Vətəndaş mənafeyinə xidmət edən siyasətin növbəti qələbəsi

 

Azərbaycanın son beş ildəki uğurları 2010-cu ilin 7 noyabr seçkilərinin nəticələrinə də birmənalı təsirini göstərdi

 

Seçkilər hər bir xalqın gələcək müqəddəratı baxımından mühüm siyasi proses kimi səciyyələnməklə konkret zaman kəsiyində dövlətin inkişaf strategiyasını və tərəqqi yolunu müəyyənləşdirir. Tarixən siyasi reallıqları obyektiv dəyərləndirərək doğru seçim edən xalqlar istənilən çətin sınaqlardan, mürəkkəb vəziyyətlərdən üzüağ çıxmış, gələcəyə doğru inamla irəliləmiş, bəşəri miqyasda özünütəsdiq imkanı qazanmışlar. Taleyini hər zaman qəlbən inandığı, etimad bəslədiyi liderə etibar etmiş müdrik və uzaqgörən xalqımızın 2010-cu il 7 noyabr tarixli seçimi də məhz bu reallıqlarla şərtlənmiş, Heydər Əliyev siyasi kursunun növbəti möhtəşəm qələbəsinə çevrilən bu hadisə ümumilikdə Azərbaycanın keyfiyyətcə yeni mərhələdə inkişafı üçün geniş imkanlar açmışdır.

Azad, ədalətli, şəffaf və sivil rəqabət şəraitində keçirilmiş budəfəki parlament seçkiləri də müstəqil Azərbaycanın demokratikləşməsi prosesində yeni mərhələ olmuş, ölkənin liberal dəyərlərə, demokratik norma və prinsiplərə səmimi sadiqliyini nümayiş etdirmişdir. Postkeçid mərhələsində olan respublikamız demokratik inkişaf yolunun dönməzliyini və əbədiliyini özü üçün tam yəqinləşdirmiş, xalqın, dövlətin perspektiv inkişaf strategiyasında liberal dəyərlərin rolu və əhəmiyyəti daha da artmışdır.

7 noyabr seçkilərinin nəticələri həm də təsdiqlədi ki, Azərbaycan cəmiyyətində siyasi düşüncənin kifayət qədər yetkinləşməsi seçki mübarizəsində populizm və radikalizm elementlərinə, siyasi isterikaya, habelə qeyri-real vədlərə hansısa yer saxlamamışdır. Bu mənada, son seçkilər hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymət kimi də dəyərləndirilə bilər: ölkə seçiciləri ötən 7 ildə hər vədini əməli işi ilə doğruldan, ictimai həyatın ən müxtəlif sahələrində inkişaf və tərəqqini təmin edən, bütün məsələlərdə insan və şəxsiyyət amilini uca tutan monolit siyasi komandaya səs vermişlər. Bu dəyişməz seçim həm də obyektiv reallığa, ölkənin son 17 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır.

 

Gələcək naminə müdrik seçim

 

Azərbaycan vətəndaşının 7 noyabr tarixli seçimi həm də dövlətin və xalqın maraqları ilə şərtlənir. Söhbət, əslində, ölkənin və xalqın sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi prosesinə göstərilən real ictimai dəstəkdən gedir. Əksəriyyət bu gerçəkliyin fərqindədir ki, müstəqil Azərbaycanın son illərdə ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Elmi təməllərə söykənən inkişaf strategiyasının ötən 7 ildə inamla davam etdirilməsi qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirmişdir.

