Musiqimizin tacı muğam

 

"Buta" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının altı illiyi münasibətilə keçirilən təntənəli mərasimdə fondun təsis etdiyi "Qızıl çinar" Beynəlxalq mükafatının müxtəlif nominasiyalar üzrə 2010-cu ilin qalibləri elan edildi. Milli musiqimizin şah əsəri olan muğamın inkişafına verdiyi töhfəyə və Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdə fəal iştirakına görə xalq artisti Arif Babayevə "Qızıl çinar" Beynəlxalq mükafatı təqdim olundu.

 

Bu mötəbər mükafata layiq görüldüyü üçün görkəmli sənətkar çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirdi. Belə bir mükafatın ulu öndərimizin ad günündə təqdim olunmasını yüksək dəyərləndirən xalq artisti öz nitqində dedi: "Bu gün mənim həyatımda unudulmaz bir gündür. Mehriban xanım, siz bizim milli musiqimizin tacı olan muğamımızı dünya səviyyəsinə qaldırmısınız. Çox sağ olun..."

Milli musiqi ifaçılığımızın öncül ustadlarından olan xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Arif Babayev məlahətli səsi və böyük istedadına görə o sənətkarlar nəslinə mənsubdur ki, gəncliyindən üzü bəri ona olan el məhəbbətini, rəğbəti yaşada bilib. Təbiətən xeyirxah olan Arif Babayev söyləyir: "Mən xalqımdan, hökumətimdən çox razıyam. Heç vaxt naşükür ola bilmərəm. Mənə həmişə ehtiramla yanaşılıb. Bütün fəxri adları almışam. Prezidentin fərdi təqaüdçüsüyəm, sayılıb-seçilirəm. Son vaxtlar muğamlarımıza, xalq mahnılarına, onların ifaçılarına xüsusi diqqət və məhəbbət göstərilir, şərait yaradılır. Sənət adamına daha nə lazımdır ki? Bu səs deyilən varlıq əslində köz parçasıdır. Onun yanğısına duruş gətirmək mümkün deyil. Gör ömrün hansı pilləsinə gəlib çıxdım. Məni həm mənəvi, həm də maddi cəhətdən yaşadan və ucaldan muğamlarımızdır. Bunu etiraf etməkdən zövq alıram".

Gözəl səs ancaq doğulur. Səs var ki, canındakı məlahət, həzinlik, kövrəklik səni öz ovsununa elə salır ki, əslində onun sahibinə həm həsəd aparırsan, həm də heyrət edirsən. Fikirləşirsən ki, bu nə möcüzədir, ilahi? Cızdağımızı çıxartdı, bizi yandırıb tökdü, özü hələ də heç nə olmayıbmış kimi oxumaqdadır. Bu şirin səslərdəki qəm selinin, həyat eşqinin ahəngində qəribə bir sehr, sirr gizlənir. Arif Babayevi tanıyandan, onun səsinin cazibəsinə məftun olandan bu cür düşünürəm. Arif Babayev yaşıl səsli xanəndədir. Bu səbəbdən də onun səsinin zümrüd yarpaqları heç vaxt sarı rəngin nə olduğunu bilməyəcək. Elə bir avazı var ki, "Mənsuriyyə"si, "Segah zabul"u, "Şur"u, "Qarabağ şikəstəsi" bizi həmişəlik öz məftununda saxlamaqdadır. Yanğı ilə oxuduğu "Qəmərim" xalq mahnısının nidaları varlığımızda əbədi atəş qalayıb. Arif Babayevə qulaq asdıqca nəfəsinin və avazının ovsunundan xilas olmaq mümkün deyil.

