Dünyaya açılan pəncərə

 

Dövlət Aqrar Universitetində elektron kitabxana istifadəyə verildi. Bu, əsl möcüzəyə bənzəyir. İndi burada dünyanın hər hansı guşəsində olursa-olsun, ən müxtəlif elm-təhsil müəssisələri ilə əlaqə saxlamaq, lazımi ədəbiyyatı, materialları, faktları əldə etmək mümkündür. Təkcə Türkiyənin 21 kitabxanasının fondu, necə deyərlər, aydın görünür. Aqrar universitetdə yüzlərlə əsərin elektron variantı hazırlanaraq \"ümumi istifadəyə\" verilib. Kitabxana hər gün oxucularla dolu olur. Burada eyni vaxtda 17 nəfər çalışa bilir. Bu, qədim Gəncədən dünyaya açılan geniş bir pəncərədir.

Dünya miqyasında ölkəmizin nüfuzu artdıqca hər sahədə əlaqə-ünsiyyət xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan əsasən aqrar ölkədir. Dövlət Aqrar Universiteti isə ölkəmizdə kənd üçün kadr hazırlayan yeganə təhsil ocağıdır. Yerlərdə geniş islahatların getdiyi, təhsilin ən müasir tələblər üzrə qurulduğu bir dövrdə beynəlxalq təcrübənin dərindən öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

Ölkə üzrə aqrar elmi alimlərinin çox hissəsi məhz Dövlət Aqrar Universitetində cəmlənir. Burada 5 fakültə, 31 kafedra fəaliyyət göstərir. 445 professor-müəllim heyəti, o cümlədən bir akademik, Milli Elmlər Akademiyasının bir müxbir üzvü, 29 elmlər doktoru, professor, 200-dən çox elmlər namizədi, dosent 3 mindən artıq tələbənin təlim-tərbiyəsi ilə məşğul olurlar. Alimlərin 5 nəfəri əməkdar elm xadimi, 11-i əməkdar müəllim, 5-i əməkdar kənd təsərrüfatı işçisidir.

Dövlət Aqrar Universitetində digər ənənəvi peşələrlə yanaşı, indi həm də bitkiçilik məhsullarının saxlanılması və emalı texnologiyası, aqrar istehsalatın iqtisadiyyatı və idarəedilməsi, marketinq, menecment ixtisasları üzrə də mütəxəssis hazırlanır.

Bu ali təhsil müəssisəsinə dövlət həmişə xüsusi qayğı və diqqət göstərib. Hələ 1980-ci ilin dekabr ayında ümummilli lider Heydər Əliyev bu ali məktəbə \"Şərəf nişanı\" ordenini təqdim etmişdi. Bu ilin may ayında isə Prezident İlham Əliyevin sərəncamı ilə universitetin 33 əməkdaşına yüksək mükafatlar verildi.

Lakin son vaxtlara kimi kənd təsərrüfatı mütəxəssislərinin müasir tələblər baxımından professional hazırlıq səviyyəsi heçarzuolunan səviyyədə deyildi. Maddi-texniki baza günün tələblərinə cavab vermir, binalar yöndəmsiz, avadanlıq köhnə və yararsız idi. Təcrübə və tədqiqat işlərinin aparılması üçün müasir laboratoriyacihazlar yox dərəcəsində idi. Bu vəziyyətlə, şübhəsiz ki, beynəlxalq aləmə çıxmaq olmazdı.

Universitetin yeni rəhbərliyi ilk öncə maddi-texniki bazanı möhkəmlətməyi, binaları və laboratoriyaları müasir tələblərə uyğun bərpa etməyi qərara aldı. Bütün korpuslarda, tədris binalarında genişmiqyaslı tikinti, quruculuq işləri başlandı. Qısa müddət ərzində aqronomluq, baytarlıq, iqtisadiyyat, mühəndislik korpusları Avropa standartlarına uyğun başdan-başa yeniləşdirildi. Hər yan nəfis formada istinad divarları ilə hasarlandı, dam örtükləri dəyişdirildi, mühəndislik korpusundainzibati binada iclas salonları əsaslı təmir edildi, müasir avadanlıq, stolstullarla təchiz olundu. Uzun illərdən bəri müşkül problemə çevrilmiş istilik sistemi yenidən qurularaq istifadəyə verildi.

