Dünyanın ən uca Bayrağı Azərbaycandadır

 

Hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, qlobal planda maddi və mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan milli-mənəvi dəyərlər hər bir etnosun kimliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqla yanaşı, həm də bəşər sivilizasiyasına dəyərli töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər, eyni zamanda, hər bir xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi, özünütəsdiq faktıdır.

Dünyanın qədim xalqlarından olan azərbaycanlılar milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə tarixi etnos kimi mövcudluqlarını daim qoruyublar. Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir anlamda isə Bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 24-də üzərində rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul olundu. Noyabrın 9-da həmin bayraq üçrəngli - yaşıl, qırmızı və mavi zolaqdan ibarət olan bayraqla əvəz edildi. Həmin il Azərbaycan Xalq Cümhuriyyətinin himninin qəbul edilməsi ilə də əlamətdar oldu. Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılması da AXC hökumətinin qısa müddət ərzində həyata keçirdiyi tarixi hadisə idi.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraq aradan götürüldü. Azərbaycanın üçrəngli Bayrağı ikinci dəfə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclas zalında qaldırıldı. Azərbaycanın üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin qərarı ilə bərpa olundumuxtar respublikanın Dövlət Bayrağı kimi qəbul edildi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Soveti Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Sovetinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş ümummilli liderin Naxçıvanda əvvəlcə deputat, sonralar isə muxtar respublikanın rəhbəri kimi fəaliyyət göstərməsi bu bölgədən başlanan müstəqillik yolunun bütün Azərbaycan boyu genişlənməsinə, nəticədə milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Keçmiş sovetlər birliyinin mövcud olduğu bir dövrdə ulu öndərin cəsarətli addımları hesabına Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri götürüldü. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanması şərti ilə ilk dəfə olaraq bu torpağı tərk etdilər. Naxçıvan Muxtar Respublikasının Ali Sovetində 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət verildi, həmin günün milli matəm günü kimi qeyd olunması, dünya azərbaycanlılarının birlik və həmrəylik gününün təsis edilməsi, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul olundu.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə həm də Azərbaycanın üçrəngli bayrağını uca tutmuşdur. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Əsas Qanunun 23-cü maddəsinin II bəndində göstərilir: "Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir".

Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində isə qeyd olunur ki, "Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir". Ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın daha da qüdrətlənməsi və dünya birliyində tutduğu layiqli yeri möhkəmləndirmək üçün ötən 7 ildə böyük işlər həyata keçirmişdir. Paytaxtda, eləcə də bölgələrimizdə ən müasir standartlara cavab verən möhtəşəm sosial obyektlər, istehsalat müəssisələri Azərbaycanın qüdrətli dövlət olduğunu bir daha təsdiqləyir. Azərbaycan dövlətinin suverenliyinin rəmzi sayılan Dövlət Bayrağımızın Dövlət Bayrağı Meydanında dalğalanması isə hər bir azərbaycanlıda fəxarət hissi oyatdı.

Xatırladaq ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu ilin noyabrında Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. Hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır.

Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazasının yaxınlığında Dövlət Bayrağı Meydanı yaradılmışdır. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə 350 kiloqramdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.

Azərbaycanın üçrəngli Dövlət Bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlərdə, mötəbər mərasimlər və məclislərlə yanaşı, ictimai-siyasi toplantılarda, kütləvi, mədəni yığıncaqlarda, idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. İdmançılarımızın beynəlxalq yarışlarda hər qələbəsi zamanı ucaldılan bayraq azərbaycanlıların qəlbində böyük sevinc, iftixar hissləri doğurur, dövlətə, xalqa mənsubluq hissini gücləndirir. Azərbaycanın Dövlət Bayrağının Bakı şəhərinin ən möhtəşəm guşəsində - analoqu olmayan hündürlükdə dalğalanması da xalqda milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirir. Dövlət Bayrağı Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun hansı təməl prinsiplərinə, ideoloji sütunlara söykəndiyini nümayiş etdirməklə yanaşı, xalqın müstəqil dövlətini qorumaq, inkişaf etdirmək, yaşatmaq əzmini möhkəmləndirir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.-11  noyabr.- S. 4.