Azərbaycan Prezidenti İlham Əliyevin KürAraz çaylarının daşması nəticəsində təbii fəlakətdən ziyan çəkmiş Salyan, Sabirabad, Saatlı və İmişli rayonlarına səfəri

 

Salyan rayonunda yeni qəsəbənin açılışı olmuşdur

 

 Bu ilin aprel-may aylarında KürAraz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Salyan rayonu ərazisində evləri dağılan vətəndaşlar üçün yeni qəsəbə tikilmişdir.

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəsəbənin açılışında iştirak etmişdir.

Bu ilin mayında KürAraz çaylarında baş verən daşqın təbii fəlakətlə nəticələnmişdir. Daşqından dərhal sonra - mayın 7-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq orqanlara tapşırıqlar vermişdi. Minlərlə texnika və canlı qüvvə təbii fəlakət zonasında xilasetmə və bərpa işlərinə cəlb olunmuşdu. Təbii fəlakətin miqyasının genişlənməsinin qarşısı dövlət strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində alınmışdı. Dağılan bəndlərin operativ bərpası, əhalinin daha təhlükəsiz yerlərə köçürülməsi nəticəsində insan tələfatına yol verilməmişdi. Mayın 11-də Prezident İlham Əliyevin təbii fəlakət bölgəsinə getməsi və burada sakinlərlə görüşməsi, onların problemləri ilə maraqlanması dəyən ziyanın aradan qaldırılmasının dövlətimizin başçısının daim diqqətində olduğunu göstərmişdi. Tədricən əhalinin yaşayış yerlərinə köçürülməsinə, evləri dağılan insanların mənzil problemlərinin həllinə başlanmışdı. Müvafiq strukturların cəlb olunduğu tikinti-quraşdırma işləri zamanı əsas diqqət evlərin əvvəlki kimi çiy kərpicdən yox, daha keyfiyyətli materiallardan istifadə olunaraq inşasına yönəldilmişdi. Daşqınlar nəticəsində dağılan evlərin dövlət başçısının tapşırıqlarına əsasən, yeniləri ilə əvəz olunması və zərərçəkənlərin isə bərpası istiqamətində görülən işlər uğurla həyata keçirilmişdir. Bu prosesin qış başlayana qədər başa çatdırılması və evlərini itirən insanların yeni mənzillərlə təmin olunması istiqamətində kompleks tədbirlər genişləndirilmişdi. Cari ilin mayında su altında qalan 70 min 12 hektar ərazidə yaranan problemlərlə əlaqədar aparılan tikinti-quruculuq işləri evlərini itirən əhalinin tam təminatını əhatə etmişdir. İlkin mərhələdə Prezident İlham Əliyev bu ilin sentyabrında Hacıqabul rayonunun Meyniman kəndində yeni tikilən evlərin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Qeyd edək ki, İmişli, Sabirabad, Saatlı, Kürdəmir, Salyan, Zərdab, Neftçala və Hacıqabul rayonlarında ümumilikdə 1617 ev qəzalı vəziyyətə düşmüşdü. Dövlət başçısının tapşırıqları əsasında bu rayonlarda 3375 ev təmir olunmuş, 1500 yeni ev tikilmiş, bir çox mənzillərdə bərpa və gücləndirmə işləri aparılmışdır. Bu rayonlar üzrə 7424 ailəyə ümumilikdə 6 milyon 547 min manatdan çox maddi yardım edilmişdir. Tikinti prosesində infrastruktur obyektlərinin inşası da diqqətdə saxlanılmışdır. Təbii fəlakətə məruz qalan bölgələrdə 27 məktəb, 6 məktəbəqədər təhsil müəssisəsi, 12 tibb ocağı, 15 məscid və digər obyektlər bərpa olunaraq yenidən əhalinin istifadəsinə verilmişdir. Bütün bunlar Prezident İlham Əliyevin təbii fəlakətdən ziyan çəkən insanlara, onların məruz qaldığı problemlərin həllinə həssas münasibətinin məntiqi nəticəsidir. Məhz qış gələnə qədər evlərini itirən insanların yeni mənzillərlə təmin olunması kimi mühüm tapşırığın öhdəsindən çox qısa zamanda gəlinməsi də dövlətin vətəndaşlara hərtərəfli münasibətinin bariz nümunəsidir.

Salyan rayonunda da bu ilin yazında baş vermiş daşqınların nəticələri aradan qaldırılır, evlərindən məhrum olan sakinlər üçün yeni mənzillər inşa edilir. Dövlətin hərtərəfli dəstəyi nəticəsində inşaat işləri sürətlənir. Daşqınlar zamanı Salyan rayonunun 20 yaşayış məntəqəsində 2 mindən artıq həyət su altında qalmışdı. Təbii fəlakət nəticəsində 500-ə qədər evə, 6 məktəbə, 2 uşaq bağçasına müxtəlif dərəcəli ziyan dəymişdi. Kür çayının daşması nəticəsində Salyan rayonunda qəzalı vəziyyətə düşmüş evlərin əvəzinə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni evlər inşa olunmuşdur.

Salyan rayonunda salınmış yeni qəsəbəyə gələn Prezident İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış oldu.

 Sonra dövlət başçısı yeni qəsəbənin ümumi planına və aparılmış tikinti-quruculuq işlərini əks etdirən stendə, inşaat işlərində istifadə olunmuş materialların nümunələrinə baxdı.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verdi ki, qəsəbənin ümumi ərazisi 20 hektardır. Qəsəbə üçün torpaq sahəsi Kür Qaraqaşlı bələdiyyəsinin ehtiyat fondundan ayrılmışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən burada ümumilikdə 68 yeni ev inşa edilmişdir. Evlərdən 10-u ikiotaqlı, 48-i üçotaqlı, 10-u isə dördotaqlıdır. Yeni mənzillərdə sakinlərin normal yaşamaları üçün hərtərəfli şərait yaradılmışdır.

