Milli Məclisdə qəbul

 

Noyabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda Konstitusiya Gününə həsr olunmuş konfrans iştirakçılarının bir qrupunu qəbul etmişdir.

Spiker Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkovun başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini səmimi salamlayaraq onları Milli Məclisdə görməyindən məmnun olduğunu söylədi. Bildirildi ki, bu gün müstəqil Azərbaycan ölkənin əsas sənədinin - Konstitusiyanın qəbul olunmasının 15 illiyini böyük təntənələrlə qeyd edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başçılıq etdiyi komissiya tərəfindən hazırlanmış bu sənəd 1995-ci il noyabrın 12-də referendumda qəbul olunmuşdur.

Konstitusiya layihəsi üzərində işləyən komissiya bu sahədə dünyamilli təcrübəni dərindən öyrənmiş, son nəticədə bugünkü dövlətçilik sistemimizin hüquqi bazasını təşkil edən sənədi ümumxalq səsverməsinə çıxarmışdır. Məqsədimizin hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu olduğu sənəddə təsbit olunmuşdur.

Tale elə gətirmişdir ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti obyektivsubyektiv səbəblərdən dövlətin Əsas Qanununu qəbul edə bilməmişdir. Bu gün 15 illik yubileyini qeyd etdiyimiz hazırkı Konstitusiya müstəqillik dövründə Azərbaycanın ilk Konstitusiyasıdır. Bu sənəd dövlətin ali qanunu kimi ölkənin siyasi, hüquqiiqtisadi sistemlərinin əsaslarını təsbit edir. Konstitusiyada hakimiyyətin xalqa məxsusluğu və hakimiyyətin bölgüsü prinsipləri öz əksini tapmışdır.

Bu gün Azərbaycanda həyatın bütün sahələrində olduğu kimi, hüquq-mühafizə və məhkəmə sistemində də islahatlar uğurla davam etdirilir. Heç də təsadüfi deyildir ki, Konstitusiyanın maddələrinin üçdə biri insan hüquq və azadlıqlarının qorunmasına həsr olunmuşdur.

Parlamentin Sədri bildirdi ki, əsası ulu öndər tərəfindən qoyulmuş ölkənin milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ötən dövrdə Azərbaycanda baş verən ictimai-siyasi proseslər fonunda demokratiyanın daha da dərinləşməsi, Avropaya inteqrasiya istiqamətində əldə edilən nailiyyətlər ölkənin əsas sənədində bir sıra dəyişikliklər edilməsini zəruri etmişdir. Belə ki, 2009-cu ilin martında referendum yolu ilə qəbul olunmuş əlavə və dəyişikliklər Konstitusiyanın mətninə daxil edilmişdir. Bu, 1995-ci ildən bugünədək ölkənin əsas sənədinə edilmiş ikinci əlavə və dəyişikliklərdir. Konstitusiya islahatı ölkənin siyasi sisteminin inkişafı məqsədilə aparılmışdır.

Görüşdə spiker "İnsan hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya mexanizmi" mövzusunda Bakıda keçirilən konfransın əhəmiyyətini təcrübə və informasiya mübadiləsi baxımından yüksək dəyərləndirdi, konfrans iştirakçılarına uğurlar arzuladı.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkov Azərbaycanda Konstitusiya gününə həsr olunmuş konfransın işindən söz açdı. Bildirildi ki, tədbir Azərbaycan Konstitusiya Məhkəməsinin və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən təşkil edilmişdir. Konfransda Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu yolunda əldə etdiyi nailiyyətlər barədə fikir mübadiləsi aparılmış, ölkədə qısa müddət ərzində bu sahədə görülmüş işlər yüksək dəyərləndirilmişdir.

Söhbətdə Andrey Trebkov müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu və ölkəmizin Avropa Şurasına üzvlüklə bağlı müraciəti ilə əlaqədar görkəmli dövlət xadimi Heydər Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlatdı. O, ümidvar olduğunu bildirdi ki, sürətlə inkişaf edən Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində də öz nailiyyətləri ilə bundan sonra da dostlarını sevindirəcəkdir.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimləri Kamran Şəfiyev, Ceyhun Qaracayev, Avropa İnsan Haqları Məhkəməsinin, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan Konstitusiya məhkəmələrinin hakimləri və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 

Milli Məclisin

mətbuat xidməti

 

Azərbaycan.- 2010.- 13 noyabr.- S. 6.