Səsvermə günü hansısa ciddi tərəddüd və seçim qarşısında qalmayan orta statistik azərbaycanlı konkret fərdlərdən də çox, davamlı inkişaf, sabitlik və tərəqqi kursuna səs verdiyini, ümumxalq həmrəyliyini təmin edən alternativsiz siyasəti dəstəklədiyini bir daha nümayiş etdirmişdir. Bu reallıq fonunda parlament seçkilərinə qatılmış bəzi təsadüfi şəxslərin, o cümlədən radikal düşərgə təmsilçilərinin təşviqat mərhələsindəki populist çıxışlarla nəyisə sübut etməyə çalışmaları, hətta aşkar qərəzkarlıqla qazanılan uğurlara kölgə salmaq cəhdləri Azərbaycan seçicisinin rəyinə təsir göstərmək anlamında tamamilə əhəmiyyətsiz, səmərəsiz bir işi - "sizif əməyi"ni xatırladırdı. İlk növbədə ona görə ki, ictimai rəyin seçimi artıq qətiləşmişdi - bu seçkidə hansı komandanın qələbəyə daha layiq olduğu hamıya bəlli idi.

Radikal müxalifət partiyaları seçki kampaniyası dövründə ortaya əhalinin diqqətini cəlb edəcək heç bir effektiv texnologiya qoya bilmədilər. Demokratik seçki qanunlarının yaratdığı efir imkanlarından sui-istifadə edən həmin qüvvələr iqtidarın fəaliyyətinə kölgə salmaq, nüfuzuna xələl gətirmək üçün qara piyar kampaniyasına, böhtana, hər cür iftiralara əl atsalar da, istəklərinə nail ola bilmədilər. Xalqa boş-boş, populist vədlər verən, çıxışlarını yalnız və yalnız hakimiyyəti ittiham etmək cəhdləri üzərində quran, cəmiyyətə düşmənçilik ruhu aşılayan bu qüvvələr parlamentdə çoxluq qazanacaqları təqdirdə, nəyi indiki iqtidardan daha yaxşı edəcəklərini konkret proqramlarla, konsepsiyalarla göstərə bilmədilər. Təşviqat mərhələsində bu qüvvələrin sivil dünya düzəninin gerçəkliklərinə uyğunlaşa bilməməsi, köhnə stereotiplərin əsirinə çevrilməsi, şablon və primitiv seçki texnologiyalarından əl çəkməməsi də özünü qabarıq göstərdi. Sadə vətəndaşlar bir daha şahidi oldular ki, əksər müxalif partiya sədrləri hələ də meydan eyforiyasının mənfi təsirindən qurtula bilməyiblər.

Realist və bir qədər də praqmatik Azərbaycan seçicisi "Bu seçim bizə nə verə bilər" sualı üzərində düşünərək mövqeyini xeyli əvvəlcədən qətiləşdirmişdi. Bu mənada, son seçkilər ölkədə özünə yer tapmayan və tamamilə öləziyən radikalizmin praqmatizə əsaslanan real, əməli siyasət qarşısındakı daha bir sarsıdıcı məğlubiyyəti idi. Keçmişə dönmək istəməyən, ağır faciələri, fəlakətləri həyatında bir daha yaşamaq istəməyən ölkə vətəndaşı, əslində, xaos və anarxiya ilə sabitlik, inkişaf, tərəqqi və yüksək rifah arasında prinsipial seçim etməli oldu.

2010-cu il 7 noyabr parlament seçkilərində tamamilə nüfuzdan düşən, qaynar siyasi iddialarının üstünə soyuq "su ələnən" radikal müxalifət yeniləşmə görüntüsü yaratmaq məqsədilə ictimai rəyə ən müxtəlif illüziyalar sırıyır. Bütün cəhdlərə baxmayaraq, radikallar ölkənin gələcəyini konstruktiv əməkdaşlıq və sağlam siyasi rəqabətdə görən qüvvələr qarşısında aciz və miskin durumdadırlar. Etiraf edək ki, cəmiyyətin siyasi birliyini təmin etmək, prosesləri sivil məcraya yönəltmək üçün real şanslar yaranıb. Cəmiyyətin inadla inteqrasiyaya, qloballaşmaya meyilləndiyi bir dövrdə radikal-mühafizəkar dünyagörüşün meydanı sürətlə daralır. Belə bir şəraitdə İsa Qəmbəri, Əli Kərimlini siyasi proseslərin flaqmanı kimi görmək və bu reallığı həzm etmək, sadəcə, mümkün deyildir.

