Mərkəzi Seçki Komissiyasının iclası

 

Noyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə üçün şəxsiyyət vəsiqələrindən istifadəyə dair məsələyə baxılmışdır.

MSK seçkilərdə iştirak edən Azərbaycan Respublikasının vətəndaşlarına aktiv seçki hüquqlarının həyata keçirilməsi üçün dəyişdirilməmiş şəxsiyyət vəsiqələrindən heç bir məhdudiyyət olmadan istifadə etmək imkanı yaradılması barədə qərar qəbul etmişdir.

İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır. Müraciətlər aidiyyəti üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmişdir.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, MDB Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2010.- 3 noyabr.- S. 1.