Diqqətə çatdırıldı ki, evlərin inşası zamanı tikinti işlərinin tez və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Yaşayış massivinin lazımi infrastrukturla təmin edilməsi də diqqətdə saxlanılmışdır. Qəsəbədaxili yollara asfalt döşənmiş, ətraf abadlaşdırılmışdır. Burada 2 transformator quraşdırılmışdır. Yaxın gələcəkdə evlərin hamısı təbii qazla təmin ediləcəkdir.

Sonra Prezident İlham ƏLİYEV qəsəbə sakinləri ilə görüşdü, onları təbrik edərək dedi:

- Təbrik edirəm sizi, gözəl qəsəbə tikilib, çox gözəl evlərdir - müasir, geniş, işıqlı. Təbii fəlakətdən əziyyət çəkmiş vətəndaşlar artıq belə gözəl qəsəbədə yaşayacaqlar. Siz bilirsiniz ki, əvvəlki, uçulmuş evlər, onların böyük əksəriyyəti keyfiyyətsiz idi, çiy kərpicdən tikilmişdi. Amma bunlar gözəl şəraiti olan iki, üç, dördotaqlı daş evlərdir. Yəni, burada yaşamaq üçün bütün şərait vardır. Bu evlər qısa müddətdə, cəmi bir neçə ay ərzində tikilib. Qarşıya vəzifə də qoyulmuşdu ki, evlər qış gələnə qədər tikilsin ki, insanlar bu evlərə köçsünlər.

Sizi ürəkdən təbrik edirəm. Təbii fəlakətdən əziyyət çəkmiş bütün bu insanlar dövlət tərəfindən qayğı, dəstək görürlər, həm kompensasiya ödənilir, həm də evlər tikilir. Bu, Azərbaycan dövlətinin gücünü, vətəndaşlarına olan münasibətini göstərir.

 

* * *

 

Yeni evlərlə təmin edilən sakinlər adından çıxış edən Səfurə RZAYEVA təbii fəlakət dövründə dövlətin onları tək qoymadığını vurğuladı. O, Prezident İlham Əliyevin tapşırıqları əsasında qısa müddətdə daşqının nəticələrinin aradan qaldırıldığını və ziyan çəkən vətəndaşların hərtərəfli şəraiti olan evlərlə təmin olunduğunu qeyd edərək dedi:

- Əziz Prezidentimiz, Siz evləri uçan insanları intizarda qoymadınız. Tezliklə bu cür gözəl, yaraşıqlı evlərin tikintisinə başlandı. Qısa müddətdə bu başa çatdı. Bu evlər çox zövqlə, müasir tələblər səviyyəsində daşdan tikilmişdir. Bu yaraşıqlı evlər bizim rayonumuza gözəllik verir. İnsanlarımız burada rahat yaşayacaqlar. Buna görə də Sizə "Xoşbəxt olun" deyirik, əziz Prezidentimiz. Bütün bunlar Sizin bizə sonsuz diqqət və qayğınızın nəticəsidir.

Səfurə Rzayeva çoxşaxəli fəaliyyət göstərən Heydər Əliyev Fondunun da təbii fəlakətdən ziyan çəkən sakinlərə həssas münasibət göstərdiyini bildirərək dedi:

- Bax o tərəfdə gördüyünüz çoxlu sayda evdən ibarət şəhərcik Heydər Əliyev Fondunun nəcib təşəbbüsünün nəticəsidir. Xüsusi qeyd etmək istəyirəm ki, bu evlər imkansız, əlil və aztəminatlı ailələrə veriləcəkdir.

Səfurə Rzayeva onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə sakinlər adından bir daha dərin minnətdarlığını bildirdi: Sizə ürəkdən "Çox sağ olun" deyirəm. Ömrünüz uzun və bizə bəxş etdiyiniz bu yaraşıqlı evlər kimi işıqlı olsun. Bir daha sağ olun.

 

* * *

 

Prezident İlham ƏLİYEV: Əlbəttə, birinci mərhələdə biz insanları təhlükəsiz şəraitə köçürdük heç bir itki olmadı. Yəni, biz bütün insanları vaxtında köçürdük. Çox böyük bəla, böyük fəlakət idi. Əsas məsələ ondan ibarət idi ki, vətəndaşlar sağ-salamat qalsınlar.

SAKİN: Hazırda bizim rayonda möhkəm bəndvurma işləri gedir.

Prezident İlham ƏLİYEV: Bəli, bu da çox vacibdir. Yəni, istisna edilmirheç kim qarantiya verə bilməz ki, gələcəkdə yenə də leysan yağışları, sellər olmayacaqdır. Ona görə bütün yerlərdə bəndbərkitmə işləri aparılmalıdır. Göstəriş verilmişdi ki, evlər qısa müddət ərzində tikilsin və artıq bunu görürük. Bir neçə ay keçdi, artıq təkcə Salyanda deyil, bütün başqa rayonlarda da bu evlər hazırdır. Bu gün başqa yerlərdə də olacağam. Sizi bir daha ürəkdən təbrik edirəm. Burada yaşayanyaşayacaq vətəndaşlara da mənim salamlarımı çatdırın. Burada onlar üçün bütün şəraiti Azərbaycan dövləti yaradıbdır. Təbrik edirəm.

Sakinlər diqqət və qayğıya görə dövlət başçısına bir daha minnətdarlıq etdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 noyabr.- S. 1.