Atatürk və Heydər Əliyev türk dünyasının liderləridir

 

Atatürk və Heydər Əliyev türk dünyasının liderləridir. Bu fikir Türkiyənin Bursa şəhərində keçirilən "Nizami Gəncəvidən Yunus Əmrəyə, Mustafa Kamal Atatürkdən Heydər Əliyevə uzanan sevgi və sülh yolu" VII beynəlxalq simpoziumunun açılışında səslənmişdir.

 

Tədbir iştirakçıları Atatürkün və Heydər Əliyevin Bursadakı abidələrinin önünə əklil qoymuşlar. Heydər Əliyevin abidəsinin önündə çıxış edən Bursanın Yıldırım rayonu bələdiyyəsinin sədri Özgən Kəskin demişdir ki, Azərbaycanın ümummilli liderinin xatirəsi Türkiyə xalqı üçün də əzizdir. O, Bursada böyük Azərbaycan şairi Şəhriyarın adını daşıyacaq parkın salındığını da söyləmişdir.

Simpoziumda açılış nitqi söyləyən Özgən Kəskin bildirmişdir ki, ötən il Bakıda keçirilmiş simpoziumun materialları kitab şəklində iştirakçılara paylanmışdır. Yıldırım bələdiyəsi Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir. Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin abidəsi, Şəhriyarın adını daşıyacaq parkın salınması bunun bariz nümunələridir.

Avrasiya Dostluq Mədəniyyət və Turizm Qurumunun sədri Bahəddin Güney Nizami Gəncəvinin yaradıcılığından bəhs edərək, onu türk dünyasının ən böyük şairlərindən və alimlərindən biri olduğunu demişdir. Dahi Nizami və Yunus Əmrə türklərin sərvəti olduğu kimi, böyük siyasətçilər Atatürk və Heydər Əliyev də türk dünyasının dahi şəxsiyyətləridir.

Bursa valisinin müavini Adnan Kayık çıxışında demişdir ki, bu dörd şəxsiyyətlə bağlı simpoziumda elm adamlarının edəcəyi məruzələr bir kitabda nəşr olunacaqdır.

Simpoziumda azərbaycanlı alimlər professor Amanoğlunun, professor Elçin İsgəndərzadənin, Qardaş İsmayılovun, dosent Nəzakət Hüseynovanın müxtəlif mövzularda məruzələri dinlənilmişdir.

Bursa şəhərində türk dünyası və topluluqlarının gənclik şənlikləri də keçirilmişdir. Şənlikdə Azərbaycandan gəlmiş rəqs kollektivi iştirak etmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.- 22 may.- S.  1.