Bakıda "Neft və mədəniyyət - xalqın sərvəti kimi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

 

Noyabrın 23-də Muzey Mərkəzində "Neft və mədəniyyət - xalqın sərvəti kimi" mövzusunda ikigünlük beynəlxalq elmi-praktiki konfrans işə başlamışdır.

Konfrans Azərbaycan Respublikasının Mədəniyyət və Turizm NazirliyiRusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlığa dair 2009-2010-cu illər üzrə proqram çərçivəsində keçirilir.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son illər ölkəmizdə mədəniyyət sahəsində əldə edilmiş uğurlardan, paytaxtımızda keçirilən beynəlxalq tədbirlərdən geniş söz açmışdır.

Ə.Vəliyev böyük iftixar hissi ilə diqqətə çatdırmışdır ki, bu günlərdə Keniyanın Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçası bu mötəbər beynəlxalq qurumun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bu hadisə beynəlxalq səviyyədə xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləmişdir. Əvvəlki illərdə Azərbaycanın muğam və aşıq sənəti, Novruz bayramı da həmin Reprezentativ siyahıya daxil edilmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan neft sənayesinin inkişafı xalqımızın milli mədəni sərvətlərinin qorunması, təbliği və inkişafına daim böyük təkan vermişdir.

Ə.Vəliyev Azərbaycanda neft sənayesinin inkişafından və "qara qızıl"ın xalqlar arasında iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasında rolundan danışmışdır. Bildirmişdir ki, tədbirdə Rusiyanın tanınmış neft şirkətlərinin və müvafiq elmi qurumlarının nümayəndələri də iştirak edir. Nümayəndə heyətinə Rusiya Federasiyası Dövlət Dumasının mədəniyyət məsələləri üzrə komitəsinin sədri Qriqori İvliyev rəhbərlik edir.

Konfransda çıxış edən Qriqori İvliyev Cənubi Qafqazın iqtisadi cəhətdən ən qabaqcıl ölkəsində olmaqlarından məmnunluq duyduqlarını və neft sənayesinin Azərbaycanda böyük inkişaf yolu keçdiyini söyləmişdir.

Azərbaycan ilə Rusiya arasında qədim tarixə malik əlaqələrin mövcudluğunu diqqətə çatdıran natiq vurğulamışdır ki, belə tədbirlər əlaqələrin daha da möhkəmlənməsinə, alimlərin fikir mübadiləsi aparmasına və milli mədəni sərvətlərin təbliğinə böyük təkan verir.

Konfransın sonunda qəbul ediləcək bəyannamə müasir dövrdə mədəniyyət siyasətinin aktuallığının genişlənməsinə, habelə biznes dairələrinin mədəniyyət sahəsində layihələrə, yaradıcı insanlara dəstək və diqqətin artırılmasına çağırışdan ibarət olacaqdır.

Konfrans noyabrın 24-də başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 noyabr.- S. 4.