Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Mahmud Əhmədinejad və nümayəndə heyətinin üzvləri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

İran Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İranın və Azərbaycanın dövlət himnləri səsləndi.

Ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri haqqında məlumat verildi. Prezident Mahmud Əhmədinejad Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S.5.