Ağdam rayon mərkəzi xəstəxanasının yeni binası ilə tanışlıq

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 11-də Quzanlı qəsəbəsində Ağdam rayon mərkəzi xəstəxanasının yeni binası ilə tanış olmuşlar.

Xəstəxananın ikimərtəbəli əsas binasının birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqət və qayğısını əks etdirən fotostend vardır.

Dövlət başçısı səhiyyə ocağının köhnə və yeni binalarının şəkilləri əks olunmuş fotoguşəyə baxdı.

Məlumat verildi ki, xəstəxananın əvvəlki binası yararsız vəziyyətə düşdüyündən dövlət başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılmış və iki il müddətində müasir tipli 50 çarpayılıq bina inşa olunmuşdur. Ən müasir avadanlıqla təchiz olunmuş xəstəxana nəinki Ağdamdan, eyni zamanda, qonşu rayonlardan olan xəstələrin müalicə və əməliyyat olunmalarına imkan yaradacaqdır. Birinci mərtəbədə yerləşən poliklinika şöbəsi stomatologiya, oftalmologiya və USM kabinetləri, nevropatoloq, manipulyasiyafizioterapiya otaqlarından ibarətdir. Doğum şöbəsi də birinci mərtəbədə yerləşir. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya, anesteziologiyaintensiv terapiya şöbələri fəaliyyət göstərəcəkdir. Bina müasir havalandırma sistemi ilə təchiz olunmuşdur.

Bildirildi ki, xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı, generator, paylayıcı elektrik qurğuları quraşdırılmış və rentgen şöbəsi yaradılmışdır. Ərazi abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır. Xəstəxanaya gələn yola asfalt örtüyü salınmış, işıqlandırma sistemi quraşdırılmışdır. Prezident İlham Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya müasir avadanlıqla təmin olunmuş "Mercedes" markalı 2 təcili tibbi yardım avtomobili verilmişdir.

Xəstəxananın baş həkimi Gülnar Abbasova dövlət başçısına kollektiv adından dərin minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Ağdam rayon mərkəzi xəstəxanasının kollektivinə uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 noyabr.- S. 3.