Nəcib missiyalar daşıyıcısı

 

Heydər Əliyev Fondu öz fəaliyyəti ilə beynəlxalq miqyasda da böyük rəğbət qazanmaqdadır

 

Müstəqil Azərbaycan dövlətinin qurucusu olan, həyatını xalqına xidmətə həsr edən ümummilli lider Heydər Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın adının hər zaman dərin ehtiramla anılmasına səbəb olan amillərdən biri də ulu öndərin humanizm prinsiplərinə söykənən nəcib əməlləridir. Siyasi uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və əzmkarlığı ilə zamanımızın görkəmli siyasi xadimi olan Heydər Əliyev öz xeyirxahlığı, sosial ədalət prinsiplərinə sadiqliyi, milli-mənəvi dəyərləri daim uca tutması, cəmiyyətin tərəqqisi naminə göstərdiyi titanik fəaliyyəti ilə də yaddaşlarda əbədi iz qoyub. Ümummilli liderin bu nəcib əməllərini davam etdirən, köməyə, yardıma ehtiyac duyanların hər zaman yanında olan Heydər Əliyev Fondu isə geniş spektrli fəaliyyəti ilə təkcə ölkəmizdə yox, onun sərhədlərindən kənarda da böyük rəğbət qazanıb.

 

Ulu öndərin milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılayan, onun amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasında, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində mühüm rol oynayır. Prezident İlham Əliyevin ulu öndərin xatirəsinin əbədiləşdirilməsi haqqında 10 mart 2004-cü il tarixli fərmanı ilə ictimai əsaslarla yaradılması dəstəklənən Heydər Əliyev Fondu həm də Ermənistan-Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi, xalqımıza qarşı ermənilər tərəfindən tarixən törədilən soyqırımıları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük nailiyyətlərə imza atıb və yenə də atmaqdadır.

Ümumiyyətlə isə bu fondun yaradılmasını zərurətə çevirən səbəblərə gəlincə, bunların sırasında ilk növbədə, Azərbaycan xalqının ümummilli liderin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi, ulu öndərin siyasi məfkurəsinin davam etdirilməsi zərurəti, qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti, bu dahi şəxsiyyətin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi qeyd olunmalıdır. 2004-cü ilin mayında açılışı olan Heydər Əliyev Fondu böyük amallar və məqsədlərə xidmət etməklə yanaşı, bu gün yardıma ehtiyacı olan hər bir insanın ümid yerinə çevrilib. Açılış mərasimində Prezident İlham Əliyev fondun fəxri qonaqlar kitabında ürək sözünü belə ifadə etmişdir: "Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Bu bayram günündə onun adını daşıyan fondun təqdimat mərasimi keçirilmişdir. Heydər Əliyev Fondu xalqımızın ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi irsini öyrənəcək, təhlil, tədqiq və təbliğ edəcəkdir. Heydər Əliyev Fondu ictimai təşkilatlar və Azərbaycanın ictimai həyatında mühüm rol oynayacaqdır. Heydər Əliyevin ideyaları, fikirləri yaşayır. Heydər Əliyev siyasəti, fəlsəfəsi, ideologiyası yaşayır və bundan sonra da əbədi yaşayacaqdır. Heydər Əliyevin əsəri olan müasir Azərbaycan onun yolu ilə irəliyə, yeni qələbələrə doğru inamla gedəcəkdir".

Azərbaycan cəmiyyətinin inkişafında, səhiyyə, təhsil kimi mühüm sferalarda yaranan problemlərin həllində, milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliği istiqamətində möhtəşəm uğurlar müəllifi olan Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədlər kifayət qədər genişdir və ictimai həyatın demək olar ki, bütün sferalarını əhatə edir. Fondun əsas məqsədlərindən biri ulu öndərin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verməkdir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr reallaşdırmaq da fondun əsas məqsədləri sırasında yer alır. Fondun qarşıya qoyduğu digər məsələlər isə aşağıdakı kimi qruplaşdırılır: yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək, elmi tədqiqatların aparılmasına yardım göstərmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək.

