Sığorta-pensiya sistemindəki islahatlar əmək pensiyaçılarının etibarlı sosial müdafiəsini təmin edir

 

Əhalinin sosial müdafiəsinin iqtisadi inkişafın əsas məqsədi kimi müəyyən olunması və bu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizin bütün aztəminatlı təbəqəsinə, o cümlədən əmək pensiyaçılarına dövlət qayğısı ilbəil artmışdır. Ötən dövr ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin vaxtlı-vaxtında ödənilməsi ilə yanaşı, vətəndaşların sosial müdafiəsi ilə bağlı bir sıra digər mühüm tədbirlər həyata keçirilmişdir.

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlar nəticəsində aztəminatlı əhalinin sosial müdafiəsi sahəsində qurulan yeni sistem həm də pensiyaçılar və sığortaolunanlar haqqında avtomatlaşdırılmış müfəssəl məlumatların toplanmasına və idarə olunmasına istiqamətlənmişdir. Hazırda Dövlət Sosial Müdafiə Fondunun mərkəzi məlumat bazasında pensiyaçılar və sığortaolunanlar barədə müvafiq məlumatlar toplanmışdır. Fondun yerli şöbələrində müasir kompüter sistemləri qurulmuş, \"1 işçiyə - 1 kompüter\" prinsipi gerçəkləşmişdir.

Pensiya və müavinətlərin əhaliyə çatdırılması sahəsində bank infrastrukturundanelektron hökumət prinsiplərindən səmərəli istifadə olunmuşdur. Azərbaycanda pensiyaların 98,8 faizinın ödənişi plastik kartlarla həyata keçirilir ki, bu da dünyada ən şəffaf praktika hesab olunur. Hazırda pensiyaların təyinatının avtomatlaşdırılması sahəsində işlər sürətlə davam etdirilməkdədir. Bu prosesin başa çatdırılması ilə tam şəffaf sığorta-pensiya sisteminin fəaliyyəti təmin olunacaqdır.

Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsində də pensiyaların təyinatının avtomatlaşdırılması istiqamətində tapşırıqların icrası üçün müvafiq işlər görülməkdədir. Ayrı-ayrı sığortaolunanların 2006-2009-cu illərdə ödədikləri sığorta haqları barədə bəyannamələrin qəbulu yekunlaşmaq üzrədir.

Bununla yanaşı, \"Dövlət Sosial Sığorta Sistemində fərdi uçot haqqında\" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şöbədə fərdi uçotun tətbiqi ilə bağlı müəyyən işlər görülmüşdür. Şöbənin uçotunda olan 6673 nəfər hüquqi, 914 nəfər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, 3137 nəfər kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs, ümumilikdə 10724 nəfər sığortaolunan haqqında məlumatlar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçotun təşkili şöbəsinə təqdim olunmuş və həmin sığortaolunanlar üçün göndərilmiş Dövlət Sosial Sığorta Şəhadətnamələri onlara çatdırılmışdır.

Fondun Ağstafa rayon şöbəsinin müdiri Oqtay Məsmalıyev şöbənin əsas fəaliyyət istiqamətləri üzrə digər göstəricilərin də müsbət olduğunu bildirdi. Belə ki, cari ilin üç rübündə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 117,9 min manat, torpaq pay mülkiyyətçilərindən 3,3 min manat məcburi dövlət sosial sığorta haqqı toplanmışdır.

Cari il oktyabrın 1-nə olan tarixə şöbədə qeydiyyatda olub fəaliyyət göstərən hüquqi şəxslərin sayı 153, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 914, kənd təsərrüfatına yararlı torpaq sahəsi olan fiziki şəxslərin sayı 238 nəfər olmuşdur. 2010-cu ilin doqquz ayında 2 hüquqi, 344 nəfər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və 238 nəfər torpaq pay mülkiyyətçisi uçota alınmışdır. Sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı üzrə borclarının alınması üçün müvafiq addımlar atılmışdır.

O.Məsmalıyev qeyd etdi ki, hazırda şöbənin uçotunda 12496 nəfər əmək pensiyaçısı var. Onlardan 8842 nəfəri yaşa görə, 2460 nəfəri əlilliyə görə, 1194 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alanlardır. 2010-cu ilin doqquz ayında 70 nəfərə yaşa, 86 nəfərə əlilliyə, 30 nəfərə isə ailə başçısının itirilməsinə görə pensiya təyin olunmuşdur.

Məlumdur ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə pensiya və müavinətlərin artırılması istiqamətində görülən işlər daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, pensiyaların artırılmasına əhəmiyyətli dərəcədə təsir edən çoxsaylı fərman və sərəncamlar qəbul edilmişdir. \"Əmək pensiyalarının baza hissələrinin artırılması haqqında\" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli sərəncamı da bu qəbildən olan növbəti addımdır. Sərəncama əsasən, əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən artırılaraq 85 manat müəyyən edilmişdir. O.Məsmalıyev bildiri ki, rəhbərlik etdiyi şöbə tərəfindən dövlət başçısının sərəncamından irəli gələn vəzifələr vaxtında icra olunmuşdurAğstafa rayon şöbəsində qeydiyyatda olan əmək pensiyaçıları öz pensiyalarını artımla birlikdə vaxtında alırlar.

Fondun Ağstafa rayon şöbəsində qeydiyyatda olan pensiyaçıların öz əmək pensiyalarını rahat və şəffaf şəkildə alması üçün müvafiq tədbirlər görülmüşdür. Şöbədə uçotda olan əmək pensiyaçılarının hamısı pensiyalarını plastik kartlarla bankomatlar vasitəsilə alırlar.

Şöbədə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, onların ərizə və şikayətləri vaxtında araşdırılır və qanunamüvafiq cavablandırılır. Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması işinin təşkili yüksək səviyyədə həyata keçirilir. Bu məqsədlə şöbə mütəxəssisləri kütləvi informasiya vasitələri, eləcə də ərazilərdə vətəndaşlarla görüşlər keçirərək sığorta-pensiya sahəsində olan yeniliklər barədə məlumatlar verirlər. Bununla yanaşı, ayrı-ayrı yerlərdə məcburi dövlət sosial sığorta haqlarının normativləri barədə məlumatları əks etdirən lövhələr yerləşdirilir, ictimai etimadın artırılmasından ötrü Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti üzrə təbliğat işinin təşkili üçün məqsədyönlü işlər aparılır.

Hüquqi, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən və torpaq mülkiyyətçilərindən məcburi dövlət sosial sığorta haqlarının toplanmasında şəffaflıq və səmərəlilik artırılır. Ağstafa rayon şöbəsində qeydiyyatda olan bütün hüquqi və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqlarını yalnız banklar vasitəsilə ödəyirlər.

O.Məsmalıyev Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin bundan sonra da işini şəffaf qaydada quraraq əmək pensiyaçılarına yüksək səviyyədə xidmət göstərəcəklərini, nəzərdə tutulmuş proqnozun yerinə yetirilməsi, əhaliyə pensiyanın ödənişinin vaxtında həyata keçirilməsi üçün səylə çalışacaqlarını vurğuladı.

 

R.BAYRAMOV

 

Azərbaycan.- 2010.- 28 noyabr.- S. 5.