Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun uşaq problemləri ilə bağlı həyata keçirdikləri layihələr olduqca təqdirəlayiqdir

 

Avropa Şurasına üzv ölkələrin problemləri bizim hamımızın problemidir. Biz regional münaqişələrin insanların mənəvi-psixoloji vəziyyətinə mənfi təsirini yaxşı bilirik. Ona görə də regional münaqişələrin - xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə tərəfdarıq.

Bu sözləri Avropa Şurası baş katibinin müavini xanım Mod De Bur Bukikkio mayın 25-də Milli Məclisdə Uşaq Hüquqları üzrə Parlament Qrupunun üzvləri ilə görüşdə söyləmişdir.

Parlament qrupunun sədr müavini, Milli Məclisin deputatı Gülər Əhmədova ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermişdir. O demişdir ki, Uşaq Hüquqları üzrə Parlament Qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, uşaqların, ailələrin problemlərinin həlli istiqamətində bir sıra işlər görülmüşdür. Uşaqların təhsil, səhiyyə və sosial tənhalıq probleminin həlli hər zaman dövlətin diqqət mərkəzindədir. Son illər respublikamızda talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsi üçün mərkəzlər tikilmişdir. Eyni zamanda, yeni məktəblər tikilmiş, bəziləri əsaslı təmir olunmuş, tədris ocaqlarının, demək olar ki, hamısı kompüterləşdirilmişdir.

Sonra Parlament qrupunun üzvləri, Milli Məclisin deputatları Asəf Hacıyev, Rövşən Rzayev, Rəfael Cəbrayılov, Əhməd Vəliyev, Gövhər Baxşəliyeva, Həvva Məmmədova, Hikmət Atayev çıxış edərək ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, dövlətimizin uşaq və gənclərə, eləcə də gənc ailələrə diqqət və qayğısı, bu sahələr üzrə qəbul olunmuş qanunlar, hazırlanmaqda olan qanun layihələri, parlamentdə təsdiq edilmiş beynəlxalq konvensiyalar barədə ətraflı məlumat vermişlər. Bir fikir xüsusi vurğulanmışdır ki, bəzi problemlər vardır ki, Azərbaycan dövləti hələ də onların həllinə nail ola bilməmişdir. Bu da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədardır. Erməni təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların mənəvi-psixoloji durumu, xüsusən də erməni əsirliyində qalan və ya əsirlikdən, girovluqdan azad edilmiş insanların sosial psixoloji vəziyyəti cəmiyyətimiz üçün ciddi problem olaraq qalmaqdadır.

Xanım Mod De Bur Bukikkio ətraflı məlumata görə minnətdarlıq etmişdir. O demişdir ki, Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun uşaq problemləri ilə bağlı həyata keçirdikləri layihələr olduqca təqdirəlayiqdir. Biz regional münaqişələrin insanların mənəvi-psixoloji durumuna mənfi təsirini yaxşı başa düşürük. YUNİSEF-lə birgə Gürcüstanda münaqişədən əziyyət çəkən uşaqların sosial reabilitasiyası üçün xüsusi layihə həyata keçiririk. Avropa Şurası olaraq biz Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə tərəfdarıq və ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik. Ümid edirik ki, tezliklə münaqişənin həllinə nail olunacaqdır.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 26 may.- S.  3.