Ən əsası budur ki, Dünya Bankının dəstəyi ilə qrant layihələri çərçivəsində yüz minlərlə manatlıq avadanlıq alındı. Virus xəstəliklərinin diaqnostikası, brusellyozun aşkar edilməsi və müalicəsi, iri və xırda heyvanlar üçün cərrahiyyə otaqları, radiobiologiya, rentgenuzi kabinetləri yenidən quruldu. Yunçuluq laboratoriyası və digər xidmət sahələri müasir tələblərə uyğun bərpa olundu. Süni mayalanma ilə bağlı tədris-təcrübə mərkəzi yaradıldı. Gəncədəki Aqrar Universiteti beləcə tədricən dünyəvi elm-təhsil aləminə, beynəlxalq standartlara yaxınlaşır.

\"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı\"na əsasən, universitetdə beynəlxalq əlaqələr şöbəsi yaradıldı. Əslində bu da dünyaya açılan geniş bir pəncərə idi. Dövlət Proqramından irəli gələn müddəaların icrası ilə bağlı universitetdə xeyli struktur dəyişiklikləri aparıldı. Bir sıra yeni şöbələr, o cümlədən təcrübə və işədüzəltmə şöbəsi, distant və əlavə təhsil mərkəzi, elm və beynəlxalq əlaqələr bölməsi, informasiyakommunikasiya texnologiyaları mərkəzi, dispetçer qrupu, magistr hazırlığı mərkəzi və s. yaradıldı. Bundan başqa, universitetin idarə olunmasında tələbələrin fəal iştirakını təmin etmək məqsədilə tələbə parlamenti təşkil edildi.

Son illərdə bir sıra qabaqcıl təhsil ocaqları ilə on beşə yaxın ikitərəfli əməkdaşlıq müqaviləsi imzalandı. Almaniyanın, Türkiyənin, Norveçin, İranın, Rusiyanın, Qazaxıstanın, Özbəkistanın, Gürcüstanın, Hollandiyanın, ABŞ-ın, Fransanın, Belçikanın, Ukraynanın və digər ölkələrin aqraryönümlü ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq başlandı. Universitetin alimləri dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinə gedir, mötəbər elmi məclislərdə uğurla çıxış edirlər. Eyni zamanda, qədim Gəncəyə dünyanın müxtəlif guşələrindən adlı-sanlı alimlər gəlirlər. Universitetin onlarla tələbəsi Avropanın nüfuzlu ali məktəblərində oxuyur. Gəncədə təhsil alan əcnəbi tələbələrin sayı isə 18 nəfərə çatmışdır. Bunlar əsasən Türkiyə, İraq, İran, GürcüstanRusiya dövlətlərinin vətəndaşıdır.

Mütəxəssis hazırlığına dair dünya təcrübəsinin öyrənilməsi məqsədilə universitetdə \"Kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması problemləri: müasir vəziyyət, beynəlxalq təcrübə və yeni aqrar təhsilin modeli\" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi.

Bu tədbirdə altı xarici ölkədən, o cümlədən Türkiyə, Gürcüstan, Almaniya, İran, ABŞ və Norveçdən elm xadimləri iştirak etdi. \"Aqrar təhsildə innovasiya texnologiyasının tətbiqi və beynəlxalq əməkdaşlıq forumları\" mövzusundakı beynəlxalq elmi-praktik konfransa isə on bir ölkədən qırxa yaxın nümayəndə gəlmişdi.

Universitetin oğlan və qızları Almaniyanın Berlin şəhərində 48 ölkənin təmsil olunduğu \"Tələbələr azad sahibkarlıq fəaliyyətində\" adlı dünya çempionatında Azərbaycanın ali təhsil müəssisələrini uğurla təmsil etdilər.

İndi Dövlət Aqrar Universitetinin sorağı dünyanın ən mötəbər məclislərindən gəlir. Üçüncü Beynəlxalq təhsil və karyera sərgi-konfransında Azərbaycan Dövlət Aqrar Universiteti ilk dəfə iştirak etməsinə baxmayaraq, \"Möhtəşəm debüt\" mükafatına layiq görüldü.

Bütün bunlara görə universitetin şöhrəti getdikcə artır. Təsadüfi deyil ki, son bir neçə il ərzində burada tələbə qəbulu iki dəfə artaraq 1187 nəfərə çatmışdır. Zamanın tələbinə uyğun olaraq burada müntəzəm surətdə islahatlar aparılır, yeniliklər öyrənilir, səriştəli surətdə həyata keçirilir.

