Bakı şəhərində yerləşən Əjdərbəy məscidinin bərpası ilə əlaqədar tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Ötən əsrin əvvəllərində, 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Hacı Əjdərbəy Aşurbəyov tərəfindən Bakı şəhərində tikilib istifadəyə verilmiş məscid Azərbaycanda mötəbər dini ibadət mərkəzlərindən biridir. Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar "İttifaq" məscidi adı ilə tanınmışdır.

Sonradan Əjdərbəy məscidi adlandırılan Bakının memarlıq incilərindən sayılan bu tarixi-mədəni abidənin əsaslı təmirinin, bərpasının aparılan yenidənqurma işlərinin tamamlanmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Əjdərbəy məscidində bərpa işlərinin tamamlanması üçün Bakı Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 26 may.- S.  2.