Siyasi elitanın yeniləşməsi zərurəti sosial sifarişə çevrilərək bütün dünyada gedib. Türkiyədə Məsud Yılmaz, Tansu Çillər, Bülənt Ecevit kimi simalar siyasi səhnəni tərk etdilər. Afrikanın azadlıq mücahidi Nelson Mandela bu yolu tutdu. Almaniyada böyük siyasi xadim Helmut Kol, Böyük Britaniyada "dəmir ledi" Marqaret Tetçer siyasi məğlubiyyəti şəxsi faciə kimi deyil, xalqın seçimi kimi dəyərləndirdilər. Bu, normal siyasi mədəniyyət, davranış tövrüdür.

Düzdür, radikal müxalifət liderləri ilə bu simalar arasında paralellər aparmaq birincilər üçün şərəf olardı, lakin bir reallıq qəbul edilməlidir: uduzanlar siyasətdən getməli, onların yerini praqmatik, real, eyni zamanda konstruktiv qüvvələr tutmalıdır. Seçki məğlubiyyətinin dəfələrlə təkrarlanmasına rəğmən, radikal müxalifət liderləri belə bir addımı çoxdan atmalı idilər. Lakin radikal qüvvələrin siyasi səhnədə qalıb-qalmamaq istəyindən asılı olmayaraq, cəmiyyət onların gələcəyinə inanmır. Digər tərəfdən, məğlubiyyətə uğrayan bu şəxslərin siyasətdə qalmaları onların rəhbərlik etdiyi partiyaların üzvləri tərəfindən də artıq qəbul edilmir. 17 ildir ki, bu simalar partiya üzvlərinin və funksionerlərin etimadını doğrulda bilmirlər!

Prosesin yekunu olaraq radikal müxalifətin nəinki müasir və səmərəli seçki texnologiyalarına, eləcə də ciddi sosial dayağa - elektorata malik olmadığı bir daha özünü qabarıq göstərdi. İndiyə qədərki parlament seçkiləri ərəfəsində müəyyən qədər "siyasi fəallıq" imitasiyası yaradan, müəyyən anarxist gedişlərlə diqqət mərkəzində olmağa çalışan "radikallar" bu dəfə üzləşəcəkləri aqibəti əvvəlcədən görərək, sərbəst toplaşmaq imkanlarından istifadəyə belə cəhd etmədilər. Üstəlik, "AXCP-Müsavat" adlı blokun cəmi 91 dairədən deputatlığa namizəd irəli sürə bilməsi, onların da mütləq əksəriyyətinin tamamilə şanssız, yaşadığı rayonda belə tanınmayan təsadüfi şəxslər olması fonunda parlament seçkilərinin nəticələri əksəriyyət üçün məlum idi. Özünə güvəni olmayan bəzi partiya sədrləri isə 2005-ci ildəki uğursuzluğu "yenidən yaşamamaq ümidilə" namizədliklərini bu dəfə yaşadıqları ərazidən deyil, başqa dairələrdən irəli sürməyə üstünlük verdilər.

23 gün davam edən təşviqat kampaniyasının gedişi isə Yeni Azərbaycan Partiyasının namizədlərinin elektoratla daha səmərəli və düzgün iş qurduğunu, habelə bütün paramertlərə görə siyasi opponentlərindən üstün olduğunu nümayiş etdirdi. Radikal düşərgə namizədləri alternativ seçki platformalarını açıqlamaq əvəzinə, hakimiyyətin bütün uğurlarını danmaqla, ictimai rəyi çaşdırmaq yolu tutdular. Bir sözlə, ənənəvi ampluadan qurtula bilməyən bu qüvvələrin son aqibəti də ənənəvi məğlubiyyət oldu.

 

Sabitlik və həmrəylik kursunun qələbəsi

 

Sonuncu seçkilərin nəticələrinin Azərbaycanda son 7 ildə möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. İctimai-siyasi sabitlik amili eyni zamanda mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına, prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirmişdir.

