siyasəti göz qabağındadır. Mövqeyinin dəyişməz olduğunu bəyan edən rəsmi Bakı daim dünya dövlətlərini, beynəlxalq təşkilatları hadisələrin mahiyyətini düzgün qiymətləndirməyə, ədalətli mövqe nümayiş etdirməyə çağırır.

"Hamını Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin gələcəyi, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə fəaliyyətə, birliyə, əməkdaşlığa dəvət edirəm" deyən ulu öndər Heydər Əliyev dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı bir amal, məqsəd uğrunda birliyə çağırdı. Diaspor quruculuğu dövlətin həyata keçirdiyi siyasətin tərkib hissələrindən birinə çevrildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinə nail olmaq üçün ilk növbədə həmin dövlətlərdə Azərbaycan mərkəzləri, cəmiyyətləri yaradıldı. Sonra ulu öndər onların vahid mərkəzdən idarə olunmalarının vacibliyi məsələsini gündəmə gətirərək Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. 2001-ci ilin noyabrın 9-10-da həmin istək reallaşdı. Qurultay diaspor işinin sürətləndirilməsində təkanverici qüvvə rolunu oynadı. 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bununla da dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqələrin daha da möhkəmləndirilməsinə geniş imkanlar açıldı.

Bir sözlə, hakimiyyətdə olduğu bütün dövrlərdə yalnız xalq üçün yaşayan, insanların xoşbəxt gələcəyi naminə çalışan ulu öndər Heydər Əliyev həyatını Azərbaycanı dünya birliyində tanınıb seçilən qüdrətli bir dövlət kimi görmək naminə sərf etdi.

"Müdrik Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti bundan sonra da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir." 2003-cü ildə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev həmçinin bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Çünki bu, Azərbaycanın bu günü, sabahı, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan xilas etdi. Ölkəmiz xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atdı.

Ümummilli lider 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində demişdir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm." Son illərin böyük uğurları ulu öndərin bu fikrinin gerçəkliyə əsaslandığını təsdiqləyir.

Bütün ölkə vətəndaşlarının Prezidenti kimi xalqın etimadını həyata keçirdiyi həyati əhəmiyyətli işləri ilə doğruldan cənab İlham Əliyevin gündəlik fəaliyyətinin əsasında Azərbaycanı daha da qüdrətli dövlətə çevirmək, insanların xoşbəxt, firavan həyatını, əhalinin sosial müdafiəsini təmin etmək kimi mühüm vəzifələrin dayandığı bir daha təsdiqlənir. Siyasi sabitliyin, iqtisadi tərəqqinin bərqərar olduğu ölkəmizdə bir-birini əvəz edən və ən qüdrətli dövlətləri belə heyrətləndirən nailiyyətlərin qazanılması Azərbaycanda idarəetmə sisteminin düzgün təşkil olunmasının göstəricisidir. "Biz iqtisadi cəhətdən təmin olunmuş ölkəyik. Bizim təbii ehtiyatlarımız var, coğrafi mövqeyimiz əlverişlidir, müasir nəqliyyat infrastrukturumuz, yaxşı iqlimimiz, yaxşı aqrar imkanlarımız var" söyləyən Prezident İlham Əliyev dünya dövlətlərini düşündürən maliyyə böhranının Azərbaycan üçün ciddi təhlükə yaratmadığını tam əminliklə bildirir.

Ölkənin tərəqqisinin bilavasitə regionların inkişafından da çox asılı olduğunu, inkişaf etmiş ölkələrdə mərkəzlə regionlar arasında fərqin olmadığını diqqətə çatdıraraq 2003-cü il noyabrın 24-də "Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair" sərəncamı, 2004-cü il fevralın 11-də təsdiqlədiyi "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə qarşıya qoyulan məqsədin reallığa çevrilməsində mühüm rol oynadı. Fəaliyyətində reallığa əsaslanan möhtərəm İlham Əliyev bununla həm də respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan islahatların keyfiyyətcə yeni mərhələ üzrə inkişafını həlli vacib məsələ kimi diqqətə çatdırdı. Dünyada baş verən proseslərin milli mənafelər baxımından qiymətləndirilməsi, iqtisadiyyatda baş verən müsbət meyillərin artması bütün sahələrdə özünü büruzə verdi. Azərbaycanın dinamik və sabit inkişafı üçün müstəsna əhəmiyyəti olan neft siyasətinin incəliklərinə dərindən bələd olan cənab İlham Əliyevin əsası ulu öndər tərəfindən qoyulan neft strategiyasını uğurla davam etdirməsi ilə Azərbaycan regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi.

