"İki sahil" qəzetinin ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə xüsusi buraxılışı nəşr olunmuşdur

 

Azərbaycan xalqının ümummilli lideri, dövlətimizin xilaskarı və qurucusu Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "İki sahil" qəzetinin xüsusi buraxılışı işıq üzü görmüşdür.

1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından sonra ulu öndər bir sıra qəzetlərlə yanaşı, "İki sahil" qəzetinin də dövlət müstəqilliyinin qorunub saxlanması, ölkədə sabitliyin, əmin-amanlığın bərpa olunmasında xidmətlərini yüksək qiymətləndirərək demişdir: "... O vaxt "İki sahil" qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet çox cəsarətli məqalələr verirdi. Ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikirlərini dərc etməklə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu yüksək qiymətləndirirəm".

Ulu öndərin anadan olmasının 87-ci ildönümü münasibətilə hazırlanmış xüsusi buraxılış xalqın dilindən düşməyən bu sözlərlə başlanır: "... Siz özünüzə tayı-bərabəri olmayan abidə, əsrlər boyu yaşayacaq əbədi abidə yaratmısınız. Bu abidənin adı Azərbaycandır, tərəqqi edən, yeni, xoşbəxt Azərbaycan!"

"Xüsusi buraxılış"ın baş məqaləsi hesab olunan "Sönməz mayak" yazısında belə bir fikir vurğulanır ki, illər, əsrlər ötəcək, ulu öndər Heydər Əliyevin Azərbaycanın xoşbəxtliyi naminə yaratdığı ölməz irs ölkəmizin yolunu mayak kimi daim işıqlandıracaqdır.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbəri, 1982-ci il dekabrın 3-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi barədə tarixi hadisələr xüsusi buraxılışda yer almışdır.

"Heydər Əliyev - Azərbaycanın xilaskarı və qurucusu", "Azərbaycanın iqtisadi inkişafı Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində gerçəkləşmişdir", "Tarixi zəfərlərin memarı", "Xilaskar", "Əsrin müqaviləsi - əsrlərin müqaviləsi", "Mənim həyatımın məqsədi Azərbaycandır!" və digər yazıların ana xəttini belə bir fikir təşkil edir ki, Heydər Əliyev tək bir evin, bir ailənin, bir nəslin yox, bütün xalqın, bütün Azərbaycanın, dünyaya səpələnmiş milyonlarla soydaşımızın qibləgahıdır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin dediyi "Azərbaycanın gələcək uğurları Heydər Əliyevin siyasəti ilə bağlıdır. Bu siyasətə alternativ yoxdur. Yalnız bu siyasət Azərbaycanı uğurlu gələcəyə aparacaqdır" sözləri xüsusi buraxılışda diqqətə çatdırılır.

Dünyanın görkəmli siyasi xadimlərinin Heydər Əliyev haqqında dediyi fikirlər xüsusi buraxılışda maraqla oxunur. Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl türk dünyasının görkəmli simalarından biri olan ulu öndər barədə demişdir: "Heydər Əliyev Azərbaycana Tanrı qismətidir".

Azərbaycan mədəniyyəti, Azərbaycan dili, ölkəmizin xarici siyasəti, Yeni Azərbaycan Partiyasının yaradılması barədə və s. məqalələr "Xüsusi buraxılışa" mövzu rəngarəngliyi gətirmişdir.

Aydın, oxunaqlı, publisistik dildə yazılmış, rəngli şəkillərlə müşayiət olunan "İki sahil" qəzetinin "Xüsusi buraxılış"ı ulu öndərin Azərbaycanın tərəqqisinə, dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə yönəlmiş parlaq fəaliyyəti barədə dolğun təsəvvür yaradır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  8 may.- S.  13.