Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə paytaxtda möhtəşəm gül bayramı təşkil edilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev bayramda olmuşdur

 

 Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm gül bayramı təşkil edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə gül bayramında olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, səhər tezdən başlayaraq paytaxt sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xarici ölkələrdən gətirilmiş gül-çiçəklə bəzədilən parka gəlirlər. Gül bayramında tərtib olunmuş kompozisiyalarda ABŞ, İngiltərə, Hollandiya, Türkiyə, Çin, Fransa, Danimarka və dünyanın digər ölkələrindən gətirilmiş 450 növdən artıq 1,5 milyondan çox müxtəlif güllərdən istifadə olunmuşdur.

Prezident İlham Əliyev və ailə üzvləri güllərdən hörülmüş nağıl şəhərciyinə, milli musiqi alətlərimizə - tar, kamança, qaval, saz və qoşa nağaraya maraqla baxdılar.

Çiçək kimi bəzənmiş və bayramı daha da gözəlləşdirən uşaqlar Prezident İlham Əliyevi və ailə üzvlərini özlərinə xas səmimiyyətlə salamladılar. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva uşaqlarla söhbət etdilər, onlarla birlikdə ulu öndərin abidəsini ziyarət edərək xatirə şəkli çəkdirdilər. Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament güllər və yarpaqlarla hörülmüşdü.

Prezident İlham Əliyev və ailə üzvləri gül-çiçəyə qərq olmuş parkın gözəlliyini seyr etdilər. Müxtəlif çiçəklərdən toxunan "xalça"lar, türk dünyasının böyük oğlu Heydər Əliyevin portreti orijinallığı ilə göz oxşayırdı. Xarici ölkələrdən gətirilmiş və Azərbaycanda yetişdirilmiş cürbəcür çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar buraya gələnləri heyran qoyurdu. Təbii çiçəklər və yarpaqlardan düzəldilmiş stendlərdə ulu öndər Heydər Əliyevin təbiətin qoynunda çəkilmiş fotoşəkilləri göz oxşayırdı. Burada Prezident İlham Əliyevin və ailə üzvlərinin müxtəlif illərdə təşkil edilmiş gül bayramlarında iştirakını əks etdirən və güllərlə bəzədilmiş fotostendlər də maraq doğururdu. Fəvvarələrin ətrafından tutmuş hər tərəf bir-birindən gözəl, bahar təravətli gül-çiçək içində idi. Bir-birini əvəz edən musiqi nömrələri bayram ovqatını daha da yüksəldirdi.

Prezident İlham Əliyev və ailə üzvləri Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin adına yetişdirilmiş və bayram ərəfəsində Bakıya gətirilərək parkda əkilmiş zanbaqlara maraqla baxdılar. Qeyd olundu ki, paytaxtın müxtəlif park və xiyabanlarını assosiasiya tərəfindən yetişdirilmiş 500 mindən artıq qızılı zanbaq bəzəyir. Gələn il isə onların sayı 2 milyona çatdırılacaqdır.

 İngiltərədə hazırlanaraq respublikamıza gətirilmiş və üzərində ulu öndərin portreti, müxtəlif çiçəklər əks olunmuş 3 ədəd 30 metr hündürlüyündə hava şarı da maraqla qarşılandı. Bildirildi ki, hava şarları bu gün axşam havaya buraxılacaqdır.

Dövlətimizin başçısı və ailə üzvləri ümummilli lider Heydər Əliyevin güllərdən hazırlanmış portreti önündə xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 12 may.- S.  3.