Ələkbər Məmmədovun 80 illik yubileyi qeyd olundu

 

Futbol, həqiqətən, böyük təsir gücünə malik, kütləvi və sevilən idman növlərindəndir. Ölkəmizdə də futbolun zəngin tarixi və ənənələri var. Bir vaxtlar "Neftçi", "Dinamo", "Kəpəz" kimi komandalarımızın nümayiş etdirdikləri səviyyəli oyunlar, qazandıqları uğurlar futbol tariximizin şanlı səhifələridir.

XX əsrdə Azərbaycanda dünya səviyyəli futbolçular, məşqçilər və hakimlər yetişmişdir. Onlardan biri də SSRİ-nin əməkdar idman ustası, dördqat SSRİ çempionu, veteran futbolçu Ələkbər Məmmədovdur. O, 1952-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, 1965-ci ildə ADU-nun jurnalistika fakültəsini bitirmişdir. 1948-53-cü və 1960-62-ci illərdə Bakının "Neftçi" komandasında, 1954-59-cu illərdə Moskvanın "Dinamo" komandasında çıxış edərək böyük uğurlara imza atmışdır. Dəfələrlə SSRİ yığma komandasının, habelə 1958-ci ildə futbol üzrə Avropa kubokunu alanda yığma komandanın tərkibində oynamışdır. "Dinamo" və SSRİ yığma komandasının tərkibində dünyanın 20 ölkəsində çıxış etmişdir.

Ələkbər Məmmədovun 80 illik yubileyi ilə əlaqədar dünən AFFA tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Bu münasibətlə "Şəfa" stadionunda "Neftçi" klubunun veteranları ilə keçmiş SSRİ yığmasının üzvləri arasında yoldaşlıq oyunu təşkil olunmuşdur. Rusiyadan, Ukraynadan və Gürcüstandan gəlmiş futbol veteranları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.

Qarşılaşmaya başlamadan əvvəl veteran futbolçu İsgəndər Cavadov Ələkbər Məmmədova SSRİ yığma komandasının 80 nömrəli formasını təqdim etdi. Matç Ələkbər Məmmədovun vuruşu ilə başlandı. Yüksək əhval-ruhiyyədə keçən qarşılaşmada komandamızın heyətində Vəli Qasımovun göstərdiyi oyun hamını heyran etdi. Komandamız matça daha istəkli başladı və 1:0 önə keçdi. Birinci hissə elə bu hesabla da başa çatdı. İkinci hissədə "Neftçi"nin veteranları dalbadal vurduqları qollarla hesabı 3:0-a çatdırdılar. Bundan sonra isə rəqibin qolları gəldi və matç 3:3 hesabı ilə başa çatdı.

Oyundan sonra "Şəfa" stadionunda Tələbə Liqasının açılış mərasimi keçirilmişdir. Dörd qrup üzrə 16 komandanın mübarizə aparacağı turnirin ilk matçında Bakı Dövlət Universiteti və Azərbaycan İqtisad Universitetinin komandaları üz-üzə gəlmişlər.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2010.- 15 may.- S.  7.