7 noyabr seçkilərinin nəticələri həm də göstərir ki, bu gün qloballaşan dünyada olduğu kimi, Azərbaycanda da zaman mütərəqqi islahatların, demokratik inkişafın xeyrinə işləyir. Əslində, dövlət başçısı İlham Əliyevin idarəçilikdə qazandığı böyük uğurların əsasında da məhz onun ulu öndərin prioritet elan etdiyi demokratikləşmə xəttinə sadiqliyi durur. Respublikadakı demokratik proseslər seçkidən-seçkiyə daha da inkişaf etməklə, xalqımızın sivil Qərb dəyərlərinə hazırlığını da nümayiş etdirir.

Son parlament seçkilərinin nəticələrini müsbət qiymətləndirən təşkilatlarla yanaşı, təəssüf ki, prosesin yekunları ilə manipulyasiya cəhdləri də özünü qabarıq göstərir. Əlbəttə, qısa müddətdə Azərbaycanda tam qüsursuz seçkilərin keçirilməsindən danışmaq mümkün deyildir. Əsas odur ki, seçkilər ümumən şəffaf və demokratik şəraitdə keçməklə, ümumən çoxluğun iradəsini nümayiş etdirir. Lakin Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı "təzyiq rıçaqları" tapmağa çalışırlar.

Bu bir yana, Qərbin "demokratiya carçıları" Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda, təcavüzkar Ermənistanın daxilində cərəyan edən antidemokratik proseslərə, dövlətin antihumanist, insanlığa qarşı yönəlmiş zorakı addımlarına göz yumurlar. Hamıya məlum bir faktı - Ermənistanda son prezident seçkilərini bu məqamda xatırlatmaq yerinə düşər: İrəvanda hakimiyyətdə olan rejim son prezident seçkilərində total saxtakarlığa yol vermiş, bu prosesə qarşı çıxan müxalifətçilərə divan tutmuş, hökumət qüvvələri odlu silahdan açılan atəşlə (!) onlarla nümayişçini qətlə yetirmiş, yüzlərlə etirazçı həbs edilmişdi. Yerevanda fövqəladə vəziyyət elan olunmuş, prezidentliyə ən real namizəd ev dustağına çevrilmiş, nəinki mətbuatın, hətta internetin də üzərində sərt senzura tətbiq edilmişdi. Ancaq nə yazıqlar ki, bu hadisələrə elə də kəskin beynəlxalq reaksiya olmamışdı. Qərbin demokratiya "ixracçıları" baş verənləri tez zamanda unutmağa və unutdurmağa çalışmışdılar.

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il 22 iyul tarixdə - Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdə bu məsələyə toxunarkən demişdir: "Biz çox yaxşı bilirik ki, 2008-ci ildə Ermənistanda prezident seçkiləri nəticəsində ordunun iştirakı ilə 10-dan yuxarı insan öldürülmüşdür, yüzlərlə insan həbs olunmuşdur, prezidentliyə namizəd ev dustağı olmuşdur, millət vəkilləri, media nümayəndələri həbs edilmişlər. Ancaq sadəcə bir neçə gün ondan sonra müəyyən mətbuat orqanlarında bu barədə məlumat getdi, ondan sonra elə bil ki, bu, heç olmayıbdır, nə beynəlxalq mediada, nə də ki, Avropa Şurasında, nə də başqa yerdə məlumat verilmədi. İndi də bu məsələ ilə bağlı vaxtaşırı kimsə məsələ qaldırır, amma bu mövzu geniş mənada bağlanıbdır. Azərbaycanda isə müqayisəolunmaz dərəcədə bir xırda məsələ baş verən kimi, dərhal beynəlxalq media orqanlarına çıxarılır. Azərbaycanı elə bil ki, antidemokratik ölkə kimi təqdim etməyə çalışırlar. Bu, bizə qarşı aparılan məqsədyönlü və ədalətsiz mübarizədir".

