"Kaspi" Təhsil Mərkəzi Bakıda 3-cü Beynəlxalq təhsil sərgisi keçirmişdir

 

Mərkəz 100-dən çox xarici təhsil müəssisəsi ilə əməkdaşlıq edir

 

Noyabrın 6-da "Kaspi" Təhsil Mərkəzi Bakıda növbəti, 3-cü Beynəlxalq təhsil sərgisi keçirmişdir.

Gənclərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən "Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyeva tədbiri açaraq beynəlxalq sərginin əhəmiyyətindən danışmışdır.

"Kaspi" Təhsil Mərkəzinin 100-dən artıq xarici təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyini xatırladan S.Vəliyeva bildirmişdir ki, azərbaycanlı gənclərə təhsildə dəstək vermək məqsədilə keçirilən bu sərgidə onlar Avropanın və Amerikanın 10 təhsil müəssisəsi barədə məlumat əldə edəcəklər.

Bundan əvvəl keçirilmiş sərgilərdə təmsil olunmuş xarici təhsil müəssisələrində 100-dək azərbaycanlı gəncin bakalavrmagistr pillələri üzrə təhsil almağa göndərildiyini qeyd edən S.Vəliyeva "Kaspi" Təhsil Mərkəzinin həmin gənclərə dəstək verdiyini söyləmişdir. O xatırlatmışdır ki, bu ilin oktyabrında ABŞ-ın 4 nüfuzlu universiteti ilə birgə keçirilmiş təhsil sərgisi də azərbaycanlı gənclərin həmin ölkədə təhsil almalarına şərait yaratmışdır.

Müasir dünyada təhsilin mühüm rolunu vurğulayan "Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyeva 3-cü Beynəlxalq təhsil sərgisinin də uğurlu nəticələr verəcəyinə əminliyini bildirmiş, gənclərə uğurlar arzulamışdır.

Sonra iştirakçılar sərgi ilə tanış olmuşlar.

Sərgidə INTO, CEG (Cambridge Education Group), Şeffild Universiteti, Şərqi İngiltərə Universiteti, Şimali Kiprdəki Yaxın Şərq Universiteti, Lankaster Universiteti, London Şəhər Universiteti və digər nüfuzlu xarici təhsil müəssisələri barədə soraq kitabları, bukletlər və s. nümayiş etdirilmiş, ekspertlər tərəfindən qəbul şərtləri, təhsil proqramları barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, "Kaspi" Təhsil Mərkəzi 2007-ci ilin mayında təhsil sahəsinə yeniliklər gətirmək və beynəlxalq standartlara cavab verən təhsil sistemi yaratmaq məqsədi ilə qurulmuşdur. Mərkəzin əsas vəzifəsi gənclərdə maarifçi təfəkkürün inkişaf etdirilməsi, gələcək kadrların yetişdirilməsidir. "Kaspi" Təhsil Mərkəzi savadlı müəllim kollektivi, münbit dərs şəraiti, zəngin avadanlığa malik sinif otaqları ilə təmin olunmuşdur. Mərkəzdə dərslərin keyfiyyətinin artırılması məqsədilə xüsusi laboratoriyalar və kabinetlər abituriyentlərin istifadəsindədir. Bundan əlavə, mərkəzin minlərlə kitaba, DVD və CD-lərə malik zəngin kitabxanaoxu zalı da vardır. Mərkəzdə mütəmadi olaraq hər rüb sınaq imtahanları və hər ay valideyn iclası keçirilir.

Mərkəz daim inkişafdadır və uğurları ildən-ilə artır. 2008/2009-cu tədris ilində mərkəzdə təhsil alan abituriyentlərin 84 faizi ali məktəblərə daxil olmuş, 20 nəfər isə xaricdə təhsil almağa göndərilmişdir. 2009/2010-cu tədris ilində isə mərkəzin abituriyentlərinin 94 faizi tələbə adını qazanmışdır. Qəbul olanların 10 faizi 600-700, 40 faizi isə 500-550 bal toplamışlar. Bu il mərkəzin xarici dil kursunu bitirmiş 32 nəfər Avropanın nüfuzlu ali məktəblərinə göndərilmişdir.

2009/2010-cu tədris ilində "Kaspi" Təhsil Mərkəzi Azərbaycanda ilk dəfə olaraq "Abituriyent" adlı təqaüdlər təsis etmişdir. Bu layihənin məqsədi istedadlı tələbələrin üzə çıxarılması və onların təhsilə olan marağının artırılmasıdır. "Kaspi" təqaüdçüləri mərkəzin ikimərhələli qəbul və sınaq imtahanlarının nəticələrinə əsasən təyin olunurlar. Mərkəzi bitirən gənclərin əksəriyyəti ABŞ, Böyük Britaniya, İsveçrə, Rusiyas. ölkələrin nüfuzlu universitetlərində təhsil alırlar.

Hazırda "Kaspi" Təhsil Mərkəzində xarici dillər, kompüter kursları, 7-12 yaş arasında uşaqlar üçün xüsusi ingilis dili, TOEFL və DAAD proqramları, magistraturaya hazırlıq kursları fəaliyyət göstərir.

Diqqətə çatdırılmışdır ki, mərkəzdə yeni layihələr hazırlanır. Həmin layihələrin icrasına gələn ildən başlanılacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 7 noyabr.- S. 7.