Rusiyanın Voloqda şəhərində ümummilli lider Heydər Əliyevin xatirə lövhəsinin açılışı olmuşdur

 

Noyabrın 4-də Ümumrusiya Xalqlarının Birlik Günü münasibətilə Rusiyanın Voloqda şəhərindəki Belyayev adına parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə əkdiyi ağacın önündə ulu öndərin xatirə lövhəsinin açılışı olmuşdur.

Açılış mərasimində Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanovla birgə 15 ölkənin bu şəhərdəki baş konsulları, Voloqda vilayətinin vitse-qubernatoru Nikolay Vinoqradov, Voloqda şəhərinin meri Yevgeni Şulepov və digər rəsmi şəxslər iştirak etmişlər.

Vilayətin vitse-qubernatoru Nikolay Vinoqradov tədbirdə çıxış edərək öz ömrünü Azərbaycanın tərəqqisinə, xalqımızın xoşbəxtliyinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycan-Rusiya dostluq əlaqələrinin inkişafındakı əvəzsiz xidmətlərindən söhbət açmışdır. Belə bir bayram günündə xatirə lövhəsinin açılması dost ölkələrimizin münasibətlərinin daha da sıx olmasına zəmin yaradacaqdır.

Voloqda şəhərinin meri Yevgeni Şulepov da Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı xidmətlərini qeyd edərək dahi rəhbərin ikitərəfli əlaqələrdə əsl dönüş yaratdığını vurğulamışdır. Ulu öndər Heydər Əliyevlə bağlı xatirələri yada salan şəhər meri ümummilli liderin 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə Çerepovets şəhərində olduğunu diqqətə çatdırmışdır. O, görkəmli dövlət xadiminin Voloqda vilayətinin inkişafındakı rolundan danışaraq xatirə albomunda Heydər Əliyevin səfərləri zamanı çəkilən fotoşəkilləri nümayiş etdirmişdir.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov ümummilli lider Heydər Əliyevin həyatı və Azərbaycan xalqı qarşısında yüksək xidmətiləri barədə danışaraq ulu öndərin xarici ölkələrdə yaşayan həmvətənlərimizə daim yüksək diqqət və qayğı göstərdiyini bildirmişdir. Baş konsul demişdir ki, Voloqda şəhəri sakinlərinin təşəbbüsü ilə ulu öndərin xatirə lövhəsinin məhz Ümumrusiya Xalqlarının Birlik Günündə açılması xalqlarımız arasındakı dostluğun bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyevin strateji xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri yüksələn xətlə inkişaf edir.

Qüdsi Osmanov Voloqda şəhərinin meri Yevgeni Şulepova Heydər Əliyevin Rusiyada siyasi fəaliyyətini əks etdirən "Qeydar Aliev: "V Rossii çast moyey duşi..." fotoalbomunu hədiyyə etmişdir.

Rusiya Xalqları Assambleyası regional bölməsinin sədri Aleksandr Bolotov Azərbaycanın hərtərəfli inkişafında böyük xidmətləri olan Heydər Əliyevin istedadlı, müdrik siyasi və dövlət xadimi olduğunu, bütün gücünüenerjisini Vətənin inkişafı və tərəqqisinə həsr etdiyini söyləmişdir. Ulu öndər, dahi siyasi xadim Heydər Əliyevin 30 il bundan əvvəl əkdiyi ağac Voloqda vilayətində yaşayan azərbaycanlılar üçün qürur amilidir.

Sonra xatirə lövhəsinin üzərindəki örtük götürüldü.

Tədbirin iştirakçıları xatirə lövhəsinin önünə gül dəstələri qoydular.

Xatırladaq ki, 1983-cü ilin yayında Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi şəhər zəhmətkeşlərinin təsərrüfat və mədəni quruculuqda qazandığı uğurlara, inqilabi xidmətlərinə və Böyük Vətən müharibəsində Qələbəyə töhfələrinə görə "Oktyabr İnqilabı" ordenini təqdim etmək üçün bu şəhərə gəlmişdir. Səfər müddətində Heydər Əliyev Voloqda zavodlarında, diyarşünaslıq muzeyində olmuşparkda Belyayevin abidəsinin yanında palıd ağacı əkmişdir.

 

 

Azərbaycan.- 2010.- 6 noyabr.- S. 4.