Görkəmli sənətkarın şifahi mədəniyyət abidəsi adlanan muğamlarımıza özünəməxsus münasibəti var. O deyir: "Muğam bizim qanımızdır, kimliyimizdir, xalqımızın taleyidir. Hər bir muğamın özünün hekayəti var. "Humayun" bir hadisəni danışır, "Segah" hansısa nisgili xatırladır. Muğamların hər birinin söylədikləri mətləbləri danışmaq uzun çəkər. Hər bir muğamda xalqımızın, millətimizin bir tarixi yaşayır. Fikir verirsiniz, "Heyratı" başdan ayağa qəhrəmanlığı tərənnüm edir. "Mənsuriyyə" insanları vətən uğrunda mübarizəyə səsləyir. Muğam həm də öz şirinliyinə və cazibəsinə görə analarımızın laylasını xatırladır. Uşaq vaxtı mən Ağdam məscidində Mustafa adlı bir mollanın "Azan"ına qulaq asmağı çox sevərdim. Nisgilli səsi vardı. Hər dəfə ona qulaq asanda çox kövrəlirdim. Şəhərin harasına getsən, o səs eşidilirdi. Sonralar öyrəndim ki, rəhmətlik "Zəminxarə" üstündə oxuyurmuş. Elə o vaxtdan "Zəminxarə" mənim ürəyimi fəth etdi. Sonralar onu Bakıda mükəmməl öyrəndim, ifa etməyi sevdim".

Bəzən rəqəmləri, faktları quru, soyuq adlandırırlar. Halbuki çox sadalananda darıxdırıcı təsir bağışlayan hər bir rəqəmin arxasında bir tale dayanır, insan ömrü boylanır. Müəyyən məqamlar, hadisələr xatırlanır. Bu baxımdan Arif Babayevin bioqrafiyasından çəkdiyimiz hər bir rəqəmin kəsb etdiyi dərin mənalar var. O, 1938-ci il fevral ayının 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Atası İmran kişinin məlahətli səsi olsa da, heç vaxt xanəndəlik etməyib. Arif Babayevin yaxın qohumları təsdiqləyirlər ki, xanəndənin səsi atasının avazına bənzəyir.

Ağdamdakı 5 nömrəli orta məktəbi bitirdikdən sonra hərbi xidməti başa vuran Arif Babayev bir müddət doğma rayonunun mədəniyyət evində çalışıb. Sonralar ali təhsil almaq üçün Bakıya gəlib. 1962-ci ildən paytaxta bağlanan Arif Babayevin hələ tələbə ikən opera və operettalardan ifa etdiyi ayrı-ayrı parçalar, muğamlar müəllimlərinin diqqətini çəkib. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunda oxuyurdu. İkinci kursda ikən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti seçilib. İki il sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə başlayıb.

Belə bir fikir var ki, muğam insanın xarakterini müəyyənləşdirir və onun xasiyyətində bir sabitlik yaradır. Bu mənada muğam ifaçıları həmişə ciddi və ağır təbiətli olurlar. Bu fikrin təsdiqini tapmaq üçün çox uzağa getmək lazım gəlmir. Xan əmini xatırlamaq, elə Arif Babayevin özündən söz açmaq kifayət edər. Ustadın bu fikrimizə münasibəti belədir: "Sizinlə razıyam. Muğamlarımızla, xalq musiqisi ilə məşğul olan adamların demək olar ki, əksəriyyəti ağırtaxtalıdırlar. Oturuşlarına, duruşlarına, el içində özlərini aparmaqlarına xüsusi fikir verirlər. Bir də açıq deyirəm, muğam adamın canına elə hopur ki, o özü sənin içində bir nəzarətçiyə çevrilir, hər hərəkətinə, addımına göz qoyur. Muğam elə xəzinədir ki, qapısı hamının üzünə açıqdır, amma hər kəs də içəri daxil ola bilmir".

Yarım əsrdən çoxdur ki, Arif Babayev muğamla nəfəs alır. Onun qəlb titrədən nalələrini, sədalarını, haray və gileylərini bizlərə çatdırır. Gözünü açandan isə "Qarabağ şikəstəsi"ni oxuyur. Onu narahat edən bir məqamı da bildiririk. Qədimlərdə toylarımızda muğam eşitməyi çox sevərdilər, amma nədənsə sonralar yüngül musiqiyə maraq daha çox artdı. İndinin özündə də bu tendensiyanı duymaq olur. Hətta elə bir məqam çatmışdı ki, muğam və xalq mahnılarımız köhnəliyin əlaməti kimi unutdurulmağa məruz qalmışdı. Arif Babayev fərəhlənir ki, muğamlarımızın tarixin arxivinə atılmamasında, onun ifaçılarının üzləşdiyi əzablardan xilas olmasında Heydər Əliyev Fondunun böyük rolu olmuşdur. Xüsusilə də bunda Fondun rəhbəri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Arif Babayev qürur hissi ilə bildirir ki, dövlət tərəfindən göstərilən diqqət və qayğı həm muğamlarımızın, həm də ifaçılarımızın yaradıcılığında yeni, coşqun mərhələ yaratdı. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqələri təsdiqlədi ki, şifahi xalq yaradıcılığının möhtəşəm abidəsi sayılan bu qiymətli xəzinə bəşər mədəniyyətinin əvəzsiz inciləridir. Xoşbəxt və bəxtiyarıq ki, hamını heyranlıqda saxlayan Azərbaycan muğamlarını yaradanlar bizim xalqa və millətə məxsusdur.

