Bayrağımız - qürur mənbəyimiz

 

Azərbaycan türkünün bayraq sevgisi həmişə böyük olub. Bu sevgi neçə-neçə əsrlərdən, illərdən keçib, əfsanəyə, rəvayətə çevrilib bu günümüzə gəlib çıxıb.

1918-ci ildə Azərbaycanın şimalında qaldırılan üçrəngli bayraq müqəddəs bir amala çevrilsə də, iki il sonra Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə bu bayraq sevgisi illər boyu ürəklərdə gəzməkdə davam etdi. Uzun illərdən sonra üçrəngli bayrağımız ümummilli lider Heydər Əliyevin böyük cəsarət və əzmkarlığı sayəsində 1990-cı il noyabrın 17-də ovaxtkı Naxçıvan Ali Sovetinin binasında öz şərəfli yerini tutdu. Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev o günlərə nəzər salaraq demişdir: "1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin Bayrağı Azərbaycanda Dövlət Bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbacyan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi. Eyni zamanda, ovaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu Bayraq Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilsin.

O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz ogündən başlamışdı. O illər hamımızın yadındadır. O illər Azərbaycanın inkişafı, gələcəyi üçün həlledici illər idi. Azərbaycan dövlət müstəqilliyinə qovuşanda ölkədə proseslər çox mənfi istiqamətdə gedirdi. Ölkədə anarxiya, hərc-mərclik hökm sürürdü. Ölkənin inkişaf perspektivləri qeyri-müəyyən idi və Azərbaycan əslində dövlət müstəqilliyini itirə bilərdi. Azərbaycan xalqının tələb və müdrikliyi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı və inkişaf dövrü başlandı. Bu inkişaf dövrünün nəticələrini bu gün Azərbaycan vətəndaşları görürlər".

İndi dünyada ən böyük, ən uca Bayraq bizdədir - 162 metr. Artıq hər yerdən görünən, gəlib-gedənləri heyran edən bu Bayraq həm də ölkəmizin həyatında baş verən böyük dəyişikliklərdən xəbər verir: "Bu gün ölkəmizin həyatında, bir daha demək istəyirəm, tarixi, unudulmaz bir hadisə baş verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu Bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu Bayraq dünyanın ən hündür Bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil, məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə etiramımızı göstərir. Əminəm ki, bir neçə aydan sonra burada, bütün bu ətrafda tikinti-quraşdırma işləri tamamlanandan sonra bu möhtəşəm meydan insanlarla dolu olacaqdır. Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, onminlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, bu Bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. Buradan gözəl Bakıya möhtəşəm bir mənəzərə açılır. Burada, aşağıda gəzinti üçün gözəl yerlər var. Yəni, bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması, doğrudan da, böyük hadisədir. Bizim Bayrağımız qürur mənbəyimizdir. Bizim Bayrağımız canımızdır, ürəyimizdir.

Bu gün Azərbaycanın hər yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim Bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada qaldırılacıqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq", - iftixar dolu bu fikirlər ölkə Prezidenti İlham Əliyevə məxsusdur.

Daim iftixarqürur mənbəyimiz olan üçrəngli Bayrağımızın artıq heç vaxt dəyişməyəcək yeri, məkanı bəlli olduğu kimi, heç vaxt dəyişməyəcək ad günü də bəllidir - 1918-ci il 9 noyabr!

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2010.-9 noyabr.- S. 3.