bp Azərbaycan uşaqlarının dostudur

 

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri və "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəməri boyunca səfər edən jurnalistlər bp-nin "Məktəb kitabxanaları" layihəsi ilə də tanış olmaq imkanı qazandılar.

bp şirkəti Azərbaycanda işlədiyi ilk vaxtlardan ölkəmizin gənc nəsli ilə dostluq edir. Məktəbəqədər yaşlı uşaqlarla, şagird və tələbələrlə bu dostluq ildən-ilə daha geniş miqyas alır, forma və məzmunca təkmilləşir.

bp bu layihə və tədbirləri, adətən, özünün "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları ilə birgə həyata keçirir. Elə layihələr də var ki, onlar yalnız bp-nin öz təşəbbüsündən irəli gəlir. "Məktəb kitabxanaları" layihəsi də məhz bp Azərbaycan şirkətinin əməkdaşlarının düşündüyüöz vəsaitləri hesabına maliyyələşdirdiyi layihədir.

Layihənin həyata keçirilməsi üçün bir sıra kitabxanalar seçildi. Onlardan birincisinin məhz Hacıqabuldakı 5 saylı orta məktəbdə yerləşən kitabxananın olması da təsadüfi deyil. Çünki bp-nin bu məktəblə çoxdandır dostluq əlaqələri var. Belə ki, bir neçə il əvvəl şirkət könüllü surətdə məktəbin güclü külək nəticəsində zərər dəymiş dam örtüyünü təzələyib. Daha sonra bp məktəbə qaz xəttinin çəkilişinə, sanitariya qovşağının tikintisinə maddi dəstək verib. Elə bu dostluq nəticəsində də məlum olub ki, məktəbin kitabxanası yoxdur.

Bu gün isə uşaqlar çox gözəl və zəngin bir kitabxanadan istifadə edirlər. bp Azərbaycan şirkətinin əlaqələr üzrə meneceri Tamam Bayatlı layihənin dəyərinin 9215 dollar olduğunu bildirir. Bu vəsaitin 8340 dollarını bp ödəyib. Layihə 43 kvadratmetrlik otağın əsaslı surətlə təmirini, Türkiyədə istehsal olunmuş laminatdan kitab rəflərinin quraşdırılmasını, kitabxananın digər avadanlıqlarla təminatını əhatə edib.

Layihəni icra edən "Sağlam həyat mədəniyyəti" təşkilatının rəhbəri Əhməd Qəşəmoğlu uşaqlarla dostluq və əməkdaşlığın bundan sonra da davam edəcəyini söyləyir. O deyir ki, buradakı kitabların kompüterdə elektron inventarlaşma axtarış sisteminin yaradılması, internet vasitəsilə M.F.Axundov adına və Bakıdakı digər kitabxanaların elektron kitabxanaları ilə əlaqələrin qurulması, tanınmış yazıçılarla görüşlərin keçirilməsi və s. tədbirlər nəzərdə tututur.

bp Yevlax şəhərindəki 8 saylı məktəbdə də müasir tələblərə cavab verən, nümunəvi kitabxana yaradılmasına dəstək verib. Burada görülən işlər isə təzə kitab rəflərinin quraşdırılmasından, pəncərələrə jalüz pərdələrin alınmasından, otağın çilçıraqla, kompüter stolu və kondisionerlə təmin olunmasından ibarət idi. Bu layihənin dəyəri 7600 dollardır.

bp-nin bu məktəblə də tanışlığı təzə deyil. BTC və CQBK neftqaz kəmərlərinin keçdiyi ərazilərdə şirkətin və tərəfdaşlarının həyata keçirdiyi "Davamlı inkişaf təşəbbüsləri"ndən bu təhsil ocağı da xeyli bəhrələnib. Burada təhsilə dəstək verən bir sıra tədbirlər keçirilib.

bp "Məktəb kitabxanaları" layihəsini davam etdirmək niyyətindədir. Bu, faydalı bir olduğu üçün yerlərdə bəyənilir və alqışlanır. İstər Hacıqabulda, istərsə də Yevlaxda gənc oxucular, onların valideynləri və müəllimləri, sakinlər görülən işlərin təhsilə böyük dəstək verdiyini vurğuladılar. Qeyd etdilər ki, bp-nin uşaqlarla dostluğu onların biliyinin artmasına, dünyagörüşünün genişlənməsinə xidmət edir. Bu da Azərbaycanın gələcəyinə yönəldilən xeyirxah bir əməl, uzaqgörən münasibətdir.

 

 

F.SADIQLI

 

Azərbaycan.- 2010.- 3 noyabr.- S. 4.