Sahilə qayıdan ləpələr

 

"Buta" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının altı illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Fondun təsis etdiyi "Qızıl çinar" Beynəlxalq mükafatın 2010-cu il qaliblərindən biri də xalq rəssamı Tahir Salahov oldu. Azərbaycan Rəssamlıq Məktəbinin görkəmli nümayəndəsi müasir boyakarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərə görə bu beynəlxalq mükafata layiq görülüb.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva "Qızıl çinar"ı xalq rəssamına təqdim etdikdə Tahir Salahov böyük razılıq hissi ilə öz minnətdarlığını bildirdi: "Bu gün mənim üçün çox həyəcanlı gündür. Çünki gözlənilmədən belə yüksək mükafat alıram. Mən bu mükafatda Heydər Əliyevin ruhunu, onun incəsənətə, mədəniyyətə məhəbbətini görürəm..."

Dünya təsviri sənətinin inkişafında, xüsusilə onun humanist ənənələrinin təşəkkülündə böyük xidmətləri olan Tahir Salahovla hər bir azərbaycanlı fəxr edir. Dünya rəssamlarının arasında məhz öz yeri, dəst-xətti, nüfuzu ilə seçilən belə bir azman sənətkarın millətimizin nümayəndəsi olması, sözün əsl mənasında, bəxtəvərlikdir. Təkcə ona görə yox ki, Tahir Salahov zəmanəmizin görkəmli rəssamıdır. O, dünyanın neçə nüfuzlu yaradıcılıq təşkilatının, akademiyalarının fəxri üzvüdür, möhtəşəm və məşhur qalereyalarda əsərləri saxlanılır. Təbii ki, sənət xoşbəxtliyi üçün bunlar əsas şərtdir. Amma bizi düşündürən və sevindirən başqa amildir. İllərdir ki, vətəndən uzaqda yaşamasına, başqa mühitdə yaradıcılıq fəaliyyəti göstərməsinə baxmayaraq Tahir Salahov ən böyük azərbaycanlıdır. Bütün ruhu və canı ilə doğma yurduna, gözəl Bakıya, sevdiyi Xəzərə, sevimli xalqına bağlıdır.

Tahir Salahov 29 noyabr 1928-ci ildə Bakı şəhərində anadan olub. Hələ uşaqlıqdan rəngli karandaşlarla işləməyə, xüsusilə şəkil çəkməyə böyük maraq göstərib. Amma ötənlərə boylandıqca o, al-əlvanlığın içərisindəki bir qara rəng həmişə ürəyinə köz kimi sıxılaraq illər boyu ona əzab verib. 1937-ci ilin qəzəbli gecələri onun da həyatında ağır izlər qoyub. O müdhiş gecələrdə qəfil döyülən qapılardan biri də onların mənzili oldu. Qara qüvvələr atası Teymuru müəmmalı şəkildə apardılar. Uzun illər balaca Tahir hər axşam pəncərənin önündə dayanaraq atasını gözlədi, amma o qayıtmadı. Beş uşaqla həyatın amansızlığını zərif çiyinlərinə çəkən ana bütün çətinliklərə mərdliklə sinə gərərək balalarını ağır güzərandan, sınaqdan ləyaqətlə çıxarmağa çalışdı. Çox çətin və sərt illər idi. Böyük övladın 11, sonbeşiyinin isə 2 yaşı var idi. Bütün məşəqqət və əzablara baxmayaraq Salahovlar ailəsi sitəmlərə tab gətirə bildi. Tahir Salahov ömrünün bu məqamlarını indi də sakit xatırlaya bilmir. Bəlkə də onun bütün yaradıcılığındakı təsirli, yaddaqalan məqamlar da bu kövrək notlarla bağlıdır.

Tahirdə rəssamlığa həvəsi atası yaratmışdır. Bakıdakı rayonların birində partiya komitəsinin birinci katibi işləyən Teymur Salahov axşamlar evə çox yorğun qayıdardı. Uşaqların səs-küyündən rahatlıq tapmaq üçün onlara rəngli karandaşlar, albomlar verər, şəkil çəkmələrini tapşırardı. Beləliklə, balacaların başı "yaradıcılığa" qarışdığından ata bir qədər dincələrdi.

Uşaq kitabxanasına gedib-gələndən sonra Tahirdə rəsmə həvəs daha da gücləndi. "Kitabxana adi olsa da, kitabxanaçı qeyri-adi qadın idi. O, mənə kitab verərkən deyirdi: "Sən kitabı sadəcə oxuma, çalış mövzuya uyğun illüstrasiyalar çəkəsən, özünü sına". Beləliklə, oxuduğum kitablara illüstrasiyalar çəkməyə başladım. Bir neçə nümunədən sonra çəkdiklərim alındı".

Əlbəttə, Tahir yalnız dərsləri ilə, rəsmlə məşğul olmurdu. O, həm də dolanışıq və məişət qayğılarında anasının ən yaxın yardımçısı idi. İlk əmək fəaliyyətinə başlayanda Tahir Salahovun 15 yaşı var idi.

