İsveçrə Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

 

Ölkəmizdə səfərdə olan İsveçrə parlamentinin İsveçrə-Azərbaycan dostluq qrupunun üzvləri mayın 11-də Milli Məclisə gəlmişdilər. Qonaqlar parlamentin binası ilə tanış olmuş, deputatlar üçün yaradılmış iş şəraitini yüksək qiymətləndirmişlər. İsveçrəli deputatlar, iş adamları parlamentdəki Heydər Əliyev Xatirə zalına da baxmışlar. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, müxtəlif ölkələrin dövlət və hökumət başçıları, parlament sədrləri ilə keçirdiyi görüşləri əks etdirən fotoşəkillər, eksponatlar qonaqlarda dərin təəssürat yaratmışdır.

Sonra İsveçrə parlamentinin nümayəndələri Milli Məclisin Azərbaycan-İsveçrə parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşmüşdülər.

Milli Məclis Sədrinin müavini, işçi qrupunun rəhbəri Bahar Muradova qonaqlara Azərbaycan parlamentinin fəaliyyəti, qanunvericilik bazası, ölkəmizdə həyata keçirilən islahatların uğurlu nəticələri barədə ətraflı məlumat vermişdir. O demişdir ki, iqtisadi inkişafına görə Azərbaycan regionda lider dövlətdir, dünyada baş verən qlobal maliyyə böhranına ən az məruz qalan ölkədir. Azərbaycan insan hüquqlarının müdafiəsinə, söz azadlığına, tolerantlığa görə çox ölkələrə nümunədir.

Görüşdə Bahar Muradova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat vermiş, bunun təkcə ölkəmizin deyil, bütövlükdə regionun inkişafına ciddi maneə yaratdığını və təhlükəsizliyə təhdid olduğunu diqqətə çatdırmış, Azərbaycanın bu problemin sülh yolu ilə həllinə çalışdığını bildirmişdir.

İşçi qrupunun üzvləri Asəf Hacıyev, Azay Quliyev, Gövhər Baxşəliyeva, Əli Məsimli ölkəmizdə elmin, təhsilin inkişafı, bu və digər sahələrdə beynəlxalq əməkdaşlıq, qeyri-hökumət təşkilatlarının ölkədə vətəndaş cəmiyyətinin inkişafındakı rolu barədə məlumat vermişlər.

İsveçrə-Azərbaycan dostluq qrupunun rəhbəri xanım Kristin Egerzegi-Obrist yenidən Azərbaycanda olmasından məmnunluğunu bildirmiş, göstərilən qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlıq etmişdir. O demişdir ki, İsveçrə kiçik dövlətdir və böyük dostlara ehtiyacı vardır. Ona görə də biz sürətlə inkişaf edən Azərbaycan ilə əməkdaşlıqda maraqlıyıq. Səfərin məqsədi də Azərbaycan ilə təkcə parlamentlər arasında deyil, bütün sahələrdə əlaqələri inkişaf etdirməkdir.

Qonaqlar bildirmişlər ki, Prezident İlham Əliyevin ötən ilin sonlarında İsveçrəyə səfərindən sonra bu ölkənin iş adamlarının Azərbaycana marağı artmışdır. Müxtəlif iş adamlarının, elm xadimlərinin, şirkət rəhbərlərinin Bakıya gəlmələrinin əsas məqsədi elm, təhsil, enerji, bank, tikinti və digər sahələrdə əlaqələr qurmaq, əməkdaşlıq etməkdir.

Xanım Kristin Egerzegi-Obrist demişdir ki, İsveçrə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından ciddi narahatdır. Bütün insanlar sülh və əmin-amanlıq şəraitində yaşamalıdırlar. Biz Azərbaycanın problemin həllindəki mövqeyini dəstəkləyirik. Düşünürük ki, çətin də olsa münaqişənin sülh yolu ilə həlli mümkündür.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 12 may.- S.  7.