"Sənətkarlıq Paytaxtı - 2010" ili çərçivəsində Şəkidə növbəti tədbir keçirilmişdir

 

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə mayın 19-da Şəki şəhərində "Şəkinin sənət dünyası və Azərbaycan mədəniyyəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

"Sənətkarlar evi"ndə keçirilən tədbirdə mərkəzin məsul nümayəndələri, habelə yerli sənətkarlar iştirak etmişlər.

Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov "2010-2014-cü illər Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən, Şəkinin 2010-cu ildə "Azərbaycanın sənətkarlıq paytaxtı" elan edildiyini xatırlatmış, cari ilin yerli sənətkarlar üçün çox məhsuldar keçəcəyinə əminliyini bildirmişdir.

Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova proqram çərçivəsində Şəkidə xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənəti və milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsinə başlandığını diqqətə çatdırmış, nazirliyin Metodiki Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş "dəyirmi masa"nın bu istiqamətdə növbəti tədbirlərdən biri olduğunu bildirmişdir. Qeyd etmişdir ki, qədim dövlətçilik ənənələrinə, zəngin tarixə malik olan Şəki şəhəri, eyni zamanda sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olmuşdur. Odur ki, sənətkarlar onlara göstərilən bu etimadı doğrultmaq üçün il ərzində daha da məhsuldar işləməli, Şəki sənətkarlığının şöhrətini daha yüksəklərə qaldırmalıdırlar.

Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov bildirmişdir ki, "2010-2014-cü illər Xalq Yaradıcılığı Paytaxtları" Proqramının həyata keçirilməsində əsas məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və təbliği, xalq sənətinin daha da inkişaf etdirilməsi, paytaxt şəhərlərin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasına nail olmaqdır. Şübhə yoxdur ki, Şəki sənətkarları proqramın uğurla həyata keçirilməsinə öz layiqli töhfələrini verəcəklər.

Tədbirdə mərkəzin əməkdaşı, fəlsəfə elmləri namizədi Vahid Ömərovun "Şəkinin sənət dünyası və Azərbaycan mədəniyyəti" mövzusunda məruzəsi dinlənilmişdir.

Rəssamlar Birliyi Şəki təşkilatının sədri Tahir Həmidli, Əlillərin Dizayn Assosiasiyasının sədri, təkəlduz ustası Güləndam Alxasova, şəbəkə ustası Tofiq Rəsulov və başqaları çıxış edərək Şəkidə mövcud sənət sahələrinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışmış, qarşıda duran vəzifələrə toxunmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20 may.- S.  5.