Türkiyənin Azərbaycandakı səfirliyində "Pakistana yardım əli" xeyriyyə aksiyası keçirilmişdir

 

Noyabrın 6-da Türkiyənin Azərbaycandakı səfirliyində "Pakistana yardım əli" xeyriyyə aksiyası keçirilmişdir.

Tədbirdə Türkiyənin məşhur modelyeri Əhməd Özceyhanın "Azərbaycan" və tanınmış modelyer, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın "Türkiyə" adlı kolleksiyaları nümayiş etdirilmişdir.

İndiyədək bir çox ölkələrdə nümayiş olunan kolleksiyalar - zərli saplarla işlənmiş kostyumlar, gümüşü qaşlarla bəzək vurulmuş gündəlik və gecə paltarları, əllə toxunmuş üst geyimləri, milli naxışlarla bəzədilmiş qadın geyimləri paytaxt tamaşaçılarına göstərilmişdir.

Hər iki modelyer tədbirin xeyriyyə məqsədi daşımasından qürur duyduqlarını vurğulamışlar.

Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıç bildirmişdir ki, xeyriyyə tədbiri Pakistanda müalicə müəssisənin inşasına dəstək məqsədilə keçirilir. G.Kılıç qeyd etmişdir ki, insanların bir-birinə yardım göstərməsi həm dini, həm də insanlıq baxımından vacibdir.

Tədbirdə xeyriyyə məqsədi ilə lotereya da oynanılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 7 noyabr.- S. 7.