19 illik müstəqillik tarixi olan bir dövlətdən yüksək Qərb demokratiyasını gözləməyin özü qeyri-adekvat, yanlış yanaşmadır. Yəni inkişaf etmiş və demokratik inkişaf yolunda böyük təcrübə qazanmış Qərb ölkələrinin standartları ilə totalitar rejimlərdən yenicə xilas olmuş, postkeçid mərhələsini yaşayan ölkələrdə gedən prosesləri eyniləşdirmək cəhdi istənilən halda uğursuzluğa məhkumdur. Lakin son parlament seçkilərinin nəticələrinə nəzərən əminliklə söyləmək olar ki, demokratikləşmə yolunu prioritet elan etmiş respublikamız şəffaf və ədalətli seçkilər keçirmək əzmindədir. Bir sıra postsovet ölkələrində hakimiyyət qollarının formalaşması "məxməri inqilab" ssenarilərinə əsaslandığı halda, Azərbaycanda demokratik inkişaf milli suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Bu model yeni müstəqil dövlətlərə öz prinsiplərini zorla qəbul etdirməyə çalışan, milli məxsusluğa arxa çevirib dünyaya konyunktur nizam vermək istəyən ayrı-ayrı siyasi güc mərkəzlərinə son dərəcə tutarlı cavabdır.

Ötən 7 ilin təhlili göstərir ki, Azərbaycanda demokratik proseslərin dönməz xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi də həlledici rol oynayır. "Güclü iqtisadiyyat - müstəqil və liberal dövlət\" prinsipini uğurla reallaşdıran respublikamızda hansısa "anarxist ssenari"nin gerçəkləşdirilməsi nəinki mümkünsüzdür, ümumiyyətlə, siyasi müzakirə predmeti deyildir. Bir sıra MDB respublikalarından fərqli olaraq, Azərbaycanda siyasi hakimiyyət sistemi sabit və uğurlu şəkildə idarə edilir. Hakimiyyət qolları arasında nəinki qarşıdurma meyilləri yoxdur, əksinə, onlar arasında konstruktiv əməkdaşlıq mövcuddur. Bütün bunlar güclü və səmərəli dövlətin əsas göstəriciləri olmaqla, ölkədə vahid dövlət siyasətinin həyata keçirilməsinin mühüm amili kimi qiymətləndirilir.

Şübhəsiz, respublikada demokratikləşmə proseslərinin dərinləşməsinə müsbət təsir göstərən mühüm amillərdən biri də qanunçuluğun bütün səviyyələrdə təminatına xidmət edən hüquqi islahatların uğurla davam etdirilməsidir. Əminliklə demək olar ki, mövcud siyasi kursun son parlament seçkilərində birmənalı ictimai dəstək almasını təmin edən mühüm amillərdən biri də son 7 ildə ölkədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, insan və vətəndaş hüquq-azadlıqlarının təmini, ədalət mühakiməsinin çevik və səmərəli təşkili məqsədilə atılan addımlar olmuşdur. Məhkəmə, ədliyyə, polis və prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi naminə qəbul edilən qanunların, imzalanan fərman və sərəncamların əsasında bir məqsəd dayanır - hər bir vətəndaşın qanuni mənafeyini, konstitusion hüquq və azadlıqlarını yüksək səviyyədə qorumaq! Keyfiyyətcə yeni mərhələdə hüquq sisteminin liberal iqtisadi islahatlara uyğunlaşdırmaq, habelə inkişafın sürətli tempi ilə əlaqədar vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsini yüksəltmək, bir sözlə, həllini gözləyən problemləri aradan qaldırmaq istiqamətində tədbirlər isə ardıcıl və davamlı səciyyə daşıyır.

