"Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində"mövzusunda beynəlxalq konfrans milli mətbuatımızın 135 illiyinə həsr olunmuşdur

 

Azərbaycan Sosial Rifah Partiyası və Mətbuat Şurasının birgə təşəbbüsü ilə milli mətbuatımızın 135 illiyinə həsr olunmuş "Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransa dünyanın 10-a yaxın ölkəsindən qonaqlar qatılmışlar.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, məzarı önünə gül düzmüşlər.

Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül qoyulmuşdur.

Azərbaycan mətbuatının banilərindən biri olan Həsən bəy Zərdabinin də xatirəsi yad edilmişdir.

Konfrans iştirakçıları Şəhidlər xiyabanını da ziyarət etmişlər.

Sonra konfrans öz işinə başlamışdır. Sosial Rifah Partiyasının sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı konfransın əhəmiyyətindən danışmışdır. Natiq Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində bu konfransın böyük rol oynayacağını bildirmişdir. Partiya sədri vurğulamışdır ki, müharibə vəziyyətində olan ölkəmiz hər zaman erməni riyakarlığı və erməni havadarlarının saxta informasiya savaşı ilə üz-üzədir. Odur ki, belə hallara müqavimət göstərilməli və beynəlxalq səviyyədə ciddi mübarizə aparılmalıdır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da ermənilər tərəfindən ədalət prinsipinin pozulduğunu və bu halların olduğu kimi sivil dünyanın diqqətinə çatdırılmasının vacibliyini vurğulamışdır. Bu məqsədlə də yeni bir qurumun - Avrasiya Ölkələri üzrə Mətbuat və İnformasiya Həmrəyliyi Mərkəzinin təsis olunmasını vacib saymışdır.

Çıxışçılar vurğulamışlar ki, qurumda təmsil olunan əcnəbi müəlliflər baş verən hadisələrin gerçəkliyini və tarixi həqiqətləri ölkələrinin mətbuat səhifələrində işıqlandıracaqlar. Bu da informasiya həmrəyliyinin formalaşmasına xidmət edəcəkdir.

Rusiya, Bolqarıstan, Litva və digər ölkələrdən olan iştirakçılar konfransın əhəmiyyətini vurğulamışlar.

Rusiyanın "Tribuna" qəzetinin baş redaktoru Oleq Kuzin jurnalistlərə müsahibəsində demişdir ki, Bakıya gəlmək dəvətini böyük məmnuniyyətlə qəbul etdim. Konfransda müzakirəyə çıxarılan mövzu çox maraqlıdır. Təhlükəsizlik, rifah və bu kimi mövzular hər bir insana yaxındır. Biz hamımız firavan yaşamağı, uşaqların gələcəyi ilə bağlı narahatlıq keçirməməyimizi istəyirik. Cəmiyyətdə əmin-amanlıq jurnalistlərdən çox asılıdır. Media nümayəndələri bilməlidirlər ki, onlar insanlara yalnız həqiqəti çatdırmalıdırlar.

Macarıstanlı jurnalist Eria Zsido isə konfransın onun üçün vacib olduğunu söyləmişdir. Bu konfrans mənim üçün çox maraqlıdır. Bir-birimizlə ünsiyyət problemlərimizi həll etməyə imkan verir. Moldovanın Daşınmaz Əmlak Milli Palatasının üzvü Dmitri Trburta isə müsahibəsində bildirmişdir ki, səfərimin əsas məqsədi Azərbaycan xalqını dəstəkləməkdir. Çünki millətlərarası məsələlər mürəkkəb məsələdir və bu münasibətlər vahid informasiya məkanı, həqiqət üzərində qurulmalıdır. Bizim vəzifəmiz vahid informasiya məkanını yaratmaqdır.

Vilnüs Pedaqoji Universitetinin doktoru Vidas Kaval Yauskas isə bu beynəlxalq konfransa dəvət olunduğu üçün təşəkkürünü bildirmişdir. O demişdir ki, mənim əsas məqsədim tarixdə oxşar hadisələr yaşayan, geniş mədəni əlaqələri olan Litva və Azərbaycan xalqlarının bir-biriləri haqqında daha çox məlumat əldə etməsini təmin etməkdir. Mən Litva vətəndaşlarının Azərbaycan haqqında daha çox məlumatlı olmasında maraqlıyam.

Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı Azərbaycan və Rusiya arasında mətbuat həmrəyliyi və informasiya reallıqlarının təmin edilməsindəki xidmətlərinə görə "Tribuna" qəzetinin fəxri nişanı ilə təltif olunmuşdur.

Qeyd edək ki, bu nişan indiyədək Rusiyada 30 nəfərə verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 may.- S.  4.