Taleyin ən ağır qovğaları da Tahir Salahovun arzularına sədd çəkə bilmədi. O bütün varlığı ilə yaradıcılığa, rənglər dünyasına bağlı idi. Bu səbəbdən də o, gecə-gündüz çalışır, oxuyur, müxtəlif rəsmlər çəkirdi.

Tahir Salahov əvvəlcə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini (1945) bitirib, sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirib.

Hələ tələbəlik illərindən yaradıcı ictimaiyyətin diqqətini özünə çəkən Tahir Salahovun bir rəssam kimi püxtələşməsi ötən əsrin 50-ci illərinin axırı, 60-cı illərinin əvvəllərinə təsadüf etmişdir. O dövrdə əməkçi insanların həyatı ilə bağlı müxtəlif əsərlər yaradılırdı. Zəhmətkeşlərin fədakarlığını tərənnüm etmək ənənə halını almışdı. Bu, dövrün, zamanın, quruluşun tələbi və diktəsi olsa da, sözün əsl mənasında, meydana sənət əsərləri çıxırdı. Tahir Salahov da bir rəssam kimi öz töhfəsini verdi. "Növbədən qayıdanlar", "Təmirçilər", "Şumlanmış torpaq", "Buxtada", "Abşeron qadınları" və digər əsərlərində insan həyatı, əməyi öz əksini elə təbii tapıb ki, bu əsərlər bu gün də maraqla baxılır və diqqət çəkir. Ümumiyyətlə, Tahir Salahov həmişə zamanı qabaqlamağı bacaran, işlədiyi lövhələrin uzunömürlü olması üçün maraqlı kompozisiyalar quran, yaddaqalan məqamları rənglərin köməyi ilə dolğun və bitkin şəkildə əbədiləşdirməyi bacaran sənətkardır.

Mən sənətşünas olmadığımdan Tahir Salahovun əsərlərini rəng, kompozisiya, plastik dəyərlər baxımından araşdırmaq, təhlil etmək fikrindən uzağam. Amma görkəmli rəssamın yaradıcılığını ürəkdən sevən, onun hər bir əsərində böyük mənalar görən, yaratdığı portretlərdə xoş, xeyirxah niyyətləri hiss edən, peyzajlarından, natürmortlarından xüsusi zövq alan tamaşaçı kimi bir fikri xüsusi vurğalamaq istəyirəm: Tahir Salahovun əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Onun hər bir portreti, mənzərəsi, peyzajı önündə xeyli düşünməli olursan. Rəssamın yaradıcılığı çoxşaxəlidir. Rənglərin harmoniyası onun fırçasında sanki yeni həyat, yeni məna alır. Onun rəng dünyasındakı təbiilikdən, təsirdən, gözəllikdən bir qəlb rahatlığı tapırsan. Portret rəssamın ən çox müraciət etdiyi janrdır. Bu sahədə Tahir Salahov dünya sənətsevərlərini heyrətə gətirən əsərlər yaradıb. İnsanın daxili aləminin ən bariz xüsusiyyətlərini, məziyyət və mənəvi gözəlliyini əzəmətli və qabarıq şəkildə yarada bilən rəssamın çəkdiyi əsər adi portret yox, bəşər mədəniyyətinin nadir incisinə çevrilir. Müasir portret sənətinin ən kamil nümunələrindən olan "Bəstəkar Qara Qarayevin portreti" haqqında ayrıca danışmağa dəyər. Unudulmaz bəstəkar Qara Qarayevin bu möhtəşəm portreti 1960-cı ildə çəkilib. Əlli ildən çoxdur ki, insanlar bu əsərin əzəməti önündə öz heyrətlərini gizlədə bilmirlər. Xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrin birində Tahir Salahov demişdir: "Mən bu əsərin üzərində işləyərkən tez-tez Opera və Balet Teatrına gedir, Qara Qarayevin baletlərinə tamaşa edirdim. Hər gün onun musiqisini dinləyirdim. İstəyirdim ki, Qaranın musiqi dünyasını tamamilə mənimsəyə bilim. Bax, bundan sonra portreti başa çatdırdım". Bu məşhur əsər hazırda Moskvadakı Tretyakov qalereyasında nümayiş etdirilir.

"Çəkdiyim portretlərin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın, sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox" - etirafı ilə ürəklərə yol tapan Tahir Salahovun başqa portretləri də maraqlıdır. Məsələn, bəstəkar Fikrət Əmirovun, Dmitri Şostakoviçin, Mirzə Ələkbər Sabirin, Rəsul Rzanın rəssam tərəfindən çəkilmiş portretləri də çox baxımlı və maraqlıdır. 2000-ci ildə dünya şöhrətli bəstəkar Mstislav Rostropoviçin portretini başa çatdıran Tahir Salahov portret sahəsində yeni bir mərhələni yaradıb. Bəstəkarın iç aləmini və dünyadakı şöhrətinin qovuşuğunu ustalıqla əks etdirməyi bacaran Tahir Salahov dünya təsviri sənətinə yeni, kamil bir əsər bəxş etdi.

