ABŞ Konqresində Azərbaycanın Respublika Günü qeyd olunmuşdur

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirmişlər ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılmasının 92-ci ildönümü münasibətilə ABŞ Konqresinin məşhur "Cannon Caucus" zalında təntənəli mərasim keçirilmişdir.

Ziyafətdə Amerika Birləşmiş Ştatları Konqresinin çoxsaylı üzvləri, Dövlət Departamenti, Müdafiə, Enerji və Ticarət nazirliklərinin və ABŞ-ın digər dövlət orqanlarının rəsmiləri, Vaşinqtondakı elmi-tədqiqat mərkəzlərinin aparıcı ekspertləri, Amerika şirkətlərinin vəzifəli şəxsləri, müxtəlif QHT-lərin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, Azərbaycan diasporunun üzvləri, Azərbaycan səfirliyinin əməkdaşları və başqa qonaqlar iştirak etmişlər.

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev qonaqları salamlayaraq, AXC-nin Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpasında önəmli rol oynadığını bildirmişdir. O, 1991-ci ildə öz dövlət müstəqilliyini yenidən qazanmış Azərbaycanın sürətlə inkişaf etdiyini və regionun həm siyasi, həm də iqtisadi cəhətdən lider dövləti olaraq inamla irəliyə doğru addımladığını vurğulamışdır.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu modernləşmə siyasətinin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir. O, həmçinin Respublika Günü münasibətilə təbrik bəyanatları ilə çıxış etmiş, ABŞ konqresmenlərinə öz təşəkkürünü bildirmişdir.

ABŞ Konqresi Nümayəndələr Palatasının silahlı qüvvələr, təbii ehtiyatlar və nəqliyyat komitələrinin üzvü, həmçinin "Azərbaycan üzrə İşçi Qrupu"n həmsədri Bill Şuster AXC-nin böyük tarixi önəmini vurğulayaraq, Azərbaycan xalqını və hökumətini bayram münasibətilə ürəkdən təbrik etmişdir. Konqresmen çox dinamik və həssas regionda yerləşən Azərbaycanın ABŞ üçün son dərəcə önəmli müttəfiq olduğunu vurğulamışdır. O, dünyada enerji təhlükəsizliyinin təminatında, ABŞ-ın Əfqanıstandakı və digər qaynar nöqtələrdəki sülhyaratma səylərində Azərbaycanın oynadığı rolu xüsusi qeyd etmişdir. Konqresmen ABŞ-ın yaxın müttəfiqi olan Azərbaycana qarşı yönəlmiş ədalətsiz 907-ci əlavənin tezliklə ləğvinə çağırmışdır.

Sonra Vaşinqton şəhəri merinin şəxsi nümayəndəsi, meriyanın protokol idarəsinin rəisi Patrisia Elvud çıxış edərək, mer Adrian Fentinin Azərbaycan hökumətinə və xalqına ünvanladığı təbrik məktubunu oxumuşdur. ABŞ paytaxtının inkişafına verdiyi mədəni töhfəyə görə Azərbaycan səfirliyinə təşəkkür ifadə edilmişdir.

Mərasimdə iştirakçılara Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar, "İRS" jurnalının AXC-nin ildönümünə həsr olunmuş ingilisdilli nömrəsi, Lider TV-nin hazırladığı film və Azərbaycandan bəhs edən digər nəşrlər paylanılmışdır.

 

 

Azərbaycan.- 2010.- 26 may.- S.  5.