Böyük Vətən müharibəsi illərində Azərbaycan dəyanəti

 

Dünya tarixindəki hərbi münaqişələr sırasında insan tələfatına, yüz minlərlə şəhər, qəsəbə və kəndin viranəyə çevrilməsinin miqyasına görə ən dəhşətlisi İkinci dünya müharibəsi olmuşdur. Bu müharibə keçmiş sovetlər birliyinin tarixinə Böyük Vətən müharibəsi kimi daxil olmuşdur. Hələ keçən il MDB-yə daxil olan dövlət başçılarının Moskva toplantısında faşizm üzərində qələbənin 65-ci ildönümünün böyük təntənə ilə qeyd olunması qərara alınmışdır. Hazırda respublikamızın bütün rayon və şəhərlərində əmək kollektivlərində bu münasibətlə tədbirlər keçirilir.

 

Bu dəhşətli müharibənin başlandığı ilk gündən ölkəmizdə səfərbərlik elan olundu. Əlli yaşına kimi kişilər cəbhədə, yaşlı kişilər və qadınlar isə müharibənin sərt qanunları şəraitində fədakarlıqla işləməyə başladılar. Müharibənin ilk günlərində on minlərlə azərbaycanlı oğul və qızları döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verirdilər. Yaxşı yadımdadır, respublikanın bütün iş qabiliyyətli qadınları döyüş cəbhəsinə gedən kişilərin əvəzinə çalışır, xalq təsərrüfatının bütün sahələrində işlərini görürdülər. Şaxtalı qış günlərində Şimal cəbhəsindəki döyüşçülərin qayğısına qalaraq onlara yun köynək, əlcək, corab toxuyub göndərirdilər.

1941-1945-ci illərdə azərbaycanlılar döyüş cəbhəsində böyük qəhrəmanlıq və şücaət göstərmişdilər. Böyük əksəriyyəti azərbaycanlılar olan diviziyalar yaradıldı. İlk yaradılanlardan biri 223-cü diviziya olmuşdur. 402-ci atıcı diviziyası, 77-ci Qırmızı Bayraqlı, Suvorov ordenli dağatıcı diviziyası, 416-cı Qırmızı Bayraqlı, Suvorov ordenli Taqanroq atıcı diviziyasını bu baxımdan xüsusi qeyd etmək olar. Sonuncu diviziyanın qəhrəman döyüşçüləri Şimali Qafqazın Mozdok, Taqanroq, Melitopol, Odessa, eləcə də Moldovanın mərkəzi Kişinyov və Polşanın mərkəzi Varşava şəhərlərinin faşistlərdən azad olunmasında rəşadətli döyüş və qəhrəmanlıq nümunəsi göstərmişlər. Bu günə kimi şöhrəti dillər əzbəri olan 416-cı diviziyanın döyüş yolu Almaniyanın mərkəzi Berlində tamamlanmışdı. Ümumiyyətlə, adları çəkilən Azərbaycan diviziyaları Böyük Vətən müharibəsində respublikamızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazmışdır.

Bəşəriyyət tarixinə ən amansız, dağıdıcı müharibə kimi düşən 1941-1945-ci illər müharibəsinə altı yüz mindən artıq azərbaycanlı səfərbər olunmuşdu. Onlardan böyük əksəriyyəti vətən yolunda canlarını qurban vermişdilər. Qürur hissi ilə qeyd etmək olar ki, azərbaycanlı igid döyüşçülərdən 120-dən artığı rəşadətli döyüş nümayiş etdirərək düşməni böyük canlı qüvvə və hərbi texnika itkisinə məruz qoyanlardan xüsusi fərqləndiklərinə görə, ölkənin ən yüksək mükafatı - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox oğul və qızları isə ölkənin digər orden və mükafatları ilə təltif edilmişdilər.

