Yekaterinburqda Azərbaycanın baş konsulluğunun açılış mərasimi olmuşdur

 

Yekaterinburqda Azərbaycan Respublikasının baş konsulluğunun ofisinin təntənəli açılış mərasimi olmuşdur.

 

Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov tədbiri açaraq qeyd etmişdir ki, baş konsulluğun açılışı görkəmli siyasi xadim və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan-Rusiya münasibətlərinin möhkəm təməlini yaratmış Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bir vaxta düşmüşdür. S.Qasımov Rusiya ilə Azərbaycan arasında, o cümlədən regional səviyyədə dövlətlərarası münasibətlərin yüksək səviyyədə olmasını xüsusi vurğulamışdır. Azərbaycan ilə Sverdlovsk vilayətinin tarixi dostluq telləri ilə bağlı olmasını vurğulayan diplomat konsulluq açılandan sonra ikitərəfli əlaqələrin daha da intensivləşəcəyinə ümid etdiyini bildirmişdir. S.Qasımov onu da qeyd etmişdir ki, Sverdlovsk vilayəti ilə Azərbaycanın əməkdaşlığı ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında hökumətlərarası sazişə əsaslanır. Onun sözlərinə görə, dünya maliyyə böhranına baxmayaraq, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əmtəə dövriyyəsi nəinki azalmamış, hətta artmışdır.

Sverdlovsk vilayətinin qubernatoru Aleksandr Mişarin demişdir: "Ural diyarında Azərbaycanın diplomatik nümayəndəliyinin açılması münasibətlərimizin möhkəmləndirilməsi işində mühüm addım olmaqla bərabər, bizim regionun həqiqətən açıq əraziyə çevrilmək, beynəlxalq əlaqələri inkişaf etdirmək əzmini nümayiş etdirir". O demişdir ki, diplomatik missiyanın Uraldan Uzaq Şərqə qədər geniş bir ərazini əhatə etdiyini nəzərə alsaq, Yekaterinburq Rusiya tarixində həmişə olduğu kimi, Azərbaycan üçün də haqlı olaraq Sibirin darvazası sayıla bilər. Qubernator Orta Uralda ən böyük diasporlardan biri olan Azərbaycan diasporunun bu regionun inkişafına böyük töhfə verdiyini xüsusi vurğulayaraq bildirmişdir ki, hazırda təkcə Yekaterinburqda 40 minə yaxın azərbaycanlı yaşayır.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu Uralda ölkəmizin konsul idarəsinin açılmasına kömək etmiş Sverdlovsk vilayətinin rəhbərliyinə təşəkkür edərək bildirmişdir ki, konsulluq bütün sahələrdə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və dərinləşməsinə xidmət edəcəkdir. İki ölkə arasında sıx qarşılıqlı əlaqələr barədə söhbət açan diplomat Orta Ural ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəslədiyini bildirmişdir. O demişdir: "Yekaterinburq və Sverdlovsk vilayəti Rusiya ilə Azərbaycan arasında münasibətlərdə xüsusi yer tutur, bu konstruktiv qarşılıqlı əlaqələr ən yüksək səviyyədə təqdir edilir və dəstəklənir". Səfir onu da vurğulamışdır ki, indi Yekaterinburq Rusiya ərazisində - Uralda, Sibirdə və Uzaq Şərqdə öz ölkəsinin vətəndaşlarının dəstəklənməsini təmin edən böyük bir konsul dairəsinin mərkəzinə çevrilir.

Çıxışlardan sonra Azərbaycanın və Rusiyanın dövlət himnləri səslənmiş, baş konsulluğun binası üzərində Azərbaycan Respublikasının bayrağı qaldırılmış, konsulluğun açılış əlaməti kimi rəmzi lent kəsilmişdir. Üzərində ümummilli lider Heydər Əliyevin adı yazılmış şarlar səmaya buraxılmışdır. Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə maraqlı mədəni proqram təqdim edilmişdir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Yekaterinburq

 

Azərbaycan.- 2010.- 14 may.- S.  11.