Azərbaycan Respublikası Ali Məhkəməsinin növbədənkənar plenumu olmuşdur

 

Noyabrın 11-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbədənkənar plenumu olmuşdur.

İclası giriş sözü ilə açan R.Rzayev bildirmişdir ki, ölkəmizdə həyata keçirilən köklü islahatlar və cəmiyyətimizin dinamik inkişafı nəticəsində məhkəmələrin də həcmi artmış, məhkəmə fəaliyyətinin daha da təkmilləşdirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar Prezident İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində tapşırıqlarının icrası ilə bağlı ardıcıl tədbirlər həyata keçirilməkdədir.

Yeni qanunvericiliyə uyğun olaraq, hakimlərin seçilməsinin təzə qaydası müəyyən edilmiş və müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi yaradılmışdır.

Vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması, habelə regionlarda hüquq institutlarının inkişafı məqsədi ilə yeni məhkəmələr, o cümlədən Bakı şəhərində yerləşən Respublika Apelyasiyaİqtisad məhkəmələri ləğv edilərək ölkənin bütün bölgələrini əhatə edən beş yeni regional apelyasiya məhkəməsi, əlavə olaraq üç yerli iqtisad məhkəməsi təşkil edilmiş və 2007-ci ildən fəaliyyətə başlamışdır.

Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyə 2010-cu il 22 iyun tarixdə edilmiş mütərəqqi dəyişikliklər məhkəmə sisteminin daha da təkmilləşdirilməsini şərtləndirmişdir.

Əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə yeni məhkəmələr - Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin əsasında ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələri, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədi ilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələr yaradılmış, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir.

Məhkəmələrdə baxılan işlərin sayı 2000-ci illə müqayisədə dəfələrlə artmışdır. Bununla əlaqədar hakim ştatlarının sayı son illərdə 50 faiz, o cümlədən cari ilin avqust ayında 25 faiz artırılaraq 600-ə çatdırılmış, hər bir hakim üçün əlavə köməkçi ştatları ayrılmış, məhkəmə hakimiyyətinin özünüidarə funksiyaları genişləndirilərək bu ştatların məhkəmələr arasında bölgüsü Məhkəmə-Hüquq Şurasına həvalə edilmişdir.

Plenumda qeyd edilmişdir ki, son illərdə hakim ştatlarının artırılması nəticəsində Ali Məhkəmə hakimlərinin ştat sayı 27-dən 41-ə, apelyasiya instansiyası məhkəmələri hakimlərinin ştat sayı isə iki dəfədən çox artırılaraq 63-dən 135-ə çatdırılmışdır. Bakı şəhərinin rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq 45 hakim fəaliyyət göstərmişdirsə, bu gün onların sayı 97 nəfər təşkil edir. Respublikanın digər rayon, şəhər məhkəmələri hakimlərinin sayı da xeyli artırılmışdır.

Bu isə öz növbəsində, hakimlərin yükünü azaldır, nəticə etibarı ilə işlərə daha keyfiyyətli baxılır, yol verilən süründürməçilik və digər pozuntular aradan qaldırılır.

Hakimlərin maddi təminatının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, o cümlədən cari ilin oktyabr ayında qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, onlara əlavə təminatlar nəzərdə tutulmuşdur.

Məhkəmə fəaliyyətinin müstəqilliyinin təmin edilməsində hakimlərin seçilməsi və təyinatı prosesi mühüm əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanda hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası təsbit olunmuşdur.

Son illərdə çoxsaylı imtahan və müsahibələrdən, habelə namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan hakimlərin seçim prosedurları nəticəsində 2 min 200 namizəddən 235 nəfər seçilərək hakim vəzifəsinə təyin olunmuşdur. Hazırda apelyasiya məhkəmələri hakimlərinin 30 faizə qədərinin, birinci instansiya məhkəmələri hakimlərinin isə 60 faizdən çoxunu məhz bu hakimlər təşkil edir.

Plenumda respublikanın birinci instansiya məhkəmələrinə yeni təyin olunmuş hakimlər "Məhkəmələr və hakimlər haqqında" qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəklərinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacaqlarına, yüksək hakim adına hörmət ruhunda davranmalarına and içmişlər.

Çıxış edənlər yeni təyin olunmuş hakimlərə ədalət mühakiməsini həyata keçirərkən daim qanunun aliliyini təmin etmələrini tövsiyə etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Plenum konkret cinayət və mülki işlərə də baxmışdır.

Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.

Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 12 noyabr.- S. 6.