 

İnsan inkişafına xidmət edən siyasət

 

Ölkədəki parlament seçkilərinin yekun nəticələrini şərtləndirən mühüm amillərdən biri də respublikanın ötən illərdə sosial-iqtisadi sahədə əldə etdiyi yüksək nailiyyətlərdir. Şübhəsiz, bu amil vətəndaşların parlament seçkilərilə bağlı qəti və prinsipial mövqeyinə təsir göstərmiş, ölkə vətəndaşları Azərbaycanda ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi inkişafı, insan və vətəndaş hüquq-azadlıqlarının qorunmasına etibarlı təminat yaratmış demokratikləşmə xəttini birmənalı şəkildə dəstəkləmişlər.

Təcrübə göstərir ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ötən 7 ildə hər iki təmayülə vəhdət şəklində yanaşmış, ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsində görmüşdür. Son illər ölkədə həyata keçirilən sosialyönümlü iqtisadi siyasət vətəndaşların maddi rifah halını yüksəltmiş, sosial infrastrukturun inkişafını, yoxsulluğun azaldılmasını, işsizliyin minimuma endirilməsini, qeyri-neft sektorunun yüksəlişini təmin etmişdir. Həmçinin iqtisadi sahədə keçid dövrünü yekunlaşdırmaq yönündə qəti, çevik addımlar atılmış, zəruri işlər görülmüşdür.

Bütün bunlar son seçkilərin nəticələrinə də təsir göstərmiş, vətəndaşlar mövcud siyasi kursun davamlılığında maraqlı olduqlarını nümayiş etdirmişlər. İnsan amilinin inkişafına xidmət edən bu siyasətin uğurlarını nüfuzlu beynəlxalq təşkilatlar da birmənalı etiraf edirlər. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatı bunu bir daha təsdiqləyir. Hesabata görə, Azərbaycan son 10 ildə insan inkişafı indeksinin orta illik tempinə görə keçmiş Sovet İttifaqı ölkələri arasında aparıcı dövlət olmuşdur. Respublikamız bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da arxada qoymağa müvəffəq olmuşdur. Belə ki, 2005-ci ildə bu siyahıda 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. Azərbaycan 2000-2010-cu illərdə postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstərici nümayiş etdirmiş, nəticədə "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur.

Bir müddət əvvəl BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatının Bakıda keçirilmiş təqdimat mərasimində dərin məzmunlu nitq söyləyən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev demişdir: \"Tarixi proseslər göstərir ki, dövlət hələ ki, fərdlərin öz potensiallarını inkişaf etdirməsi üçün yeganə və ən optimal institut olaraq qalır. Dövlətin müasir dövrün tələblərinə uyğun, universal dəyərlər əsasında fəaliyyəti bəşəriyyətin inkişafını səciyyələndirir. Yer kürəsi hər birimizin, hər bir vətəndaşın ümumbəşəri xəzinəsi və sərvətidir. Ona görə də dövlət ilk növbədə, məhz insan amilinin inkişafına xidmət etməli və onun gələcəyini düşünməlidir. Bu baxımdan BMT-nin təsis etdiyi inkişaf göstəricisi dünya ölkələrində mövcud vəziyyəti təhlil etmək, həyata keçirilən islahatların və tərəqqinin insan amilini nə dərəcədə nəzərə almasını aydınlaşdırmaq üçün çox önəmli bir mexanizmdir\".

Akademik Ramiz Mehdiyevin düzgün olaraq vurğuladığı kimi, Azərbaycanda dövlətin sosial sahəyə müdaxiləsi konsensus və kompromis fəlsəfəsinə əsaslanır, liberal demokratiyanın daha sağlam və möhkəm özül üzərində təşəkkülünü şərtləndirir. Bu gün Azərbaycanda bazar iqtisadiyyatının bəşəri prinsiplər əsasında fəaliyyəti təmin edilir. Bazar iqtisadiyyatı hər bir vətəndaşın ümumi sərvətlərdən bəhrələnməsinə, cəmiyyətdə gedən proseslərə inteqrasiyasına və fərdin kreativliyinin güclənməsinə xidmət edir.