Boloniya Bəyannaməsinin tələbləri baxımından, təhsilin məzmununun müasirləşdirilməsi istiqamətində xeyli işlər görülür. İş üsullarının öyrənilməsi üçün alimlərin bir qrupu Oklahoma Dövlət Universitetinə (ABŞ), Serbiya Kruçevaç Yem Bitkiləri İnstitutuna, Belqrad Torpaqşünaslıq İnstitutuna, K.A.Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetinə, Sankt-Peterburq Dövlət Aqrar Universitetinə və Dövlət Baytarlıq Akademiyasına, Belarus Dövlət Aqrar Universitetinə, İstanbul Universitetinə, Qrayfsvald Universitetinə ezam edildi. Beynəlxalq əlaqələr getdikcə genişləndiyi üçün rektorluğun təşəbbüsü ilə xarici dillərə xüsusi meyil və marağı olan 15 nəfərdən ibarət xüsusi istedadlar qrupu yaradıldı. Hazırda bu qrupa xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər dərs keçirlər.

2007-2008-ci tədris ilindən universitetdə iki, 2008-2009-cu tədris ilindən on, 2009-2010-cu tədris ilindən isə bütün ixtisasların birinci kurslarında kredit sistemi tətbiq olunur. Ölkədə özəl sektora geniş meydan açıldıqca universitetdə tədris prosesi də zamanın tələbinə uyğun yenidən qurulur. Çoxpilləli təhsil sisteminə keçidlə bağlı bakalavr və magistrlər üçün yeni tədris proqramları, dərsliklər, dərs vəsaitləri hazırlandı, kafedraların, fakültələrin idarə aparatında struktur dəyişiklikləri aparıldı, bir sözlə, kadr hazırlığının intensiv əsaslarla inkişafının yeni mərhələsi başlandı.

Universitetin rektoru, əməkdar elm xadimi Mirdaməd Sadıqov deyir ki, müəssisəmiz aqrar sahədə ali təhsil verən yeganə elm-təhsil ocağı olduğuna görə bu sahədə əsas tədbirləri ölkənin kənd təsərrüfatı sektorunun tələbləri baxımından müəyyən etməklə dünya aqrar elmi, onun metodikası, üsulları və texnologiyalarının prioritet istiqamətlərinə uyğun təşkil etməyə çalışırıq. Məqsədimiz elmi-tədqiqat problemləri ilə məşğul olan mütəxəssislərin peşə hazırlığının yüksəldilməsinə, elmi-texniki infrastrukturu müasirləşdirməklə istehsalatla əlaqənin möhkəmləndirilməsinə, ən əsası isə bu mühüm sahədə beynəlxalq elm məkanına inteqrasiyaya nail olmaqdan ibarətdir.

Bu sahədə müasir tələblərə uyğun fəaliyyətin genişləndirilməsi və alınan nəticələrin tətbiqinin stimullaşdırılması üçün universitetin tərkibində müvafiq elmi-tədqiqat strukturların yaradılması çox faydalı olardı. Məsələn, torpağın və ətraf mühitin ekoloji monitorinqi elmi-tədqiqat mərkəzi təşkil edilsəydi, torpaqların münbitliyinin qorunması, ekoloji xüsusiyyətlərinə görə fərqli olan müxtəlif bölgələrdə torpaq menecmentinin təşkili, habelə bitkiçilikdə tətbiq edilən bioloji fəal maddələrin sintezi və ən əsası beynəlxalq təcrübənin öyrənilib tətbiqi ilə məşğul ola bilərdi.

80 yaşlı Dövlət Aqrar Universitetinin fəaliyyət dairəsi getdikcə genişlənir. Binaları gözəl, avadanlığı təzə, planları, proqramları müasir, əlaqə-ünsiyyəti geniş... İndi bu təhsil ocağı yeni uğurlu yola çıxır, böyük cəsarətlə beynəlxalq aləmə qədəm qoyur. Bütün bunlar ümummilli lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın açdığı misilsiz imkanların bəhrəsidir.

2009-cu il may ayının 25-də Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı Xalq Cümhuriyyətinin yerləşdiyi binada - Dövlət Aqrar Universitetinin girişində xatirə lövhəsinin açılışında iştirak edərək dedi: \"Şərqdə ilk dəfə olaraq yaradılmış demokratik respublika dünya miqyasında çox böyük hadisədir. Gəncənin və gəncəlilərin bu işlərdə fəal iştirakı bütün Azərbaycan xalqına yaxşı bəllidir. Müstəqilliyin əsasları məhz burada qoyulmuşdur. Bütün dövrlərdə gəncəlilər Azərbaycanın müstəqil ölkə kimi yaşamasında çox mühüm işlər görmüşlər... Azərbaycan müstəqil ölkə kimi yaşayır, müstəqil siyasət aparır, xalqın iradəsi ilə idarə olunur\".

Cümhuriyyətin ilkin məkanı sayılan bu tarixi binada yerləşən Dövlət Aqrar Universitetinin uğurları da məhz bu müstəqilliyin bəhrəsidir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.- 25 noyabr.- S.7.