Arif Paşayev: "Vətənini azad görmək istəyən hər bir kəs bilməlidir ki, qələbə yalnız onu arzu edənlərin birliyindədir"

 

Milli Aviasiya Akademiyasının rektoru, "Azərbaycan dünyası" beynəlxalq jurnalının Ali Şurasının sədri, akademik Arif Paşayev Böyük Vətən müharibəsində Qələbənin 65 illik yubileyi münasibətilə jurnalın oxucularına müraciət etmişdir.

Bu ölüm-dirim müharibəsinin ideoloqlarının əsas niyyətlərini açıqlayan akademik yazır ki, yarandığı ilk dövrlərdən etibarən bəşəriyyət çoxsaylı münaqişələrin və müharibələrin şahidi olmuş, onların törətdiyi fəsadların ağrı-acısını yaşamışdır. Aparılmış araşdırmalar deməyə əsas verir ki, XX əsrdə baş vermiş İkinci Dünya muharibəsi öz miqyasına gorə cahan tarixinin bütün müharibələrini geridə qoymuşdur. Məlumdur ki, onun ideoloqlarının əsas niyyəti dünyaya ağalıq etmək və insanlığı faşizmin köləsinə cevirmək idi. Lakin 65 il öncə, 1945-ci il may ayının 9-da Tanrı tərəfindən insanlara bəxş edilmiş təməl prinsiplərini ayaqlar altına salmaq istəyən və aləmi özunə ram etmək arzusunda olan faşizm hərəkatının qarşısı tam alınmışdır.

Bəşər tarixində ən qanlı savaşlardan birinin döyüş meydanlarında şücaət göstərmiş soydaşlarımızın əziz xatirəsini yad edən akademik A.Paşayev bu böyük Qələbənin qazanılmasında Bakı neftçilərinin sonsuz qəhrəmanlığından söhbət açmışdır. Məlum olduğu kimi, bəşəriyyətin qanına susayan faşizmin başlıca məqsədlərindən biri də Bakı şəhərinin işğal edilməsi olduğunu vurğulayan akademik yazır ki, məqsəd sovet texnikasını yanacaqsız qoymaq və bununla muharibənin taleyini həll etmək idi. Niyyətinə nail ola bilməyən faşistlərə ən böyük zərbəni də məhz Bakının qəhrəman neftçiləri vurmuşlar. Bakı nefti bu savaşda düşmənə qarşı müqavimət göstərmək üçün əsas zərurətlərdən biri kimi tarixi prosesə ciddi təsir göstərmişdir. Lakin təəssüf ki, paytaxtımız öz layiqli adını - "Qəhrəman şəhər" statusunu almamışdır. Bu tarixi ədalətsizlikdir və gec də olsa aradan qaldırılmalıdır.

Milli Aviasiya Akademiyasının rektoru vurğulamışdır ki, həmin dövrdə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağı hazırlanmışdır. Sovet aviasiyası məhz sözugedən kəşfdən sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq olmuşdur. Bu məqsədlə xalqımızın qəhrəman övladlarının, alimlərinin və döyüş zamanı hər 10 texnikadan 8-ni hərəkətə gətirə bilən "Qara qızıl"ımızın oynadığı rolu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq vacibdir.

Arif Paşayev qeyd etmişdir ki, bütün müharibələr sonda haqqın qələbəsi ilə nəticələnir. Hazırda ildönümünü qeyd etdiyimiz Qələbə də ədalətin Qələbəsidir. Azərbaycanın erməni təcavüzünə məruz qaldığını vurğulayan müəllif bu ədalətsiz müharibədə də haqqın zəfər çalacağına əmin olduğunu bildirmişdir ki, İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş Azərbaycan övladlarının davamçıları da bu işğalla heç vaxt barışa, Vətəninin bir qarışını belə kimsə ilə bölüşə bilməzlər.

Müstəqil ölkəmizdə şanlı Qələbə bayramının alın açıqlığı ilə qeyd olunduğunu deyən akademik Arif Paşayev Azərbaycan xalqını Böyük Qələbə naminə birliyə çağırmışdır. O deyir: "Tarixi qələbənin əldə olunmasında yüksək qəhrəmanlıq nümayiş etdirmiş, əbədi təşəkkürə və təqdirəlayiq olan bütün xalqların qarşısında baş əyir, ali şərəf hissi ilə bir daha Qələbə bayramınızı təbirk edirəm. Birliyimiz olmasaydı, bu qələbə də olmazdı.

Vətənini azad görmək istəyən hər bir kəs bilməlidir ki, qələbə yalnız onu arzu edənlərin birliyindədir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8 may.- S.  14.