Göründüyü kimi, Heydər Əliyev Fondunun fəaliyyət miqyası kifayət qədər genişdir. Özü də bu fəaliyyət təkcə Azərbaycan çərçivəsində məhdudlaşmayaraq ümummilli liderin zəngin dövlətçilik irsinin, nəcib əməllərinin bütün dünyada tanıdılması kimi genişmiqyaslı xarakter daşıyır. Fondun böyük nailiyyətlərə, uğurlara imza atmasında bütün təşəbbüsləri milli ruha əsaslanır. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, onun olduğu kimi dünyada təqdim olunması, fərqli mədəniyyətlərin birləşməsində öz dəst-xəttini yaradan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti və göstərdiyi xidmətlər xüsusi qeyd olunmalıdır. Milli-mənəvi dəyərlərimizin inkişafı, insanlığın xilasına xidmət edən nəcib missiyaların həyata keçirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, sosial sferada uğurlu fəaliyyəti ilə xoş məramlar elçisi olan Mehriban xanım Əliyeva Vətəninə, xalqına əvəzsiz xidmətlər göstərməkdədir. Onun çoxşaxəli fəaliyyətini yalnız bir sözlə ifadə etmək mümkündür: "Xoş niyyət".

Bu mənada təsadüfi deyil ki, ölkəmizin ən ali mükafatlarından olan və 2004-cü ildə təsis edilmiş Heydər Əliyev Mükafatını ilk alanlardan biri məhz Mehriban xanım Əliyeva olub. Ümummilli liderin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə ötən il keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Heydər Əliyev Mükafatını təqdim edib. Azərbaycan təsviri sənətinin inkişafındakı xüsusi xidmətlərinə görə heykəltəraş, xalq rəssamı Ömər Eldarov, ölkəmizin musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə bəstəkar, xalq artisti Arif Məlikov da Heydər Əliyev Mükafatına ilk layiq görülənlər arasında yer alıb.

Ötən il keçirilən mərasimdə Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatı isə həm də fondun Azərbaycanın müxtəlif sahələrdə inkişafına xidmət edən insanların fəaliyyətinə də yüksək qiymət verdiyinin əyani göstəricisi oldu. Onu da xatırladaq ki, "Qızıl çinar" beynəlxalq mükafatı həyatını Yer üzündə bəşəri dəyərlərin, humanizm prinsiplərinin bərqərar olmasına həsr edən ictimai xadimlərə, dünyanın tanınmış adamlarına, seçilən və sevilən insanlara təqdim olunur. Heydər Əliyev Fondunun layihə və proqramlarında fəal iştirak, eyni zamanda, sıx əməkdaşlıq edən, xalqlararası əlaqələrin möhkəmlənməsinə, ümumi işə öz töhfəsini verən şəxslərdən biri kimi isə keçən il "Qızıl çinar" beynəlxalq mükafatına bütün həyatı humanizm ideyalarından qaynaqlanan, ulu öndərin məsləkdaşı və yaxın dostu professor, doktor İhsan Doğramacı layiq görülüb. Qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq məktəbinin inkişafına, yeni ifaçılar nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Məmmədov, Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığa, beynəlxalq aləmdə həyata keçirilən layihədə fəal iştirakına, etibarlı tərəfdaşlığın qurulmasına və ümumi işə verdiyi töhfəyə görə BMT-nin ölkəmizdəki sabiq rezident əlaqələndiricisi Marko Borsotti də "Qızıl çinar"la mükafatlandırılanlar sırasında yer alıb. Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki fəaliyyətinə verdiyi böyük dəstəyə, yüzlərlə insanın sağlamlığının bərpasına əvəzsiz töhfəsinə görə ürək və damar cərrahı Rəşad Mahmudov, fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Samux rayonunun Sarıqamış kənd orta məktəbinin tikintisinə göstərdiyi dəstəyə və ümumi işə verdiyi töhfəyə görə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski, gənc nəslin hərtərəfli, əsl vətəndaş kimi böyüməsi sahəsindəki xidmətlərinə görə paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova da bu mükafata layiq görülənlərdilər.

Yaranmasından tarix etibarı ilə elə də böyük zaman keçməsə də, Heydər Əliyev Fondu öz fəaliyyəti ilə Azərbaycanın ictimai həyatında kifayət qədər böyük rol oynadığını konkret əməllər timsalında sübuta yetirir, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına böyük töhfələr verir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.-  9 may.- S.  11.