Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 9-da Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak etmişlər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışı bildirən lenti kəsdilər və bina ilə yaxından tanış oldular.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotostendlər, dövlət atributlarına aid xüsusi guşə yaradılmışdır.

Təhsil naziri Misir Mərdanov məlumat verdi ki, tikintisinə 2009-cu ilin yanvarında başlanılmış məktəb binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur.

Dördmərtəbəli, min şagird yeri olan binada yeni avadanlıq və dərs ləvazimatı ilə təmin edilmiş 26 sinif otağı, 3 laboratoriya, fənn kabinetləri, habelə zəngin kitab fonduna malik kitabxana, 2 kompüter otağı, akt zalı, şagirdlər üçün istirahət zalları, 100 nəfərlik yeməkxana, müəllim otaqları, inzibati və digər otaqlar vardır. Ölkəmizin orta məktəbləri arasında ilk dəfə burada şagirdlər üçün diskussiya zalları yaradılmışdır.

 Təhsil ocağında məktəblilərin fiziki hazırlığının təşkilinə də diqqət yetirilmişdir. Müasir idman qurğuları ilə təmin edilmiş idman zalında həndbol, mini futbol, basketbol və digər idman növləri ilə məşğul olmaq üçün bütün şərait yaradılmışdır. Burada 250 tamaşaçı yeri olan üzgüçülük hovuzu da vardır. Məktəbdə ibtidai hərbi hazırlıq kabineti də fəaliyyət göstərəcəkdir.

Bina havalandırma, videomüşahidə və yanğın həyəcanı sistemi ilə təchiz edilmişdir.

Prezident İlham Əliyev və xanımı sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış oldular.

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 11 noyabr.- S. 1.