"Biz köklü iqtisadi islahatlar aparmaqla bərabər, sosial məsələlərin həllində böyük işlər görmüşük" sözləri ilə son illərdə dövlət büdcəsinin on dəfə artırıldığını uğurların əsas mənbəyi kimi diqqətə çatdıran, ölkədə iqtisadi və sosial islahatların paralel aparılmasının vacibliyini qarşıya əsas məqsəd qoyan Prezident İlham Əliyev bütün sahələrdə yenidənqurma və quruculuq işlərini ölkənin gələcəyi üçün prioritet kimi dəyərləndirir.

Əsas vəzifə kimi qarşıya qoyulan yeni iş yerlərinin açılması ilə dövlət müəssisələrində və özəl sektorda 800 mindən artıq iş yeri açıldı. Bunun 74 mini ötən ilin payına düşür. Görülən işlər sayəsində yoxsulluğun səviyyəsi qısa müddətdə 11 faizə endirildi. Qarşıdakı beş il üçün nəzərdə tutulan, 2009-2013-cü illəri əhatə edən dövlət proqramında daha mühüm işlər həyata keçiriləcək, islahatlar aparılacaq, layihələr gerçəkləşdiriləcək.

İqtisadi təhlükəsizlik, makroiqtisadi sabitlik şəraitində yeni iş yerlərinin açılması üçün başlıca amil olan sahibkarlığın inkişafına təkan verəcək əlavə imkanlar yaradılacaq, güzəştli kreditlərin həcmi artırılacaq. "Bir pəncərə" prinsipinin tətbiqi ilə qeyri-neft sektoruna diqqət artırılacaq, ölkə iqtisadiyyatının neft amilindən asılılıq riski azaldılacaq. Bölgələrdə yeni emal müəssisələrinin yaradılmasında daha maraqlı olan kiçik və orta sahibkarlığın inkişafı üçün göstərilən dövlət dəstəyi gücləndiriləcək. Əmək bazarında tələblə təklifin uyğunlaşdırılmasına yönəldilmiş əlavə tədbirlərin tətbiqi ilə yerli istehsalın həcmi artırılacaq.

Prezident İlham Əliyevin hər bir vədinin konkret əməli işə söykənməsi onun bu siyasətə sadiqliyini təsdiq etməklə yanaşı, 2008-ci ilin 15 oktyabr prezident seçkilərində yenidən böyük qələbəsinə zəmin yaratdı. 2003-2008-ci illərdə Azərbaycan daha da gücləndi, gələcəyə böyük ümidlə baxan ölkəyə çevrildi. 2008-ci il prezident seçkilərində xalqın 88,73 faiz səsini qazanan cənab İlham Əliyev seçki proqramında "Mənim əsas məqsədim Azərbaycanı daha müasir və zəngin ölkəyə, qüdrətli dövlətə çevirmək yolunda başladığımız işi davam etdirməkdir" deyə bildirdi.

Hər bir istiqamət üzrə xüsusi proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi Azərbaycanın hərtərəfli inkişafına geniş imkanlar açır. İlk gündən iqtisadiyyatı güclü olan dövlətin hər şeyə qadir olduğunu bildirən Prezident İlham Əliyev respublikanın iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə çalışır.

Bugünün statistik rəqəmlərinə müraciət etsək, bir daha məlum olur ki, dünya dövlətlərini narahat edən qlobal maliyyə böhranına baxmayaraq, milli iqtisadiyyatı sürətli, dinamik və davamlı inkişaf yolu ilə irəliləyən Azərbaycan aparılan məqsədyönlü islahatlar nəticəsində qazandığı liderlik mövqeyini qoruyub saxlayır.

"Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur." Ulu öndər Heydər Əliyevin bu fikri dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsasında dayanır. Cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, hər birimizin gələcək fəaliyyəti bütün sahələri əhatə edən uğurlu nəticələrdən asılıdır.

Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya iqtisadiyyatına inamla inteqrasiya edən dövlət kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Son altı ildə Azərbaycanın büdcəsi 10 dəfədən çox artdı. Ölkəmizin valyuta ehtiyatları 20 milyard dollara çatdırıldı. 2004-cü ildə əsas vəzifə kimi qarşıya qoyulan qeyri-neft sektorunun, sahibkarlığın inkişafı təmin edilir. Bu məqsədlə yaradılan "Aqrolizinq" ASC və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına ayrılan güzəştli kreditlərin həcmi artırılır. Nəticədə ÜDM-də 85 faiz payı olan özəl bölmənin inkişafı təmin edildi. Respublikada iki minə yaxın məktəb istifadəyə verildi. Təhsilin inkişafına yönəldilmiş 16 dövlət proqramının həyata keçirilməsi, azərbaycanlı tələbələrin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün təminat yarandı. Dünya standartlarına cavab verən müalicə-diaqnostika mərkəzlərinin sayı artırıldı. Həyata keçirilən infrastruktur layihələri sayəsində bölgələrin siması dəyişdi. Əhalinin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsi, fermer təsərrüfatlarının genişləndirilməsi üçün dövlət dəstəyi gücləndirildi.

