Azərbaycanın türkdilli dövlətlərlə əməkdaşlığı genişlənir

 

Müasir şəraitdə dövlətlərarası əlaqələrin spektri çox genişdirbu münasibətləri quran ölkələr əməkdaşlığın bütün sahələrində tərəqqi əldə etmək üçün qarşılıqlı təmaslar qururlar. Ulu öndər dəfələrlə bildirmişdir ki, türkdilli dövlətlərin mənəvi birliyi onların siyasi birliyi ilə tamamlanmalı, dünya arenasında mütəşəkkil güc mərkəzi kimi formalaşmasını təmin etməlidir.

Bu, milli-dini yaxınlıq amili və təəssübkeşlik prinsiplərindən bir qədər də irəliyə gedərək bütövlükdə türkdilli xalqların dünya siyasətindəki tarixi yerini, təsir imkanlarını, nüfuzunu təmin etməyə yönəlmiş müqəddəs amal, məsuliyyətli və əzmkar missiya kimi özünü göstərmişdir. "Türkün türkdən başqa dostu yoxdur" kimi zərərli yanaşmadan tamamilə uzaq olan, fərqli məzmun daşıyan bu xeyirxah missiya türkçülük ideyalarının bəşəriyyətin xilasına xidmət etdiyini, türkdilli dövlətlərin regionda yalnız sülh, iqtisadi tərəqqi və inkişaf, habelə demokratik idealların təntənəsi naminə birləşmək niyyətini nümayiş etdirməyə yönəlmişdir.

Azərbaycanın türkdilli ölkələrlə əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət əvvəl Orta Asiyanın tükdilli dövlətlərindən olan Özbəkistan Respublikasına rəsmi səfəri də bu baxımdan əlamətdar olmuşdur. Səfər zamanı dövlət başçıları arasında aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər dövlətlərarası münasibətlərdə yeni səhifə açmışdır.

Özbəkistanın da digər türkdilli dövlətlər kimi Azərbaycanla əlaqələri genişləndirmək istəyi ilk növbədə ölkəmizin son illər əldə etdiyi böyük uğurlarla bağlıdır. Digər tərəfdən, ölkələrimiz və xalqlarımız arasında ümumi oxşarlıqlar, iqtisadi, siyasi sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır.

Azərbaycan Prezidentinin Özbəkistana rəsmi səfəri zamanı dövlət başçılarının imzaladıqları birgə bəyannamə və digər mühüm sənədlər də siyasi əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev iki dost ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirərək demişdir: "Ölkələrimiz dost, qardaş ölkələrdir. Xalqlarımız da dost, qardaş xalqlardır. Bu gün görüşlərdə qeyd olunan kimi, bizə tərcüməçi lazım deyildir. Biz bir-birimizin dilini başa düşür, anlayırıq və bütün beynəlxalq təşkilatlarda məsələlərə vahid mövqedən yanaşırıq. Mən bu gün xüsusilə qeyd etdim ki, Özbəkistan Azərbaycanın haqq işini daim dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını nəinki rəsmi bəyanatlarla dəstəkləyir, eyni zamanda Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin iclaslarında birmənalı şəkildə Azərbaycanın mövqeyinə səs verir. Bu gün Özbəkistan Prezidenti bir daha bu prinsipə mövqeyini bildirmişdir.

Bizim aramızda çoxşaxəli münasibətlər vardır - həm iqtisadi, siyasi və həm də başqa sahələrdə. Ən əsası odur ki, biz səmimi dostuq, qardaşıq. Bu gün yəqin ki, münasibətlərimizin tarixində öz yerini tutacaqdır. Çünki bu gün gördüyümüz işlər münasibətlərimizin inkişaf etdirilməsində çox mühüm rol oynayacaqdır".

Prezident İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan-Özbəkistan arasında sənədlərin imzalanma mərasimi olmuşdur. Müxtəlif sahələri əhatə edən bir sıra mühüm sənədlərin imzalanması əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsi üçün çox möhkəm hüquqi baza yaradır. Ölkə başçılarının imzaladıqları Birgə Bəyannamə ilə yanaşı, "Özbəkistan Respublikası Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası arasında aviasiya personalı şəhadətnamələrinin qarşılıqlı tanınması haqqında Saziş", "Özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş", "Özbəkistan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arasında 2010-2012-ci illərdə qarşılıqlı fəaliyyət haqqında Protokol", "Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi arasında 2010-2012-ci illər üçün Əməkdaşlıq Proqramı", "18 iyun 1997-ci ildə imzalanmış Özbəkistan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında Özbəkistan Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının vizasız gəliş-gedişi haqqında Saziş", "2011-2015-ci illər üzrə Özbəkistan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş" imzalanmışdır.

Hər iki ölkənin dövlət başçıları görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə də toxunmuşlar. Dövlət başçıları BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət və riayət edilməsi əsasında münaqişənin sülh yolu ilə həllinin mümkünlüyünü bir daha bəyan etmişlər. Özbəkistan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin və digər nüfuzlu qurumların müvafiq qətnamələrinin yerinə yetirilməsinə və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinə tərəfdar olduğunu bir daha bildirmişdir. Xatırladaq ki, 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı Özbəkistan ölkəmizin mövqeyini dəstəkləmişdir.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibət məsələsi dövlət başçımızın bu ölkəyə səfəri zamanı verilən bəyanatlarda bir daha öz əksini tapdı. Prezident İslam Kərimov bununla bağlı demişdir: "Fikir mübadiləsi özlüyündə böyük sərvət, böyük hadisədir. Bunun nəticəsində biz nəinki əməkdaşlığımızın ötən dövründə görülmüş işlərə yekun vura bilərik, həm də deyərdim ki, bu gün müəyyən düzəlişlər etməyin, Azərbaycan və Özbəkistan üçün birmənalı şəkildə əhəmiyyət kəsb edən bütün problemlərin həllinin yeni yollarını, prioritet istiqamətlərini müəyyən edə bilərik. Hesab edirəm ki, son zamanlar xüsusən Mərkəzi Asiya regionunda baş vermiş hadisələr bizim regionda insanları narahat edir, onların rahatlığı, sülhsabitlik üçün problemlər yaradır. Eynilə sizin regionda da daimi münaqişə ocaqları vardır və bu münaqişələrin həll edilməsi vaxtı çoxdan çatmışdır. Bizim bu məsələlər barəsində - həm Azərbaycanın Mərkəzi Asiya problemlərinə, həm də Özbəkistanın Dağlıq Qarabağ məsələsinə dair mövqelərimiz və baxışlarımız eynidir. Fürsətdən istifadə edib bir daha demək istərdim ki, Özbəkistanın Dağlıq Qarabağ barədə mövqeyi dəyişmir, dəyişməzdir və daimidir. Bu mövqenin mahiyyəti bundan ibarətdir ki, Dağlıq Qarabağ problemi dinc, siyasi yolla həll edilməlidir. Lakin bu prinsipə dönmədən riayət edilməlidir. Bu, sərhədlərin toxunulmazlığı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipidir".

Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı keçirdiyi yüksək səviyyəli görüşlər, imzalanan sənədlər deməyə əsas verir ki, iki ölkə arasında əməkdaşlıq əlaqələri daha da güclənəcəkdir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.- 13 noyabr.- S. 10.