Ölkədə insan amilinin inkişafını təmin edən əsas amillərdən biri də uğurla gerçəkləşdirilən investisiya layihələridir. Regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Bu müddət ərzində regionların da inkişafında mühüm rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası, şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi mühüm layihələr başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlanmış, Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilmişdir.

2003-2008-ci illərdə Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilmişdir. Lənkəranda yeni dəniz limanının inşası davam etdirilir. Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün 7-si regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Şirvan şəhərində, Şabran, Quba və Füzuli rayonlarında modul tipli elektrik stansiyalarının tikintisi davam etdirilir. Təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı bölgəsi və s. rayonlar təbii qazla təmin edilmişdir. Ümumilikdə, 2003-2008-ci illərdə regionlarda 1600 kilometrədək yeni qaz xətləri çəkilmiş, ölkədə qazlaşdırmanın səviyyəsi 85 faizə çatdırılmışdır.

Bütün bunlar deməyə əsas verir ki, dövlət investisiya siyasətinin başlıca məqsədi vəsaitləri sosial və iqtisadi cəhətdən zəruri, lakin özəl sektor üçün cəlbedici olmayan layihələrə yönəltməkdir. Ona görə də qarşıdakı illər özəl sektorun inkişafı üçün əhəmiyyətli olan Azərbaycanın infrastruktur sahələrinin sürətli inkişaf dövrü olacaqdır. 2010-2013-cü illərdə ölkənin mühüm infrastruktur obyektlərinin, o cümlədən, beynəlxalq magistral və daxili əhəmiyyətli yolların yenidənqurulması, içməli su və suvarma sistemlərinin bərpası və genişləndirilməsi, regionların qazla təminatının bərpası, kanalizasiya sistemlərinin bərpası üzrə investisiyaların həyata keçirilməsi nəzərdə tutulur.

2010-cu ilin ötən 9 ayının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev demişdir: "Bu ilin doqquz ayında sosial sahə ilə bağlı bütün məsələlər həllini tapıb. Sosial infrastrukturun yaradılmasına böyük investisiyalar qoyulubdur. Bu il 23 səhiyyə müəssisəsi təmir olunubdur, 59 məktəb və əlavə korpus, 3 regional olimpiya idman mərkəzi tikilibdir və "Kür" Olimpiya Tədris-İdman Mərkəzi bu yaxınlarda istifadəyə verilibdir. Bu proses davam etdirilir və gələn ilin büdcəsində əlbəttə ki, sosial infrastrukturun möhkəmlənməsi üçün əlavə tədbirlər görüləcəkdir".

 

"Güclü dövlət, yüksək rifah!"

 

Yeni Azərbaycan Partiyasının 7 noyabr seçkilərinin təşviqat mərhələsinə "Güclü dövlət, yüksək rifah" şüarı ilə getməsi də ümumən Prezident İlham Əliyevin yeritdiyi siyasətin mahiyyətindən irəli gəlmişdir. Məsələ bundadır ki, dövlət başçısının 2003-cü ildən yeritdiyi iqtisadi siyasət məhz vətəndaşların yüksək rifah halının təmini məqsədinə yönəlmişdir. Bu dinamik inkişaf isə ilk növbədə makroiqtisadi göstəricilərdə əksini tapır.

Dövlət büdcəsi hər bir dövlətdə davamlı iqtisadi inkişafın "barometri" sayılır. Azərbaycanın son beş ildəki büdcəsinə nəzər saldıqda, həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqini tapır. Məsələn, III çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirildiyi 2005-ci ildə Azərbaycanın dövlət büdcəsi cəmi 2 milyard 100 milyon manat idisə, 2011-ci il üçün bu rəqəm 12 milyard 61 milyon manat təşkil edəcəkdir. Ötən beş ildə Azərbaycanın valyuta ehtiyatları 7 dəfədən çox artaraq 28 milyard dollara yüksəlmişdir.