Son altı il ərzində Azərbaycanda minimum əməkhaqqı, pensiyalar dəfələrlə artırılıb. Dövlət başçısı bunların son hədd olmadığını bildirir. Ölkənin iqtisadi qüdrəti artdıqca əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır. Respublikamız investisiya cəlbediciliynə görə fərqlənir. Ən başlıcası isə tanınmış maliyyə təşkilatı olan Dünya Bankı tərəfindən açıqlanan "Doinq Busines-2009" hesabatında Azərbaycan dünya ölkələri sırasında ən islahatçı dövlət elan olundu.

Azərbaycan hakimiyyətinin daxili və xarici siyasəti, Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş davamlı tədbirlər cəmiyyətin böyük rəğbətinə səbəb olur. Bütün bölgələrdə təhsil ocaqları, tibb müəssisələri, istirahət və əyləncə mərkəzləri, xidmət və digər sosial obyektlər tikilib istifadəyə verilmiş, bir çoxu müasir standartlara uyğun yenidən qurulmuşdur.

Son altı ildə regionlara 100-dən artıq səfər edən Prezident İlham Əliyevin əhali tərəfindən böyük sevinclə qarşılanması lider-xalq birliyinin təntənəsi kimi yüksək dəyərləndirilir. Yerlərdə olarkən əhalinin arzu və istəkləri ilə bilavasitə maraqlanan Prezident İlham Əliyev təklif və təşəbbüslərin reallaşmasını, lazımi tədbirlərin görülməsini yerli idarəetmə orqanlarına əsas vəzifə kimi tapşırır.

Ölkə iqtisadiyyatının inkişafı üçün əsas amil olan enerji təhlükəsizliyinin təminatı istiqamətində önəmli addımlar atılır. Bölgələrdə müxtəlif gücə malik 9 elektrik stansiyasının istifadəyə verilməsi ilə emal müəssisələrində ən müasir texnologiyaların tətbiqi üçün əlverişli imkan yarandı. Əhalinin təbii qaza və elektrik enerjisinə tələbatı ödənilir. Azərbaycan qonşu dövlətlərdən qaz ixracına son qoyub. Hazırda respublikanın ən ucqar yaşayış məntəqələrində belə insanların təbii qaza və enerjiyə olan ehtiyacı daxili mənbələr hesabına ödənilir.

Azərbaycan eyni zamanda 27 dövlətin təmsil olunduğu Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi üçün də etibarlı tərəfdaş kimi inamı doğruldur. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi ilə dövlətlərarası əməkdaşlıq münasibətlərinin yaxşılaşdığını təsdiqləyən beynəlxalq ekspertlər, tanınmış siyasi xadimlər Prezident İlham Əliyevin davam etdirdiyi neft strategiyasının tək Azərbaycan üçün deyil, digər dövlətlər üçün də əhəmiyyətini dəfələrlə qeyd etmişlər.

Təkcə neft-qaz sahəsində deyil, qitələri birləşdirəcək nəqliyyat sektorunda da Azərbaycanın təşəbbüslərinin yüksək qiymətləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək istəyənlərin sayının artması ölkəmizə olan inam və etimaddan irəli gəlir.

Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizin beynəlxalq nüfuzu artmış, tərəfdaşları çoxalmışdır. Azərbaycan Böyük Britaniyanın keçmiş Baş nazirinin təşəbbüsü ilə Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulmuş ilk ölkələrdəndir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və aktivləri 15 milyard dolları ötən Azərbaycan Dövlət Neft Fondu şəffaflıq meyarı üzrə nümunəvi bir qurum kimi BMT tərəfindən yüksək mükafata layiq görülüb.

Əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin sayının artması da Prezident İlham Əliyevin qətiyyətinin və səyinin nəticəsidir. "Dağlıq Qarabağa heç bir zaman müstəqillik verilməyəcək" söyləyən cənab İlham Əliyev Azərbaycan xalqının istəyinin ifadəsi olan torpaqlarımızın bütövlüyünün təminatı üçün bütün imkanlardan istifadə olunacağını əminliklə bildirir. Bütün beynəlxalq səviyyəli görüşlərdə bölgədə və dünyada sülhün, sabitliyin təminatı üçün maneə olan Dağlıq Qarabağ probleminin əsas müzakirə mövzusu kimi gündəmə gətirilməsi Azərbaycanın uğurlu xarici siyasətinin nailiyyətidir.

"Mən bu fikirdəyəm ki, ölkəmizin davamlı və uzunmüddətli inkişafı, bütün digər cəhətlərlə yanaşı, ilk növbədə, demokratiyanın inkişaf səviyyəsindən və hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsindən asılıdır" söyləyən Prezident İlham Əliyev ölkədə insan hüquqlarının, söz, mətbuat, vicdan azadlığının qorunmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Son illər ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərinin demokratiyanın tələblərinə tam uyğun gəldiyi beynəlxalq aləmdə təsdiq olunur. Seçki praktikasının təkmilləşdirilməsinə dair sərəncamları ilə siyasi kampaniyalar zamanı obyektivliyin, şəffaflığın təminatına nəzarəti gücləndirən Prezident İlham Əliyevin qətiyyətinin nəticəsi olaraq Azərbaycanda "exit poll" təcrübəsi tətbiq olundu. Xalqın ümumi rəyinin ifadəsi olan səsvermənin nəticələrinin "exit poll"un nəticələri ilə eynilik təşkil etməsini demokratiyanın təntənəsi adlandıran beynəlxalq müşahidəçilər Azərbaycan təcrübəsini digər dövlətlər üçün nümunə göstərirlər. Seçkilərin şəffaflığının təmin edilməsi məqsədilə barmağın rəngsiz mürəkkəbə boyanması, seçki məntəqələrində veb-kameraların quraşdırılması da təqdir olunur. Bu fikir xüsusi vurğulanır ki, Azərbaycan demokratik seçki keçirməyə qadirdir. Seçki Məcəlləsində mütəmadi olaraq yeniliklərin öz əksini tapması üçün əlavə və dəyişikliklərin edilməsi, seçki praktikasının təkmilləşdirilməsinə dair sərəncamların imzalanması buna bariz nümunə kimi göstərilir. Ötən ilin dekabrında keçirilən bələdiyyə seçkiləri ölkəmizin demokratik inkişaf yolunda növbəti addımı kimi dəyərləndirildi.

İnsan hüquq və azadlıqlarının qorunmasını fəaliyyətinin əsas məqsədləri kimi daim diqqətdə saxlayan Prezident İlham Əliyevin imzaladığı əfv fərmanlarına əsasən azadlıqdan məhrum edilmiş minlərlə məhbus azadlığa buraxılmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları çoxlu sayda məhbusa şamil edilmişdir.

Ötən ilin martında keçirilmiş referendumda Konstitusiyaya edilən əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Bu dəyişikliklərə əsasən insan hüquqlarının qorunmasının yeni mexanizmləri müəyyənləşdirilir.

"Azərbaycan Respublikasının qeyri- hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nın qəbulu ilə ölkədə vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin sürətləndirilməsi üçün əlverişli şərait yaradan Prezident İlham Əliyev bu prosesin sistemli olmasını tövsiyə edir. Dövlət başçısının seçki praktikasının təkmilləşdirilməsinə dair sərəncamında əsasən 30 faiz maliyyəsini xaricdən alan qeyri-hökumət təşkilatlarının seçkiləri izləmələrinə qoyulan qadağanın ləğv edilməsi də bu sahəyə diqqətin bariz nümunəsidir.

"Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın qəbulunda əsas məqsəd vətəndaş cəmiyyəti quruculuğu prosesində fikir, söz, mətbuat azadlığını inkişaf etdirmək, KİV-lərin müstəqilliyini təmin etməkdir. Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması demokratiyanın əsas tələbləri olan mətbuatın müstəqilliynin təminatına, maddi-texniki bazasının möhkəmləndirilməsinə şərait yaradır.

 

Bir sözlə, Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf, ölkə əhalisinin rifah halının yüksəldilməsi, genişmiqyaslı quruculuq işləri, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlər uğurla davam etdirilir. Verilən vədlərin əməli işdə təsdiqini tapması ölkənin daha da qüdrətlənməsinə, daha müasir dövlətə çevrilməsinə geniş imkanlar açır.

 

 

Vüqar RƏHİMZADƏ,

"İki sahil" qəzetinin baş redaktoru,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2010.- 8 may.- S.  9.