Bakıda "Ü.Hacıbəyli: Şərqin muğam-məqam sistemləri müqayisəli təhlildə" mövzusunda elmi konfrans keçirilmişdir

 

Noyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında "Ü.Hacıbəyli: Şərqin muğam-məqam sistemləri müqayisəli təhlildə" mövzusunda elmi konfrans keçirilmişdir.

Tədbiri ittifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə açaraq vurğulamışdır ki, 2011-ci ildə Bakıda "Muğam aləmi" Beynəlxalq festivalı çərçivəsində təşkil ediləcək simpoziuma hazırlıq ərəfəsində keçirilən bu konfrans böyük əhəmiyyət daşıyır. Simpoziumda musiqişünaslar seçilmiş mövzu üzrə çıxışlar edəcəklər.

Konfransda "Səfiəddin Urməvinin (XIII əsr) Üzeyir Hacıbəylinin (XX əsr) risalələrində bəzi lad problemlərinin müqayisəli təhlili", "Azərbaycan musiqisində ladların qarşılıqlı əlaqələrinin tədqiqi məsələləri", "Şifahi ənənəli professional musiqidə millilik universallıq (Azərbaycan Hindistan musiqisi nümunəsində)", "Üzeyir Hacıbəyli Azərbaycan muğamlarının səs sistemi məsələsi", "Yaxın Orta Şərqin musiqi sistemində lad strukturlarının qarşılıqlı müqayisəsi" digər mövzularda məruzələr dinlənilmişdir.

Məruzələrdə vurğulanmışdır ki, Azərbaycanın zəngin mədəniyyətinin tarixinin ən gözəl incilərindən biri olan muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasını təşkil edir. Muğam gözəlliyin məhəbbətin rəmzidir. Elə bu səbəblərdən 2003-cü ildə YUNESKO tərəfindən Azərbaycan muğamı bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınmışdır. Bizim üçün muğam sənəti tarixinin hər bir səhifəsi, hər bir anı çox əzizdir, doğmadır. Əsrlər boyu formalaşan bu sənət XX əsrin əvvəllərində xalq şənliklərindən, toylardan, bayramlardan ayrılmayaraq, konsert salonlarında səslənməyə başlamışdır. Həmin dövrdə dahi bəstəkarımız Üzeyir Hacıbəyli ənənəvi muğamla müasir Azərbaycan musiqisi arasında körpü yaratmışdır. Məhz muğamın dərin bilicisi olan bu dahi bəstəkar Şərqin ilk operasını - "Leyli Məcnun"u yaratmış bununla da muğam opera teatrı səhnəsinə qədəm qoymuşdur. Demək olar ki, muğam Azərbaycanın musiqi mədəniyyətinin bütün janrlarına təsir göstərmişdir.

Məruzələr ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 16.