Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi qurumun baş katibinə Dağlıq Qarabağda "seçkilərlə" bağlı məktub göndərmişdir

 

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsinin baş katibin adına 2010-cu il 10 may tarixli məktubu

 

Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Ermənistan Respublikası ondan asılı olan separatçı rejim vasitəsilə 2010-cu il mayın 23-də Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionunda "parlament seçkiləri" keçirməyi planlaşdırır. Bununla əlaqədar Azərbaycan hökumətinin tapşırığı ilə aşağıdakıları bəyan etməyi özümə borc bilirəm.

Ermənistan və Azərbaycan arasında davam edən silahlı münaqişə Azərbaycan ərazisinin beşdəbir hissəsinin işğalına gətirib çıxarmış, nəticədə ölkənin hər səkkiz sakinindən biri məcburi köçkünə və ya qaçqına çevrilmiş, 20 min adam həlak olmuş, 50 min adam yaralanmış və əlil olmuş, 5 minədək Azərbaycan vətəndaşı itkin düşmüşdür. Münaqişə zamanı ciddi beynəlxalq cinayətlər törədilmişdir.

Ermənistan Azərbaycan ərazilərinin işğalı və orada etnik tərkibli oyuncaq separatçı qurumun yaradılması üçün silahlı qüvvələrdən istifadə etmişdir. Bu qurum Ermənistanın siyasi, hərbi, iqtisadi və digər dəstəyi sayəsində mövcuddur. Azərbaycan ərazisinin işğalı və Ermənistanın müvafiq beynəlxalq hüquqi sənədlərə uyğun olaraq işğalçı dövlət olması beynəlxalq səviyyədə etiraf edilmişdir.

Azərbaycan Respublikası dəfələrlə bəyan etmişdir ki, münaqişənin beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri əsasında tezliklə həllinə dair siyasi səylər göstərilməsinə baxmayaraq, işğalçı dövlət olan Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində müxtəlif qanunsuz hərəkətlər çərçivəsində atdığı praktiki addımlar onun həmin ərazilərin (bax. Məsələn, Azərbaycanın ən son yaydığı A/64/760-S/2010/211 sənəd) ilhaqını möhkəmləndirmək niyyətini təsdiq edir.

Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn, habelə Azərbaycan Respublikasının Konstitusiyasına və milli qanunvericiliyinin əsas prinsiplərinə açıq surətdə məhəl qoymadan artıq neçənci dəfədir Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma "seçkilər" təşkil edir.

Hamıya məlumdur ki, demokratiya qılınc gücünə yayıla, qeyri-qanuni akt isə qanuni hüququ təmin edə bilməz. Odur ki, Azərbaycanın qəsb edilmiş ərazilərində təcavüz, işğal və etnik təmizləmənin davam etdiyi şəraitdə hər hansı seçki prosesinin təşkili qanuni sayıla və beynəlxalq hüquqa müvafiq surətdə Azərbaycana məxsus olan ərazilərin mövcud hüquqi statusuna əsla təsir göstərə bilməz.

Beynəlxalq birlik Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundakı bütün əvvəlki "seçkiləri" birmənalı şəkildə pisləmişdir. Azərbaycan Respublikası bununla əlaqədar ümid edir ki, Birləşmiş Millətlər Təşkilatı və onun üzvü olan dövlətlər yenə də birmənalı şəkildə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, münaqişənin həllinə yönəlmiş siyasi səyləri pozan və Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməsinə mane olmaq məqsədi güdən sözügedən qanunsuz hərəkətlərə qarşı çıxacaqlar.

Bu məktubun Baş Məclisin iclası gündəliyinin 14 və 18-ci bəndləri üzrə sənədi və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasına görə Sizə minnətdarlığımı bildirirəm.

 

 

Aqşin MEHDİYEV,

səfir, daimi nümayəndə

 

Azərbaycan.- 2010.- 22 may.- S.  2.