Akademikin büstü ucaldıldı

 

Validə Tutayuq ölkəmizdə nəbatat sahəsində ilk qadın akademikdir. Onun elmi-pedaqoji fəaliyyəti Gəncə ilə, Dövlət Aqrar Universiteti ilə sıx olmuşdur. Burada meyvə-tərəvəzçilik fakültəsini bitirmiş, uzun illər nəbatat, sonra isə seleksiya kafedrasına rəhbərlik etmişdir.

Akademik Validə Tutayuq Bakıda Moskvada nəşr olunmuş çoxsaylı elmi əsərlərin, dərsliklərin müəllifidir. Hələ 1943-cü ildə elmi-pedaqoji fəaliyyətinə görə "Şərəf nişanı" ordeni ilə təltif edilmiş, 1969-cu ildə respublika Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, 1974-cü ildə əməkdar elm xadimi adına layiq görülmüşdür.

Bu günlərdə Dövlət Aqrar Universitetində görkəmli alimin anım günü keçirilmiş, büstünün açılışı olmuşdur. Universitetin rektoru, professor Mirdaməd Sadıqov Validə Tutayuqun həyat yaradıcılığı haqqında məruzə etmiş, onu tanıyanlar öz xatirələrini danışmışlar.

Alimin büstünün yanında ulu öndər Heydər Əliyevin sözləri həkk olunmuşdur: "Akademik Validə Tutayuq Azərbaycanın görkəmli alimlərindən biri idi".

 

 

Azərbaycan.- 2010.- 23 may.- S.  7.