2011-ci ilin dövlət büdcəsi əhalinin maddi rifah halının yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, makroiqtisadi sabitliyin təmin olunmasını strateji məqsəd kimi müəyyənləşdirməklə yanaşı, davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir. Büdcə zərfinin məzmunu ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını, sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri nəzərdə tutur. 2010-cu illə müqayisədə 2011-ci ildə dövlət büdcəsi gəlirlərinin 2 milyard 45 milyon manat artımı da hökumətin fəaliyyətinin səmərəliliyi barədə kifayət qədər dolğun təəssürat formalaşdırır.

İqtisadiyyatın sürətli tərəqqisi və yeni iqtisadi münasibətlərin formalaşması kontekstində ölkədə sosial ədalətin bərqərar olunmasına da xüsusi diqqət yetirilir. Bu, ilk növbədə bərabər şansların və şərtlərin yaradılmasının təmin edilməsində öz ifadəsini tapır. Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsi layihəsində sosialyönümlülüyün prioritet təşkil etməsi - bu məqsədlə 33,3 faiz, yaxud cari illə müqayisədə 341,8 milyon manat çox vəsait ayrılması sosial məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir.

Ümumilikdə, ötən 5 ildə Azərbaycanda həyata keçirilən ən ciddi sosial layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının hazırlanması və həyata keçirilməsidir. Ünvanlı sosial yardım sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılmış, Milli Məclisdə "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikasının Qanunu hazırlanaraq qüvvəyə minmişdir. Hazırda təxminən 200 minə yaxın ailə və yaxud 800 minə yaxın vətəndaş dövlətin yaratdığı bu imkandan bəhrələnir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarı da mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ehtiyac meyarının həddi 2008-ci il yanvarın 1-dən 45 manat, iyulun 1-dən 55 manat, 2009-cu ilin yanvarın 1-dən 60 manat, 2010-cu il yanvarın 1-dən 65 manat məbləğində təsdiq edilmişdir.

Nazirlər Kabinetinin son iclasında vurğulandığı kimi, 2010-cu ilin ötən 9 ayında icra olunmuş dövlət büdcəsi xərclərinin 2 milyard 65 milyon manatı və ya 30,2 faizi sosialyönümlü tədbirlərin - təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrinin maliyyə təminatına sərf edilmişdir. Bu, 2009-cu ilin eyni dövrü ilə müqayisədə 124 milyon manat və ya 6,4 faiz çoxdur. Böhranla üzləşən bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan hökuməti sosial müdafiə tədbirlərini də diqqət mərkəzində saxlamışdır. 2010-cu ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası Prezidentinin imzaladığı silsilə sərəncamlarla 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, habelə hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları 10 faiz artırılmışdır. 394 min aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılmışdır. 14 minə yaxın şəhid ailəsi üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinə 50 faiz, 87 min nəfərdən artıq doktorant, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilmişdir.

Bütövlükdə, vətəndaş mənafeyini önə çəkən iqtisadi islahatların dərinləşdirilməsi, liberal dəyərlərin, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təminatı sisteminin təkmilləşdirilməsi Azərbaycan vətəndaşının firavan və xoşbəxt yaşayışını təmin etmişdir. Respublikamız qloballaşan dünyanın tərkib hissəsi kimi uğurla irəliləyir, yüksək iqtisadi inkişaf tempinə adekvat olaraq demokratik dəyərləri mənimsəyir. Bütün bunlar, şübhəsiz, vətəndaşların 7 noyabr parlament seçkiləri ilə bağlı qəti və prinsipial seçiminə birmənalı təsir göstərmiş, Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha nümayiş etdirmişdir.

Ölkənin ildən-ilə artan sosial-iqtisadi imkanları isə deməyə əsas verir ki, Azərbaycan modernləşmə mərhələsini də tezliklə başa vuraraq dünyanın inkişaf etmiş dövlətləri ilə eyni sırada dayanmaq imkanı qazanacaqdır.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2010.- 27 noyabr.- S. 6.