Bakıya gələn gündən (1962) Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində möhtəşəm obrazların ən qabil ifaçısı kimi yaddaşlara həkk olunan Arif Babayevin can verdiyi Kərəm, Məcnun, Şah İsmayıl, Aşıq Qərib, Camal və başqa opera qəhrəmanları coşqunluğu, həyatiliyi, təbiiliyi ilə fərqlənib. Bütün Leylilər həmişə ürəkdən deyiblər ki, Arif Babayevin Məcnunu bənzərsizdir. Xüsusilə də unudulmaz Rübabə Muradova Əbülfət Əliyev və Arif Babayevlə tərəf-müqabili - Leyli olmağı çox sevərmiş. "Arifin səsindəki yanğı içimdəki közü həmişə tərpədib. Mən Leylilərimi məhəbbətlə, sevərək yaratmışam. Amma Ariflə səhnədə olanda mənim Leylim daha nisgilli və yanıqlı alınırdı", - deyə Rübabə Muradova müsahibələrinin birində Arif sənətinə olan məhəbbətini belə bildirmişdi.

Arif Babayevin opera səhnəsində Leyliləri çox olub: Zeynəb Xanlarova, Flora Kərimova, Səkinə İsmayılova, Yaqut Abdullayeva, Qəndab Quliyeva və başqaları.

Xeyli vaxtdır ki, Arif Babayev Opera və Balet Teatrında nəinki Məcnunu, heç başqa obrazları da yaratmır. "Hər işin öz vaxtı var. 30 il operada oynamışam. Qoy indi də başqa Məcnunlar meydana çıxsın. Vaxtilə Üzeyir Hacıbəyli bu operanı yaradanda ifaçılıq sarıdan qıtlıq idi. İndi, maşallah, ifaçılarımız çoxdur. 60-70 yaşında Məcnun oynamaq gülünc təsiri bağışlayar. Cavanlara etibar etmək lazımdır", - deyə Arif Babayev öz fikrini belə qətiləşdirir

Hazırda Arif Babayev pedaqoji fəaliyyətlə məşğul olur. Milli Konservatoriyanın professorudur, müxtəlif musiqi məktəblərində dərs deyir, neçə-neçə yetirmələri var. Muğamla bağlı keçirilən müsabiqələrdə münsif kimi iştirak edir, gənclərə istiqamət verir. İstedadlıların yolunun üstündə yaşıl işıq yandırır. Arif müəllim özü ustad gördüyündən ustadlıq etməyi də bacarır. Vaxtilə böyük sənətkarları ilk dəfə məhz filarmoniyada görüb. Seyid Şuşinskini, Bəhram Mansurovu, Qurban Primovu, Zülfi Adıgözəlovu, Rübabə Muradovanı, Sara Qədimovanı... Bu sənətkarların ruhu dolaşan filarmoniyada Arif Babayev muğam ifaçılarının yeni nəslinə xeyir-dualar verir.

Arif Babayevin gözlərinin dərinliyində bir kədərin xiffəti duyulmaqdadır. Bu, Qarabağla bağlı həsrətin əks-sədasıdır. Tez-tez qədim bir bayatını özü üçün züm-zümə etməklə sanki həsrətini sovuşdurmaq istəyir:

 

Ay oğlan, çıraqlısan,

Əsli Qarabağlısan.

Bir gözəl yar ucundan,

Sən də sinə dağlısan.

