Xeyirxah insan

 

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, \"Qasid\" Açıq Səhmdar Cəmiyyətinin sədri Mirkazım Məhəmməd oğlu Kazımovun 60 yaşı tamam oldu.

Mirkazım müəllim şərəfli həyat yolu keçmişdir. O, 1950-ci il oktyabrın 10-da Azərbaycanın bərəkətli diyarlarından biri olan Cəlilabadın Hasıllı kəndində, ölkəmizin cənub regionunun nüfuzluxeyirxah nəsillərindən biri olan Mir Məhəmməd ağanın ailəsində dünyaya gəlmişdir.

Azərbaycan iqtisadiyyatının çox vacib sahəsi olan balıqçılıq təsərrüfatı üzrə orta ixtisas təhsili alan gənc Mirkazım keçmiş ittifaqın dəniz balıqçılıq donanmalarının gəmilərindən birində əmək fəaliyyətinə başlamış, öz ixtisası sahəsində kifayət qədər təcrübə toplamış, dünya sularının sərt imtahanlarından çıxmışdır.

Sonrakı illərdə ilkin ixtisası üzrə təhsilini davam etdirmiş, Moskva Yeyinti Sənayesi İnstitutuna daxil olmuşbu ali təhsil ocağını müvəffəqiyyətlə bitirmişdir.

Respublikaya qayıtdıqdan sonra Mirkazım Kazımov ölkənin su bioresurslarının mühafizəsi sahəsində çalışmış, sahənin strukturlarından birinə rəhbərlik etmişdir. O, çalışdığı bu sahənin inkişafında xüsusi xidmətlər göstərmiş, balıqçılıq sektorunda çalışan mütəxəssislərin və ekoloqların dərin hörmətini qazanmışdır.

Mirkazım Kazımov ötən əsrin 90-cı illərinin əvvəllərində siyasi fəaliyyətə qoşulmuş, Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak etmiş, partiyanın ilk üzvlərindən biri olmuşdur. 1993-cü ildən partiyanın Mərkəzi Aparatında çalışmış, sonrakı illərdə onun işlər müdiri olmuşdur.

Mirkazım Kazımov 1999-cu ildən YAP-ın Siyasi Şurasının üzvüdür. O, 1996-cı ildən \"Qasid\" Mətbuat Yayımı Səhmdar Cəmiyyətinin sədri işləyərək bu böyük kollektivə uğurla rəhbərlik edir.

Mirkazım müəllim bütün varlığı ilə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkənin və regionun nüfuzlu siyasi təşkilatına, müstəqil Azərbaycanın və xalqımızın həyatında müstəsna rolu olan Yeni Azərbaycan Partiyasına bağlıdır.

Partiyanın yaranma tarixindən söhbət düşəndə Mirkazım müəllim o dövrü belə xatırlayır: \"1992-ci ilin soyuq payız günlərində qədim Naxçıvan torpağında Azərbaycanın sayılıb-seçilən siyasətçilərinin və ziyalılarının iştirakı ilə qısa müddətdə Cənubi Qafqazın ən güclünüfuzlu partiyasına çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Bu partiyanın qüdrətli olacağının əsasını üç amil müəyyən edirdi: birincisi, bu siyasi təşkilata postsovet məkanının ən qüdrətli siyasətçisi və dövlət xadimi Heydər Əliyevin tərbərlik etməsi, ikincisi, hər bir siyasi partiyanın yaranması üçün vacib olan tarixi zərurət, üçüncüsü isə partiyanın yaranmasında ölkə ziyalılarının və xalqın dəstəyi. Ən başlıcası - Mirkazım müəllim bunu dönə-dönə təkrarlayır, - bu siyasi topluma, qüvvəyə XX əsrin ən böyük siyasi xadimlərindən birinin - Heydər Əliyevin rəhbərlik etməsiydi\".

Ölkənin cənub regionunda layiq görüldüyü diqqət və ehtiram Mirkazım Kazımova II və III çağırış Milli Məclisə seçkilərdə deputat mandatı qazandırmışdır. Artıq 10 ildir ki, millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin üzvü olaraq qanun yaradıcılığında, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya və Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupların üzvü kimi parlamentin beynəlxalq əlaqələrinin genişlənməsində fəal iştirak edir.

Mirkazım müəllim parlamentin üzvü olduğu bu illər ərzində 20-dən artıq ölkədə keçirilən beynəlxalq görüşlərdə, konfranslarda, simpoziumlarda, seçkiləri müşahidə edən nümayəndə heyətləri tərkibində, digər tədbirlərdə Milli Məclisi yüksək səviyyədə təmsil etmiş, məruzələrlə çıxış etmişdir. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının digər ölkələrin partiyaları ilə iki və çoxtərəfli əlaqələrində partiyanı təmsil etməklə keçirilən tədbirlərin fəal iştirakçısı olmuşdur.

Ətraf mühitə dair qanunların hazırlanmasında və qəbulunda Mirkazım müəllimin xüsusi əməyi olmuşdur. \"Ətraf mühitə dair informasiya almaq barədə\" qanun layihəsinin hazırlanması üzrə işçi qrupa bilavasitə rəhbərlik etmiş, sənədi parlamentin plenar iclaslarında üç oxunuşda təqdim etmiş, qəbuluna nail olmuşdur.

Deputatı olduğu Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı məsələləri parlament tribunasından müvafiq dövlət orqanları qarşısında mütəmadi olaraq qaldıran Mirkazım müəllim onların həllinə və həyata keçirilməsinə nail olur, seçicilərinin müraciətlərinə diqqət göstərir, qayğılarına qalır, problemlərinin çözülməsinə yardım edir.

Bu gün müstəqil Azərbaycan dövləti özünün yüksək sosial-iqtisadi tərəqqi və yüksəliş dövrünü yaşayır. Bütün sahələr sürətlə inkişaf edir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz regionda, dünyada öz layiqli yerini tutur, söz sahibi olan dövlətə çevrilir, daxilixarici siyasət sahəsində böyük uğurlar əldə edir. Mirkazım müəllim hərtərəfli təcrübəyə və kifayət qədər nüfuza malik bir insan, həm də dövlət nümayəndəsi kimi bütün bu uğurları ölkənin böyük bir ərazisini əhatə edən cənub regionunun əhalisinə, xüsusilə gənclərə çatdırmaqda öz vaxtını və imkanlarını əsirgəmir.

Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, ölkə həyatında baş verən proseslərə əsl vətəndaş mövqeyindən yanaşan bir insan kimi Mirkazım Kazımov ictimaiyyətin dərin hörmətini qazanmışdır.

Əmin olduğumuzu bildiririk ki, şərəfli ömrünün müdrik dövrünü yaşayan Mirkazım Kazımov bundan sonra da Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, xalqla hakimiyyətin birliyinin gücləndirilməsində zəngin təcrübəsini, bilik və bacarığını əsirgəməyəcəkdir.

Mikazım müəllimi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, yaşının müdriklik çağında ona uzun ömür, cansağlığı arzulayır, ictimai-siyasi fəaliyyətində və şəxsi həyatında uğurlar diləyirik.

 

 

Fərhad QƏRİBOV,

 

Sevindik HƏTƏMOV

 

Azərbaycan.- 2010.- 25 noyabr.- S.6.