Tahir Salahovun yaradıcılığında qadın həyatının, qadın gözəlliyinin də öz yeri var. Onun öz anasının xatirəsinə həsr etdiyi "Aqava" adlı əsəri, "Tənha qadının geyim quruluşu", Şərq dastanı - "Alagöz", "Tamara xanımın portreti", "Fatinin portreti", "İrina Struyevanın portreti", "Aydanın portreti", "Olya Rukovişnikovanın portreti", "Varinin portreti", "Qadın portreti" və başqaları kamil nümunələrdir. Bir məsələ də maraqlıdır ki, Tahir Salahov həmişə Bakı kəndlərini, xüsusilə də Xəzərin sahilində yerləşən yaşayış qəsəbələrini çəkməyi daha çox sevir. Hətta dinin qadağan olunduğu illərdə belə, o, Bakı kəndlərində yerləşən məscid və məbədləri də məhəbbətlə kətana köçürmüşdü: "Köhnə Ramana", "Nardaranda küçə", "Nardaranda məscid", "Abşeron səhəri", "Nardaran eyvanları", "Hövsan kəndi", "Köhnə Şamaxı", "Bakı Şirvanşahlar Sarayı" və sairə.

Tahir Salahovun natürmort və mənzərə lövhələri də öz mükəmməlliyi ilə seçilir.

Tahir Salahov vətəninə bağlı sənətkardır. Hələ sovet dönəmində elə əsərlər yaradıb ki, bu gün onlara tamaşa edəndə heyrətlənməyə bilmirsən. Məsələn, 1978-ci ildə çəkdiyi "Nardaranda məscid" belə diqqəti çəkən əsərlərdəndir. Ümumiyyətlə, Tahir Salahov dini abidələrlə bağlı çoxlu sayda əsər çəkmişdi.

Boyakarlıq və qrafika ilə də məşğul olan Tahir Salahov həm də səhnə tərtibatı sahəsində də eyni uğurla çalışan rəssamdır. Vaxtilə onun Azərbaycan teatrında dekorasiya sənətinin inkişafında böyük xidmətləri olub. Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş "Antoni və Kleopatra" (1964), "Hamlet" (1970), "Aydın" (1972) pyeslərinin, o cümlədən Opera və Balet Teatrında "Koroğlu" operasının, "Babək" baletinin bədii tərtibatı da Tahir Salahova məxsusdur.

Dünyanın əksər ölkələrində yaradıcılıq səfərində olmuş Tahir Salahov ABŞ, Almaniya, Fransa, İtaliya, Meksika, Yaponiya və digər ölkələrlə bağlı yaratdığı əsərlərdə müxtəlif xalqların mənəviyyatı, həyatı öz əksini tapıb. Tahir Salahovun əsərləri dünyanın bir çox möhtəşəm qalereyasının bəzəyinə çevrilmişdir.

Tahir Salahov Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, eləcə də Almaniya Rəssamlar İttifaqının fəxri üzvü, Avstriya Rəssamlıq Akademiyasının fəxri müxbir üzvü, Polşanın əməkdar mədəniyyət xadimidir. Tahir Salahov 1963-1974-cü illərdə Dövlət İncəsənət İnstitutunda dərs demişdir. Hazırda öz pedaqoji fəaliyyətini davam etdirir. O, V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun professorudur.

Şöhrəti dünyanı dolaşan görkəmli rəssam harada yaşamasından, çalışmasından asılı olmayaraq vətəninə çox bağlıdır. "Xəzər, onun mavi gözəlliyi həmişə mənimlədir" - söyləyən Tahir Salahov özü də Xəzərin coşqun ləpəsidir. Ləpələr nə qədər şaxə qalxsalar da, həmişə dənizə qayıdırlar. Sahildə dayanıb bu mənzərəni seyr edənlər nə xoşbəxtdir?! Həyatda elə insanlar var ki, onların qazandıqları uğurlar, çatdıqları şöhrət təkcə öz taleləri ilə bağlı deyil, mənsub olduqları millətin, xalqın adına yazılır. Bu mənada xalq rəssamı Tahir Salahov xoşbəxtlərin xoşbəxtidir. Çünki dünya şöhrətli həmyerlimizin ömür verdiyi yaradıcılıq nümunələri həm də Azərbaycan milli təsviri sənətinin bəşər mədəniyyətinə bəxş etdyi sənət inciləridir.

Əlinə fırça aldığı gündən şöhrət də, mükafatlar da, ad, nüfuz da həmişə onunla olub. Tahir Salahov diqqət və sevgi mərkəzində dayanan sənətkardır. Amma yaşının bu vədində Heydər Əliyev Fondu tərəfindən layiq görüldüyü mükafat onun üçün çox qiymətli və daha əzizdir. Çünki bu, özünün təbirincə desək, həyatda çox sevdiyi böyük İnsanın, unudulmaz Liderin - Heydər Əliyevin adını daşıyan və müqəddəs əməllərini yaşadan Fond tərəfindən verilir. Bu, sadəcə, qayğı, diqqət yox, həm də sədaqətin, yüksək dəyərlərin yaşadığını təsdiqləyən amillərin əbədiliyini bildirir.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.-22  may.- S.  6.