Müharibənin ən kəskin dövründə Bakı neftçilərinin işini də xüsusi qeyd etmək lazımdır. Onlar gecə-gündüz yorulmadan çalışaraq neft məhsulları istehsal edib cəbhəyə göndərirdilər. 1941-ci ildə istehsal olunan qara qızıl 23 milyon tona çatdırıldı. 1941-1943-cü illərdə Şimali Qafqaz dəmir yolunun müəyyən hissəsi almanların nəzarəti altında olduğundan, neft məhsullarının dəmir yol nəqliyyatı vasitəsilə göndərilməsində çətinlik yaranmışdı. Belə bir zamanda cəbhəyə göndərilən bu məhsullar sisternlərə doldurularaq daha təhlükəsiz üsulla gəmilərin yedəyinə qoşulur, açıq dənizlə Həştərxan limanına çatdırılırdı. Beləliklə, cəbhədə döyüş təyyarələrinin, tank, avtonəqliyyat və digər döyüş texnikalarının fasiləsiz işləməsi üçün lazım olan və bütün müharibə illərində işlənilən neft məhsullarının 75 faizi Bakı neftçilərinin payına düşürdü.

Böyük Vətən müharibəsi illərində Azərbaycan dövlət təhlükəsizlik orqanlarının (DTO) gərgin iş rejimində işləməsini də xüsusi qeyd etmək lazımdır. Belə ki, respublika ərazisinə paraşütlərlə göndərilən alman casuslarına ölkəmizin ərazisində işləmək tapşırığı verilirdi. DTO həmin agentləri vaxtında müəyyən edib zərərsizləşdirir və törədilə biləcək hadisələrin qarşısını alırdı.

Böyük Vətən müharibəsinin ilk günlərindən cəbhəyə getmiş, bu dəhşətli müharibənin məntiqi sonluğuna kimi qanlı döyüşlərdə iştirak etmiş, müharibədən sonra isə görünməz cəbhə adlanan sahədə dövlət təhlükəsizlik orqanlarında uzun illər qüsursuz xidmət etmiş həmkarlarımdan bir neçəsinin adlarını çəkmək istərdim. Onlardan Əbdül Əliyev, Əhəd Şəmsizadə, Əbdüləli Hacıyev, Şəmsi Rəhimov, Əfras Qasımov, Dmitriy Bıstrov, Məmməd Məmmədov, Musa Səfərov və başqalarının əziz xatirələri önündə baş əyirəm.

Xalqımızın ulu öndəri DTO-ya rəhbərlik etdiyi 1960-cı illərdə həmişə çalışırdı ki, keçirilən müşavirələrdən sonra əməkdaşlarda vətənpərvərlik ruhunun daha da gücləndirilməsi üçün maraqlı mühazirələr təşkil etsin. Bunlardan birinin adını çəkmək istərdim: 1968-ci ilin yazında keçirilən kollegiya iclasından sonra DTK-nın bütün əməkdaşlarına F.Dzerjinski adına klubda mühazirə söyləmək üçün görkəmli yazıçı, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi İmran Qasımovu dəvət etmişdi. Onun mühazirədə danışdıqlarından əfsanəvi qəhrəman Mehdi Hüseynzadəyə aid olanını oxuculara çatdırmaq istərdim. O bildirdi ki, 1950-ci illərin əvvəllərində Fransada ezamiyyətdə olduğu vaxt bu ölkənin tanınmış yazıçısı Fransa Kommunist Partiyasının üzvü və təşkilatın MK-nın üzvü, "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin Mükafatı Laureatı Lui Araqonla görüşüb. Söhbət əsnasında İmran müəllimə və digər Azərbaycan yazıçılarına müraciət edərək bu günə kimi Azərbaycanın cəsur döyüşçüsü bakılı Mehdi Hüseynzadənin İtaliya və Yuqoslaviya ərazisində göstərdiyi qəhrəmanlıqlardan yazmadıqlarını irad tutmuşdu. İmran müəllim söhbəti davam etdirərək bildirdi ki, o, ölkəyə dönəndən sonra bu məsələ barədə respublika rəhbərliyinə məlumat verib.