 

Arif müəllimin bu gözəl yarı ana yurdu Ağdamdır. Bəlkə də bu həsrətin bəxşişidir ki, səsində qəribə bir ovqat duyulur. Səsinin avazı adamı milyonların içindən çəkib tənhalığa aparır. Qəribə gün də onda doğar ki, ustadın ifasında "Segah" muğamını dinləyəsən. Ədalət naminə deyək ki, Arif Babayevin oxuduğu bütün muğamlar və xalq mahnıları möhtəşəmdir, təsirlidir, amma "Segah" muğamı onun nəfəsində özgə bir aləmdir. Xan Şuşinski "Qarabağ şikəstəsi"nə, Fatma Mehrəliyeva "Kəsmə şikəstə"yə, Rübabə Muradova "Heydər babaya salam"a, Yaqub Məmmədov "Mənsuriyyə"yə, Qədir Rüstəmov "Sona bulbullər"ə, Sara Qədimova "Qatar"a hansı möhürü vurublarsa, "Segah" da məhz Arif Babayevin nəfəsində o zirvədədir. Dinlədikcə heyrətə gəlirsən ki, əcdadlarımız bu muğamın naləsindən keçib. Arifin "Segah"ı adamın bütün damarlarında dolaşır. İllah da içində bir həsrət yuva qura. O məqamda "Segah" səni qanadlarında hara uçurmur?! İndiki halda Arif Babayevin "Segah"ı vətəndir, torpaqdır, düşmən tapdağında inləyən yurd yerimizdir. Arifin o məlahətli, kədərli, kövrək səsi isə həsrətini çəkdiyimiz obalardan - Qarabağdan, Zəngəzurdan... gələn nalədir. Bu yerdə unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin "Muğam" poemasından aşağıdakı misrası yada düşür: "Mənə çox mətləbi ahəstəcə qandırdı muğam". Ulu Füzulinin bağrından qopan poetik nalələrin Arif Babayevin nəfəsindəki yeni yozumu bizi hara aparır:

 

Bildim bu qəziyyə imtahandır,

Zira ki, bu, bir bəlayi-candır.

 

Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi "Qızıl çinar" Beynəlxalq mükafatına layiq görülmüş Arif Babayev bu növbəti sevinci həyatının "unudulmaz anları" kimi dəyərləndirir. Onun rəğbətlə söylədiyi fikirlər bizi də riqqətə gətirdi: "Ulu öndərimiz həmişə sənət adamlarına öz hörmətini bildirər, mədəniyyətimizə qayğı ilə yanaşardı. İndi isə bu işi bizim çox hörmətli, Azərbaycanın sevimlisi, Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyev ləyaqətlə həyata keçirir. Vaxtilə bizə xəyal kimi gələrdi ki, görəsən, Bakıda muğam mərkəzi yaratmaq olar? Sağ olsun cənab Prezident, paytaxtımızın görkəmli yerində belə bir möhtəşəm sənət ocağını bizlərə hədiyyə etdi. Keçirdiyim hissləri ifadə edə bilmirəm. Həqiqətən də Heydər Əliyev ideyaları yaşayır. İstər hörmətli Prezident İlham Əliyevin, istərsə də mədəniyyət xadimlərinin əsl qayğıkeşi Mehriban xanım Əliyevanın həyata keçirdiyi missiyalarda bu böyük işlərin əks-sədasını görürük. Bakıda Beynəlxalq Muğam Mərkəzinin fəaliyyət göstərməsi, mən hələ də buna möcüzə kimi baxıram, dediklərimə nümunədir. Şəhərimizdə Beynəlxalq muğam festivalları keçirilir. Dünyanın müxtəlif ölkələrindən gələn ifaçıların bizim dildə oxumaları, xüsusilə də "Qarabağ şikəstəsi"nə müraciət etmələri məni həm kövrəltdi, heyrətləndirdi, həm də necə sevindirdi?! Milli musiqimiz, muğamlarımız görün hara ucaldı?! Bu ucalığı bizə bağışlayanlara ömrüm durduqca minnətdaram. Məhz Mehriban xanımın sayəsində bir vaxtlar ancaq yığcam məclislərdən, çox uzağa getməyən, necə deyərlər, "gözüçıxdıya" salınan Azərbaycan muğamları indi dünyanı fəth edir. Bizim kimi yaşlaşmış sənət adamlarına da bundan xoş nə ola bilər?! Vallah, ömrümüz uzanır..."

Ömrünüz uzun olsun, ustad! O gün gəlsin ki, sizin xoş avazınızı Şuşada - Cıdır düzündə eşidək. Səsiniz Laçın, Kəlbəcər dağlarında əks-səda versin!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 14 may.- S.  11.