AŞ PA toplantısında milli azlıqlara Azərbaycanda göstərilən diqqət təqdir olundu

 

Yay sessiyası ərəfəsində Avropa Şurası Parlament Assambleyası Mədəniyyət, Elm, Təhsil Komitəsinin növbəti iclasının İstanbulda keçirilməsi təsadüfi deyildi. Türkiyənin ən böyük şəhəri 2010-cu ildə Avropanın Mədəniyyət paytaxtı elan edilmişdir və bu münasibətlə İstanbulda silsilə beynəlxalq tədbirlər təşkil olunur.

 

Mayın 10-11-də AŞ PA-nın komitə iclası da İstanbulda ənənəvi formatından fərqli tərkibdə keçirilmiş və toplantının gündəliyinə bu qədim şəhərin müasir Avropanın mədəni həyatındakı əhəmiyyətini əks etdirən məruzələr daxil edilmişdi.

Komitə iclasına AŞ PA sədri Mövlud Çavuşoğlu ilə yanaşı, Türkiyə Böyük Millət Məclisində Mədəniyyət komitəsinin rəhbəri, ölkənin mədəniyyət naziri, Türkiyə universitetlərinin mədəniyyətşünaslıq üzrə tanınmış alimləri də qatılmışdılar.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov iki gün davam edən komitə iclasında həmişəki kimi fəallıq göstərmiş, müzakirə edilən müxtəlif məsələlərlə bağlı iştirakçıların marağına səbəb olan fikirlər söyləmişdir.

Ən geniş fikir mübadilələrindən biri türkiyəli deputat Ərtoğrul Kumçuoğlunun hazırladığı və Parlament Assambleyasının payız sessiyasına çıxarılması nəzərdə tutulan "Yüksək təhlükəyə məruz qalan dillərin qorunması və dirçəldilməsi üçün tədbirlərin gücləndirilməsi" adlı məruzə ətrafında olmuşdur.

Müzakirələrdə çıxış edən Rafael Hüseynov Azərbaycanın çoxmillətli bir dövlət olduğunu, ölkədə ən müxtəlif milli azlıqlara özünüifadə üçün münasib şərait yaradıldığını, onların əksərinin mədəniyyət mərkəzlərinin ardıcıl iş apardığını, azsaylı xalqların öz ana dillərində qəzetlər nəşr etdiyini, televiziya və radiolarda daimi efir vaxtlarının olduğunu diqqətə çatdırmışdır. R.Hüseynov yalnız Azərbaycanın və Avropanın deyil, bütövlükdə dünyanın ən nadir kəndlərindən olan Xınalıqdan bəhs etmiş, bu kənddə danışılan bənzərsiz dilə dövlətin göstərdiyi qayğının timsalında ölkəmizdə milli azlıqların dillərinin qorunması və inkişafının necə yüksək səviyyədə olduğunu əyani şəkildə nümayiş etdirmişdir. Azərbaycanlı deputat demişdir: Ptolemeyin məşhur "Coğrafiya" kitabında söz açdığı 26 alban tayfasından biri olduğu fərz edilən xınalıqlılar Şahdağın zirvəsində, Qafqazın ən uca nöqtələrindən birində, dəniz səviyyəsindən 2360 metr hündürlükdə qərar tutmuşlar. Qəbiristanlığı özündən 7 dəfə böyük olan, tarixi 5-6 min qədimlərə gedib çatan bu misilsiz kənddə hazırda vur-tut 221 ev vardır və orada 2.147 nəfər insan yaşayır. Onların danışdığı dil dünyadakı 3 mindən artıq dilin hamısından seçilir. 76 hərfi, 28 saiti olan bu dil itib-batmasın deyə, Azərbaycan dövləti o dildə dərsliklər nəşr etmiş, ingiliscə, rusca lüğətlər buraxmış, kənd məktəbində xınalıqlı uşaqların ana dilində ibtidai təhsilini təşkil etmişdir. Bu, çox əlamətdar faktdır. Azərbaycanda nadir, tükənməkdə olan dildə danışan vətəndaşların milli özünəməxsusluğunu hifz etmək məqsədilə kiçik bir şagird dəstəsi üçün ayrıca məktəb açılmışdır. Lakin dünyada elə ölkələr də vardır ki, minlərlə, yüz minlərlə yox, milyonlarla uşaq ana dilində hətta ibtidai təhsil almaq imkanından məhrumdur.

Rafael Hüseynovun çıxışı komitə üzvlərinin diqqətini cəlb etmiş, onlar bu təqdirəlayiq məlumatların müzakirə edilən məruzənin mətninə əlavə edilməsinin zəruriliyini vurğulamışlar.

 

 

Azərbaycan.- 2010.- 16 may.- S.  4.