Qısa vaxtdan sonra İmran Qasımov tanınmış dramaturq və kinorejissor Həsən Seyidbəyli ilə Mehdi Hüseynzadənin qəhrəmanlıq göstərdiyi ölkələrə ezam olundular. Həmin ölkələrdə qəhrəmanın partizan dəstələrindəki dostları və yerli sadə insanlarla görüşdükdən və kifayət qədər ətraflı məlumatlar topladıqdan sonra vətənə döndülər. Tez bir zamanda - 1953-cü ildə qəhrəman barəsində "Uzaq sahillərdə" povestini yazdılar.

Milliyyətcə alman olan həmyerlimiz, əfsanəvi sovet kəşfiyyatçısı Rixard Zorgenin göstərdiyi qəhrəmanlıqları da xüsusi vurğulamaq lazımdır. O, 1895-ci ildə Bakının Sabunçu qəsəbəsində anadan olmuş, 1929-cu ildən sovet kəşfiyyatında xidmətə başlamışdır. R.Zorge qısa müddətdə Almaniyanın Tokiodakı səfirliyi əməkdaşlarının etimadını qazana bilmişdi. Bu imkandan istifadə edərək sovet rəhbərliyinə şifr teleqramı ilə Almaniyanın sovetlərə hücum edəcəyi günü bildirmişdi. Moskva altında gedən qanlı döyüşlər vaxtı isə yaponların SSRİ ilə müharibə etməyəcəyini bildirmişdi. Bu məlumata əsasən, sovet rəhbərliyi uzaq Şərqdəki qoşunlarını Moskva altında gedən döyüş zonasına göndərmişdi ki, bu da faşist ordusunun Moskvaya daxil olmasının qarşısını almağa kömək etmişdi.

SSRİ-yə göstərdiyi misilsiz xidmətlərinə görə R.Zorgeyə 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 70-ci illərdə Bakının Nəsimi rayonu ərazisindəki parkların birində əfsanəvi qəhrəman R.Zorgeyə özünəməxsus layihədə abidə kompleksi ucaldıldı. Hər il MTN əməkdaşlarının peşə bayramı günü bu abidə də ziyarət olunur.

"Faşist taunu"ndan xilas olunan ölkələr kimi Azərbaycan xalqı da bu il mayın 9-da alman faşizmi üzərində qələbənin 65 illiyini təntənə ilə qeyd edir. Lakin Cənubi Qafqazda peyda olmuş yeni faşist yuvası kimi Ermənistan Respublikasını göstərmək lazımdır. Bu ölkə xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayır. Bir milyona yaxın soydaşlarımız məcburi köçkünlük həyatı yaşayır.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, əgər Ermənistan rəhbərliyi məsələnin sülh yolu ilə həll olunmasında məntiqə sığmayan qeyri-konstruktiv mövqeyindən əl çəkməsə, Azərbaycan dövləti ərazi bütövlüyünü istənilən başqa yollarla bərpa etmək hüququnu özündə saxlayır. Xalqımızla yanaşı, bütün dünya ölkələri də bizim haqq işimizi dəstəkləyir. Biz hamımız bu işdə vətən qarşısında konstitusiya borcumuzu yerinə yetirməyə hazır olmalıyıq. Bu məsələnin də ədalətli həllindən sonra hər il 9 may - Qələbə bayramı ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası gününü də bayram kimi qeyd edəcəyik. Bu, xalqımızın şərəf işidir!

 

 

Bəxtiyar SÜLEYMANLI,

Böyük Vətən müharibəsi və

MTO-nun veteranı, Azərbaycan

Jurnalistlər Birliyinin üzvü

 

Azərbaycan.- 2010.- 9 may.- S.  12.